Şəhidin barelyefi açılıb

 

 

Gəncədə Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn Seyidzadə Mirhüseyn Miryunis oğlunun barelyefinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, şəhid ailələri, qazilər, Mirhüseyn Seyidzadənin oxuduğu məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinin yad edilməsi ilə başlayıb. Sonra şəhidin barelyefi üzərindəki örtük götürülüb, önünə tər gül dəstələri düzülüb.

Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz işğalçı Ermənistanı diz çökdürdü, möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Vətən uğrunda canını fəda edən şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır.

Çıxışlarda uşaqlıqdan Vətənə, torpağa bağlı olan Mirhüseyn Seyidzadənin keçdiyi döyüş yolundan, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışılıb. Qeyd edilib ki, bu gün doğum günündə əziz xatirəsi yad olunan Mirhüseyn ailənin tək övladı idi. Qəhrəman şəhid 44 günlük Vətən müharibəsi dövründə yoldaşları ilə birgə

14 gün müddətində düşmənə ağır zərbələr endirib. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Vətən müharibəsində Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirhüseyn Seyidzadə ölümündən sonra “Vətən uğrunda” medalı, “İkinci dərəcəli Vətənə xidmətə görə” ordeni,  3-cü dərəcəli “Rəşadət” ordeni, Cəbrayılın, Qubadlının, Laçının azad edilməsinə görə medalları ilə təltif edilib.

 

 

Azərbaycan.-2022.- 12 fevral.- S.5.