Azərbaycanın energetika naziri Qətərdə bir sıra görüşlər keçirib

 

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə qlobal qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika naziri bildirib ki, Azərbaycan XXI əsrin ən nəhəng layihələrindən birini - Cənub Qaz Dəhlizini reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarından bəhs edib.

Bildirilib ki, dəhlizin əsas resurs mənbəyi olan “Şahdəniz” yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilibbu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur. Təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları da nəzərə aldıqda Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük imkanlar var. Ölkəmiz bundan sonra da regionalqlobal enerji təhlükəsizliyinin təminatında səylərini, həmçinin forum ilə əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır.

Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaq. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd olunub.

GECF-in Baş katibi Azərbaycanın qaz təchizatının dayanıqlığında rolunu qeyd edərək, ölkəmizin forumun mühüm iştirakçılarından biri olduğunu bildirib. O, həmçinin Azərbaycan Prezidentinin “OPEC+” formatının yaradılması prosesinə töhfələrini yüksək qiymətləndirib.

Nazir, həmçinin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb. Görüşdə qoyuluş gücü 550 MVt-dək olan qaz-turbin, eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 100 MVt-lıq gücdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpa olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb.Nebras Power” şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbi üçün fürsətlər yaratdığı qeyd edilib.

 

Azərbaycan.- 2022.-22 fevral.- S.5.