Prezident İlham
Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla
çıxış ediblər
Fevralın 22-də Moskvada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla
çıxış ediblər.
Prezident Vladimir
Putinin bəyanatı
- Hörmətli İlham Heydər
oğlu! Xanımlar və cənablar!
Azərbaycan
Respublikasının Prezidenti ilə birgə indicə bizim tərəfimizdən
imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə
dövlətlərarası münasibətlərimizin keyfiyyətcə
yeni səviyyəyə keçidi ilə əlamətdardır. Bu strateji sənəd
apardığımız danışıqların mərkəzi
elementi və əsas yekunudur.
Müttəfiqlik
qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin
Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin
30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi
xarakter daşıyır. Ötən onilliklər
ərzində Rusiya-Azərbaycan əməkdaşlığı
nəzərəçarpacaq dərəcədə möhkəmlənib
və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə
çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə
zənginləşib. Biz, sözsüz ki,
möhkəm dostluq, mehriban qonşuluq,
qarşılıqlı hörmət və bir-birinin
maraqlarının nəzərə alınması ənənələrinə
əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik
münasibətlərini bundan sonra da hərtərəfli inkişaf
etdirmək əzmindəyik.
Bu gün ikitərəfli
gündəlikdə duran aktual məsələlərin
bütün kompleksi ətraflı nəzərdən
keçirildi.
Biz hər şeydən əvvəl
qarşılıqlı ticari-iqtisadi əlaqələrin
artırılması imkanlarını və perspektivlərini
müzakirə etdik. Qeyd edim ki, 2021-ci ilin yekunlarına
görə, qarşılıqlı əmtəə
dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard
dollara çatıb, qarşılıqlı kapital
qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil
edir.
Rusiya-Azərbaycan hökumətlərarası
komissiyası tezliklə növbəti iclasını
keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı
və bir sıra sahələrdə kooperasiyanın
inkişafı üzrə imkanların öyrənilməsi
üçün Azərbaycana Rusiya işgüzar
missiyalarını göndərməyi planlaşdırırıq.
Rusiyanın biznes
strukturları elektroenergetika sahəsində Azərbaycan ilə
əməkdaşlıqda maraqlıdırlar, Azərbaycan
elektrik şəbəkələrinin modernləşdirilməsinə,
həmçinin bərpaolunan enerji mənbələri sahəsində
olan layihələrə qoşulmağa hazırdırlar.
Sənayedə də səmərəli
tərəfdaşlıq qurulub. Ötən il
kommersiya və xüsusi təyinatlı avtomobillərin
istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmaş”ın
müştərək zavodu açılıb. Rusiyanın
iştirakı ilə Azərbaycan dəmir yollarının və
Bakı metropoliteninin qatarları texniki cəhətdən yenilənir.
Azərbaycanda “KamAZ” birgə servis mərkəzi
tikilir.
Ölkələrimizin maliyyə
sahəsində qarşılıqlı fəaliyyətini
bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı
hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və
Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının
ötürülməsi sisteminə qoşulması
şübhəsiz ki, buna kömək edə bilərdi.
Rusiya və Azərbaycan
arasında tibb və əczaçılıq sahəsində əməkdaşlıq
aktivləşib. Ölkələrimiz koronavirus
infeksiyasının yayılmasına qarşı mübarizədə
tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət
göstərirlər. Pandemiyanın ən
kəskin dövründə Rusiyanın aparıcı tibb
müəssisələrinin mütəxəssis briqadaları
azərbaycanlı həkimlərə köməyə göndərilib.
Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü
təşkil olunub.
Humanitar sahədə də əməkdaşlıq
ənənəvi olaraq yüksək səviyyədədir. Bu günlərdə Moskvada
Azərbaycan Günlərinə start verilib. Bu tədbir
çərçivəsində sərgilər, konsertlər, ədəbi
qiraət və digər parlaq mədəni tədbirlər təşkil
olunacaq. Öz növbəsində,
martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin
növbəti Forumu keçiriləcək.
Biz respublikada rus dili və mədəniyyətinin
dəstəklənməsi və təşviqinə görə
Azərbaycan rəhbərliyinə minnətdarıq. Xatırladım ki, ölkədə
rus dilinin tədris olunduğu 300-dən çox məktəb,
ali məktəblərin əksəriyyətində
rusdilli fakültələr fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində
xatırlatdı ki, məktəblərin sayı 300 deyil,
340-dır. Biz bunu izləməyə və
saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür
edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən
artıq azərbaycanlı tələbə, o cümlədən
1000-dən çoxu federal büdcə vəsaitləri
hesabına təhsil alır.
Təbii ki, Azərbaycan və
Ermənistan arasında münasibətlərin
normallaşdırılması məsələlərinə
xüsusi diqqət yetirdik. Bildiyiniz kimi, dünən
Ermənistanın baş naziri ilə mənim telefon
danışığım olub. Azərbaycan, Ermənistan
və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün
üçtərəfli razılaşmalarının tam həcmdə
icrasının vacibliyi təsdiq edilib.
