Azərbaycan ilə İspaniya arasında möhkəm dostluq münasibətləri yüksələn
xətt üzrə inkişaf edir
Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
ilə İspaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi münasibətilə mətbuat
açıqlaması yayıb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata görə, açıqlamada
fevralın 11-də Azərbaycan Respublikası ilə
İspaniya Krallığı arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyinin tamam olduğu qeyd edilib.
Bildirilib ki, ötən 30 il ərzində Azərbaycan ilə İspaniya arasında qurulmuş dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və digər sahələri əhatə edir.
Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.
Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.
İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə verməkdədir.
“Azərbaycan ilə İspaniya arasında diplomatik
əlaqələrin qurulmasının 30 illiyi
münasibətilə İspaniya hökumətinə
və xalqına səmimi təbriklərimizi
çatdırır və ölkələrimiz arasında
qarşılıqlı faydalı əməkdaşlığın
bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi
ifadə edirik”, - deyə
açıqlamada vurğulanıb.
Azərbaycan.-2022.- 12 fevral.- S.3.