Nümunəyə çevrilən missiya

 

Vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin mükəmməl idarəçiliyin təmin olunması ilə bağlı həyata keçirdiyi islahatlarının təzahürü idi.

Dövlət idarəçiliyində funksional vahid kimi yeni təsisatın yaradılması həm də Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətiydi. Dövlət başçısının 2017-ci il fevralın 21-də imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması isə müasir tariximizin əlamətdar siyasi hadisəsinə çevrildi.

Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri kimi önəmli fəaliyyət istiqamətləri və yüksək idarəçilik təcrübəsi Mehriban xanım Əliyevanın uğurlarını şərtləndirən, eyni zamanda xalqın rəğbətini qazanmağa əsas verən amillərdir.

Bütün bunlar həm də onu göstərir ki, Birinci vitse-prezident təyin olunana qədər Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün çoxspektrli fəaliyyət həyata keçirib. Xüsusilə qeyd edilməlidir ki, Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq daim onun fəaliyyət sahəsinin ana xəttini təşkil edib.

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Birinci vitse-prezidentin misilsiz xidmətləri var. Çünki Mehriban Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasının səlahiyyətli təsisatına çevrilib. Bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın humanitar missiyası və təşəbbüskarı olduğu mədəni sahədə layihələr Azərbaycanı dünyaya tanıtdırıb. Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın maddiqeyri-maddi irsinin, xalqımızın yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün keçirilən təqdimatlar, sərgilər və tədbirlər cəmiyyətimizin dərin rəğbəti ilə qarşılanıb. Bu tədbirlər sayəsində həm də ölkəmizin nüfuzu artıb, Azərbaycanın güclü dövlət olduğu dünyaya nümayiş etdirilib.

Məhz  Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib. Bu çərçivədə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.

Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunmuş, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Bu baxımdan 5 il öncə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalqımızın dərin rəğbəti ilə qarşılandı.

Cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa davamlı olaraq böyük səy göstərən Mehriban Əliyevanın Birinci vitse-prezident kimi də fəaliyyətində sosial məsələlər prioriet təşkil edir. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdi. Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlillərinə diqqət və qayğı da Mehriban Əliyevanın xüsusi diqqətindədir.

Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı Mehriban Əliyevanın nəcib missiyasının təcəssümü idi. Vətən müharibəsində isə Azərbaycan ictimaiyyəti bir daha Mehriban Əliyevanın yüksək vətənpərvərlik hisslərinə malik olduğunu gördü.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür.

Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələr deməyə əsas verir ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlət idarəçiliyində səmərəliliyi və çevikliyi artırıb. Nümunəyə çevrilən bu missiya dövlət idarəçilik sisteminə müasirlik qatıb, peşəkarlıq amilinin aktuallığını yüksəldib.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.- 2022.- 22 fevral.- S. 4.