Fikrimizcə vacib olan odur ki,
indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil
olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə
qayıdıb. Təsərrüfat
infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni
obyektlərin mühafizəsi üzrə praktik məsələlər
həll olunur.
Rusiya sülhməramlı
kontingentinin fəaliyyətinə və bütövlükdə
Dağlıq Qarabağ ətrafındakı vəziyyətin
sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan
tərəfdən yüksək qiymət verilib. Bizim sülhməramlılar
vəziyyətin gecə-gündüz monitorinqini aparır və
atəşkəs rejiminin dəstəklənməsini təmin
edir, minalardan təmizlənmə işləri aparır,
humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə
kömək göstərirlər. Rusiyalı
hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər,
o cümlədən Rusiya preparatları ilə vaksinləmə
həyata keçirirlər.
Regionda bütün iqtisadi, nəqliyyat
əlaqələrinin tezliklə açılmasına bundan
sonra da kömək göstərmək barədə
razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan
arasında və regionun digər ölkələri ilə sərnişin
və yük daşımalarının tam həcmdə bərpasından,
ticarət, sənaye, kənd təsərrüfatı,
infrastruktur kimi sahələrdə konkret birgə layihələrin
icraya hazırlanmasından gedir. Bu prosesin
bütün iştirakçıları – bilavasitə Azərbaycan
və Ermənistan, əlbəttə ki, Ermənistanın və
Azərbaycanın bütün qonşuları bunda
maraqlıdırlar.
Daha bir prioritet məsələ
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və
demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən,
yuxarıda adları çəkilən bütün hədəf
və məsələlərə nail olmaq üçün
çox iş görüb və görəcək. Əlbəttə ki, hər hansı mübahisəli
məsələlərə, o cümlədən sərhəd
məsələlərinin nizamlanmasına hər cür
yardım göstərməyə davam edəcək, mövcud
olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.
Ümumiyyətlə,
bugünkü danışıqlar aydın göstərdi ki,
Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin
təminatında, bütün Avrasiya məkanında inteqrasiya
proseslərinin inkişafında Rusiya və Azərbaycanın
ümumi maraqları var.
Sonda İlham Heydər
oğluna bu gün məhsuldar birgə işə görə
minnətdarlığımı bildirmək istərdim. Əminəm
ki, bu gün əldə olunan razılaşmalar iki ölkə
naminə Rusiya-Azərbaycan münasibətlərinin
bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə
xidmət edəcək.
Diqqətinizə görə
təşəkkür edirəm.
Prezident İlham
Əliyevin bəyanatı
- Hörmətli Vladimir
Vladimiroviç.
İlk növbədə,
Rusiyaya rəsmi səfərə dəvətə görə
Sizə təşəkkürümü bildirmək istərdim. Mən yenidən
Moskvada olmağıma çox şadam. Bizim
görüşlərimiz müntəzəm xarakter
daşıyır. Təxminən
üç ay bundan əvvəl də görüşdük və
ikitərəfli gündəliyə, regional problemlərə
aid mühüm məsələləri müzakirə etdik.
Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin
inkişafının dinamik xarakter daşımasına parlaq
sübutdur. Rusiya ilə Azərbaycanı
çoxəsrlik dostluq, mehriban qonşuluq telləri
bağlayır. Vladimir Vladimiroviçin
qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə
yeni səviyyəyə çatıb.
Ölkələrimiz
arasında çox geniş müqavilə-hüquq bazası
vardır, 245 sənəd imzalanıb. Lakin onların
arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət
kəsb edir. Bu Bəyannamə bizim
münasibətlərimizi müttəfiqlik səviyyəsinə
çıxarır. Bu, həm böyük
imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq
potensialını artırmaqla, səmimiyyətə, mehriban
qonşuluğa, praqmatizmə, qarşılıqlı
maraqların nəzərə alınmasına əsaslanan
münasibətlər qurmaqla gəlib çatmışıq.
Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə üzərində praktiki iş bir
ildən bir qədər artıq bundan əvvəl
başlanıb. Bu müddətdə ölkələrimizin
müvafiq ekspert qrupları tərəfindən 43 bənddən
ibarət olan və praktiki olaraq fəaliyyətimizin
bütün əsas sahələrini əhatə edən
çox geniş sənəd razılaşdırılıb.
Bəyannamənin birinci bəndində deyilir ki,
tərəflər öz münasibətlərini müstəqilliyə,
dövlət suverenliyinə, ərazi bütövlüyünə,
sərhədlərin toxunulmazlığına
qarşılıqlı hörmət və bir-birinin daxili
işlərinə qarışmamaq əsasında quracaqlar.
Bu bənd bizim münasibətlərimizin
xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər
zamanın sınağından çıxıb və
artıq dediyim kimi, dostluq hisslərinə,
qarşılıqlı maraqlara və gələcəyə
yönəlməyə əsaslanır. Ona
görə ki, bu sənəd təkcə çoxillik birgə
işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək
üçün böyük perspektivlər açır.
Biz qarşılıqlı siyasi fəaliyyəti
artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq
qurumlarda dəstəkləyəcək,
qarşılıqlı ticarətin həcmini artıracaq və
gündəlikdəki bütün məsələləri həll
edəcəyik.
