Azərbaycanın Zəfərini təmin edən Lider
İlham Əliyev xalqımızın üzləşdiyi ədalətsizliyə
və haqsızlığa sərkərdə qətiyyəti
ilə son qoydu
Artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinin bu gün başlamasının 34-cü ili tamam olur. 1988-ci il fevralın 22-də bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz bir savaş başlamışdı.
Lakin artıq biz münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə Dağlıq Qarabağ problemini milli maraqlarımız çərçivəsində həll etdi. Prezident İlham Əliyev 30 ildən artıq idi ki, üzləşdiyimiz ədalətsizliyə özünün düşünülmüş siyasəti və sərkərdə qətiyyəti ilə son qoydu.
Heydər Əliyev erməni məkrinin
qarşısını qətiyyətlə almışdı
1988-ci il fevralın 22-dən - Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəran yaxınlığında şəhid olduqları gündən Azərbaycan erməni separatizmi və terroru ilə üz-üzə qaldı. Respublikamıza qarşı ərazi iddiaları yeni müstəviyə qədəm qoydu. Əslində, bu məkrli planı düşmən çoxdan həyata keçirməyə çalışmış, müxtəlif müstəvilərdə buna cəhdlər göstərmişdir.
Hələ
ötən əsrin 40-cı illərində Ermənistanda gizli “Qarabağ komitəsi”
yaradılmışdı. SSRİ rəhbərliyinə hər
vasitə ilə təsir etməyə çalışan ermənilər
1945-ci ilin payızında Dağlıq
Qarabağı Ermənistana birləşdirmək məsələsini
sovet rəhbərliyi qarşısında
qaldırmışdı. Həmin ilin
noyabrında Moskvadan M.Bağırova
göndərilən məktubda bu məsələyə
onun rəyi istənilmişdi. Bu
iddiaların heç bir
elmi və tarixi əsasının
olmadığını bildirən M.Bağırov əhalisinin
əksəriyyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa,
Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinə
o şərtlə
razılığını vermişdi ki, müxtəlif dövrlərdə Ermənistana
və digər respublikalara verilmiş
tarixi Azərbaycan torpaqları geri qaytarılsın. Nə sovet
rəhbərliyi, nə də ermənilər buna
razı olmuşdu.
Ötən əsrin 50-ci illərinin ortalarında Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi bir daha qaldırıldı, Ermənistanda anti-Azərbaycan təbliğatı yenidən qızışdırıldı. Lakin ittifaq ərazisində 30-dan çox milli münaqişə ocağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa düşərək problemi Azərbaycanın xeyrinə həll etdi.
1958-ci ildə isə bütün ermənilərin katalikosu II Vazgen Bakıya səfər edərək Dağlıq Qarabağın Ermənistana verilməsini, Bakıda erməni ruhani seminariyasının açılmasını, Bakıdakı erməni kilsəsindən hər səhər zəng vurulmasını təklif etmiş, lakin rədd cavabı almışdı.
1960-cı illərin ortalarında Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan hərəkatı başladı. Qondarma “erməni soyqırımı”nın 50 illiyi, cəllad Andronikin 100 illiyi Ermənistanda geniş qeyd edildi və bu, öz doğma torpaqlarında yaşayan azərbaycanlıların daha da sıxışdırılmasına, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni millətçiliyinin açıq surətdə dərin kök salmasına yeni təkan verdi.
Bütün bu məsələlər hələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdən Heydər Əliyevin diqqət mərkəzində idi. Ona görə Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərliyə başladıqdan sonra Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürütdü. 1967-ci ildə DQMV ərazisində üç azərbaycanlının avtomobilin içində yandırılması nəticəsində başlayan milli qarşıdurma elementlərini büruzə verən separatizm qığılcımlarının nəticəsini əvvəlcədən görən Heydər Əliyev qətiyyətli addımlar atdı. Vilayət rəhbəri, şovinist V.Şahnazaryan başqası ilə əvəzləndi, hüquq-mühafizə orqanlarında ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi “erməni millətçiləri” adlı əməliyyat keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.
Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə almışdı. Lakin M.Qorbaçovun SSRİ-yə rəhbərliyindən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndən sonra, 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar keçirilməyə başlanıldı. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışdı. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı.
Hakimiyyət susur, xalq
etiraz edirdi
1988-ci ilin fevralından Xankəndidə Ermənistandan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gərginləşməsinə şərait yaradırdı. Elə bu ərəfədə İrəvandan “miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəldi və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarıldı. Kvorum olmadan keçirilən iclasda DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ Konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizm meyillərinin aydın təcəssümü idi.
