Ermənistanda sosial-iqtisadi böhran milli fəlakətə çevrilir

 

 

Bu ölkədə qiymətlərin durmadan bahalaşması cəmiyyətdə getdikcə daha böyük narazılıq yaradır

 

 

 

Son illərin təhlili Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha ağır vəziyyətə düşdüyünü, ölkədə insanların böyük məhrumiyyətlər içində yaşamağa məcbur olduğunu göstərir.

Bu vəziyyətdən xilas olmaq üçün isə mövcud Ermənistan hakimiyyəti tərəfindən əhaliyə hansısa inandırıcı perspektiv vəd edilmir. Bütün bunlar isə Ermənistan iqtidarı ilə əhali arasında daha böyük uçurumun yaranmasıyla müşayiət olunur.

Ölkədə vəziyyətin davamlı şəkildə pisləşməsini əslində rəsmi qurumların özləri etiraf edirlər.

Ermənistan Statistika Komitəsi 2021-ci ilin sosial-iqtisadi sahədə ilkin göstəricilərini dərc edib. Məlum olub ki, ölkədə 2021-ci ildə iqtisadi artım 5,8 faiz təşkil edib hazırda ÜDM göstəricisi yoxdur.

2020-ci ildə Ermənistanda iqtisadi azalma 7,5 faiz olub. Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2018-2021-ci illərdə 11,4 faiz artıb ya illik 2,85 faiz artım tempinə malik olub. Bu isə Ermənistanda 1994-cü ildən bəri ən pis tempdir.

2021-ci ildə dövlət büdcəsinin gəlirləri 2020-ci illə müqayisədə 7,9 faiz artaraq 1684 milyard dram təşkil edib. Bununla belə, gəlir artımının 91 faizi inflyasiya (inflyasiya 7,2 faiz) hesabına olub. Normal şəraitdə büdcə artımı 13 faiz (7,2+5,8) olmalı idi.

Dövlət büdcəsinin xərcləri ilə bağlı daha biabırçı vəziyyət qeydə alınıb. 2021-ci ildə bu xərclər 1988 milyard dram təşkil edib ki, bu da 2020-ci illə müqayisədə cəmi 4,9 faiz çoxdur. 2021-ci ildəki 7,2 faiz inflyasiyanı nəzərə alsaq, 2021-ci il büdcəsinin real xərclərinin 2020-ci illə müqayisədə 2,3 faiz azaldığı məlum olur. Bütün bunların fonunda Ermənistan hökumətinin nəyi təriflədiyi məlum deyil. Büdcənin real gəlirlərinin azalması iqtisadi artımın strukturu ilə bağlıdır. Bir il ərzində Ermənistanın dövlət borcu 265 milyard dram (demək olar ki, 550 milyon dollar) artıb. Ermənistan son 28 ildə dövlət borcunu aşağı salmağa (azaltmaq) malik olmayıb.

Ermənistanda son aylarda müxtəlif sahələr üzrə qiymətlərin durmadan bahalaşması cəmiyyətdə böyük narazılıq yaradıb. Əhaliyə satılan təbii qazın qiymətinin artmasından sonra digər sahələrdə də analoji halın yaşanacağına dair verilən proqnozlar özünü doğrultmaqdadır. Məsələn, getdikcə iqtisadi vəziyyəti iflic halına düşən Ermənistanda son vaxtlar suqazla yanaşı, ictimai nəqliyyatda gediş haqqının qaldırılması da böyük narazılıqla qarşılanıb. Böhran məngənəsində boğulan Ermənistanda çörəyin və un məmulatlarının qiymətinin bahalaşması onsuz da vəziyyəti ağır olan əhalinin ciddi narazılığına səbəb olub. Bundan əlavə, qarabaşaq, makaron məhsulları, düyü, manna yarması və uşaq qidalarında da qiymət artımı var.

Bunların fonunda əhali isə çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görür. Məsələn, açıqlanan rəqəmlərdə qeyd olunur ki, Ermənistanı 2021-ci ildə 73571 ölkə vətəndaşı tərk edib. 2021-ci ilin yanvar-sentyabr aylarında Ermənistanda 2020-ci ildəki 226 min əvəzinə orta hesabla 182 min işsiz qeydə alınıb. Məsələ burasındadır ki, həmin dövrdə işləyənlərin (işçilərin) sayı 998 min nəfərdən 981 min nəfərə qədər azalıb. Hazırda Ermənistanda işsizlik yerlərinin açılması hesabına yox, işsizlərin ölkədən sıxışdırılması hesabına azalır. Ölkədə işsizlik səviyyəsinin kəskin artması şəraitində belə işsiz olanların qeydiyyatdan keçmə sayı artmağa doğru davam edəcək.

2021-ci ildə ölkədə nominal əməkhaqqı 7,6 faiz, qiymətlər isə 7,2 faiz artıb. Belə çıxır ki, işçilərin real gəlirlərində cəmi 0,4 faiz artım olub. Bundan əlavə, orta real gəlirlərdən danışarkən pensiya, müavinət və digər sahələrdə azalma, əslində, daha böyükdür.

Banklarda isə vəziyyət çox acınacaqlıdır. İl ərzində Mərkəzi Bankın ehtiyatları təxminən 200 milyon dollar azalıb. 2021-ci ilin sonunda iqtisadiyyata kredit verilməsi məhdudlaşdırılıb. 2021-ci ilin mart-dekabr aylarında kommersiya bankları tərəfindən verilən kreditlərin həcmi 150 milyard dram azalıb.

Beləliklə, proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2022.- 12 fevral.- S.1;7.