Bu gün biz 5 saatdan çox
Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə
bizim əlaqələrimizin nə qədər sıx və səmimi
olmasının göstəricisidir. Biz əminik
ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır.
Vladimir Vladimiroviç əmtəə
dövriyyəsinin əhəmiyyətli dərəcədə
artmasını qeyd etdi. Əminəm ki, bu müsbət
meyillər bu il daha da artacaq.
Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik
münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə
ilə yaxınlaşırıq.
Qarşılıqlı investisiyaların
artırılması işində çox ümidverici imkanlar
var. Bu gün biz nəqliyyat sahəsində, özü də
təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət,
yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli,
regional formatda əməkdaşlığın dərinləşdirilməsi
imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3”
deyilən əməkdaşlıq platforması mövcuddur.
Əminəm ki, bu platformanın
iştirakçıları olan tərəflər ilk
addımı atandan sonra, o cümlədən bu sahədə də
əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların
açılması məsələsi də müzakirə
edildi və düşünürəm ki, bu məsələnin
çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi,
humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi
qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə
təşəkkür edirəm. Bu sahə
həmişə prezidentlərin diqqət mərkəzindədir.
Biz demək olar ki, bu sahənin inkişafına müvafiq
impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı
tələbələrin sayı və təhsilin rus dilində
olduğu məktəblərin sayı barədə Vladimir
Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır,
onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək
istərdim ki, Azərbaycanda ali məktəblərin
rus bölməsində 15 mindən çox tələbə təhsil
alır və rus dilində təhsilə maraq artır. Ölkəmizdə
Moskva Dövlət Universitetinin, Seçenov adına
Tibb Akademiyasının filialları fəaliyyət göstərir
və biz əməkdaşlıq potensialını artırmaq
niyyətindəyik.
Biz bu il Bakı
Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa
etməyi planlaşdırırıq. Rusiya və
Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən
və keçiriləcək Forumda pandemiya səbəbindən
fasilə yaranmışdı. Bu gün biz
işğaldan azad edilmiş ərazilərdə aparılan
işlərdə Rusiya şirkətlərinin iştirakı
ilə bağlı məsələləri də müzakirə
etdik, bu işə böyük maraq var. Bu günə qədər
artıq Rusiya şirkətlərindən 14 sifariş
alınıb və biz həmin sifarişləri diqqətlə
nəzərdən keçiririk. Hesab edirəm
ki, bu sahə bizim əməkdaşlığımızın
yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı
olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin
səviyyəsini artıracaq.
Əlbəttə, bu gün
biz regionda münaqişədən sonrakı vəziyyəti də
ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan
arasında müharibənin başa çatmasında və
münaqişədən sonrakı dövrdə nizamlama səylərində
roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir
Vladimiroviç Putinə təşəkkür edirik. Hesab
edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, -
qarşıdurma, Azərbaycanın üzləşdiyi
böyük itkilər şəraitində bir ildən bir qədər
çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan
ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan
və Ermənistanın Baş nazirlərinin müavinləri
səviyyəsində işçi qrup, habelə Rusiya,
Türkiyə, İran, Azərbaycan və Ermənistanın
daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə,
bu, artıq bizim niyyətlərimizin göstəricisidir.
Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi
9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin
bütün erməni silahlı qüvvələrinin Azərbaycan
ərazisindən çıxarılması, habelə Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası
arasında kommunikasiyaların açılması barədə
bütün bəndləri tamamilə yerinə yetirəcək.
Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf
ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir
Vladimiroviç Putin müharibənin başa
çatmasında, nizamlamanın qaynar fazadan siyasi nizamlama
fazasına keçməsində mühüm rol oynayıb.
Bu gün Rusiya Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin normallaşması
üçün yollar axtarışında bizim əsas tərəfdaşımızdır.
Bunun üçün imkanlar var. Azərbaycan
sülh müqaviləsi üzərində işə
başlamağa hazır olduğunu dəfələrlə bəyan
edib. Bu müqavilə öz aralarında
münasibətləri tənzimləmək istəyən hər
hansı ölkələr üçün zəruri olan sərhədlərin
dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri
də əhatə edəcək.
Mən əminəm, regionda
yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək
əzmindədir. Bizə müharibə
lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi
bütövlüyünün hərbi yolla bərpa olunması
məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə
bu məsələni siyasi metodlarla həll etməyə
hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir.
Mən əminəm ki, Rusiya və Azərbaycan birgə səyləri
ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya
məkanında əməkdaşlığın möhkəmləndirilməsi
işinə bundan sonra da sanballı, mən deyərdim, həlledici
töhfə verəcəklər.
Hörmətli Vladimir
Vladimiroviç, dəvətə, qonaqpərvərliyə
görə Sizə bir daha təşəkkür edirəm.
Fürsətdən istifadə edib Rusiyanın dost, müttəfiq
xalqına yeni uğurlar və yeni nailiyyətlər arzu etmək
istərdim.
Prezident Vladimir Putin: Sağ olun.
Azərbaycan.- 2022.- 23 fevral.- S.3-4.