1988-ci ildə erməni separatçılarının qısa müddət ərzində istədiklərinə nail olmalarının əsas səbəbi Moskvadan aldıqları genişyönümlü dəstək olsa da, rəsmi Bakının nümayiş etdirdiyi susqunluq və laqeyd münasibət məlum proseslərin nəzarətdən çıxmasını şərtləndirdi. Bakı rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər oldu. Hadisələrin ən qızğın vaxtında - fevral ayının 22-də Ağdamın minlərlə sakini Əsgəran üzərinə yürüşə çıxdı. Ağdam məhz həmin gün Qarabağ münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi.
Bütün bunlardan sonra DQMV ətrafında siyasi vəziyyət olduqca gərgin idi. 1988-ci ilin may ayında eyni gündə Azərbaycan və Ermənistan kommunist partiyalarının qurultayları keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin katibləri olan Yeqor Liqaçovla Aleksandr Yakovlev iştirak etdilər. Y.Liqaçov Bakıda bəyan etdi ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirdi ki, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşan rəsmi Moskva Qarabağı Ermənistanın tərkibində görür. Eyni gündə qarşı duran tərəflərə belə “tərəfkeşlik” etməklə M.Qorbaçov və erməni lobbisinin digər qulları nəticədə münaqişəni hərbi müstəviyə keçirdilər. 1988-ci ilin sonlarından isə Ermənistandakı azərbaycanlıların kütləvi deportasiyası başladı.
1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlar, soyqırımlar törədən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Güclü himayəçilərinə arxalanan ermənilər, həm də müstəqilliyimizin ilk illərində hakmiyyətdə olan qrupların səbatsızlığından və xəyanətindən istifadə edərək Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdilər.
Dağlıq Qarabağ
münaqişəsi artıq tarixə qovuşub
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycan ərazisi kimi tanımış və sonrakı dövrdə ayrı-ayrı təşkilatların qəbul etdiyi sənədlərdə bu amil təsbit olunmuşdu. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün təsis edilmiş ATƏT-in Minsk qrupu bu illər ərzində bir dəfə də olsun qətiyyətli və obyektiv mövqe ortaya qoymadı. Hətta 1993-cü ildə BMT tərəfindən qəbul edilmiş 4 qətnamənin icrası da Ermənistandan tələb edilmədi.
Bütün bunlara rəğmən Azərbaycan hər zaman ləyaqətlə davrandı. Ermənilərin tarixi torpaqlarımıza qarşı əsassız iddialarının ATƏT-in Minsk qrupu tərəfindən ciddi-cəhdlə müdafiə olunması fonunda gedən bu prosesdə dövlətimizin maraq və mənafelərinin, xalqımızın milli heysiyyətinin tapdalanmasına imkan verilmədi. Təsadüfi deyildir ki, Azərbaycanın hələ indiki qədər güclü olmadığı bir vaxtlarda Ulu Öndər Heydər Əliyev müdrikcəsinə danışıqlar prosesində respublikamızın milli mənafeyinin təmin edilməsinə nail olmuşdu.
Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı kimi Prezident İlham Əliyevin 2003-cü ildən sonra həyata keçirdiyi fəaliyyət Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Prezident İlham Əliyevin fəaliyyətində əsas prioritet isə torpaqlarımızın işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi idi. İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən danışıqlar prosesinə tərəfdar olmaqla yanaşı, ərazilərimizin işğaldan azad olunması istiqamətində kompleks fəaliyyət strategiyası müəyyən etdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat tariximizə Vətən müharibəsi kimi düşən savaşa yol açdı. Şanlı ordumuz elə həmin gün başlatdığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Savaşın ilk günündən bütün dünya Azərbaycanın gücünü, ordumuzun yüksək döyüş əzmini gördü. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi.
Həmin il noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Şuşanın işğal olunduğu və eyni gündə azad edildiyi - noyabr ayının 8-i tariximizə Zəfər Günü kimi həkk olundu. Bu qələbə Azərbaycanın son əsrlərdəki ən böyük zəfəri oldu. Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi.
Təcavüzə son qoyulmasından sonra xalqımız gördü ki, bu strategiyanın reallaşması istiqamətində Prezident İlham Əliyev 2003-2020-ci illərdə necə müdrik və çoxşaxəli siyasət yürüdüb. Azərbaycanın inkişafı və yüksəlişi isə bu strategiyanın əsas tərkib hissəsidir. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsini təmin etməklə, Azərabycanın iqtisadi inkişafına, maliyyə imkanlarının çoxalmasına nail olmaqla, Ermənistanı iqtisadi blokada vəziyyətinə salmaqla, həm də ərazi bütövlüyümüzün təmin edilməsi üçün münbit zəmin formalaşdırdı və Vətən müharibəsində xalqımızın Zəfərini təmin etdi.
Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdə - fevralın 22-də bu barədə qələbə ovqatı ilə söz açırıq. Həm də “Dağlıq Qarabağ münaqişəsi” deyilən ifadə də artıq leksikondan çıxıb. Azərbaycana böyük zəfər yaşadan Qalib Sərkərdə İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bu anlayışı da aradan qaldırdı.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 22 fevral.- S. 3.