Moldova Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlıdır

 

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Moldova parlamentinin sədrini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova qonağın Azərbaycana ilk rəsmi səfərinin uğurlu olacağına inamını ifadə edib. Milli Məclisin sədri hər iki ölkənin müstəqillik yoluna və tarixinə nəzər salıb. O, müstəqillik dövründə Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın fəaliyyətindən, siyasiiqtisadi münasibətlərin inkişafından söz açıb.

Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb, bu sənədlərin əhatə dairəsinin genişləndirilməsi üçün daha böyük potensialın olduğunu vurğulayıb. Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionun lider dövləti kimi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət həyata keçirir.

Moldovanın Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhəddə yerləşən dövlət olduğunu qeyd edən Sahibə Qafarova Azərbaycanın Aİ ilə münasibətləri barədə danışıb. Diqqətə çatdırıb ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Hazırda ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir.

Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib. O bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla davam edirbu qurumlarda deputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yeni reallıq yaranıb. Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. Qeyd edilib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızı, kəndlərimizi, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb, talan edib. Həmin ərazilər, sözün həqiqi mənasında, Xirosimanı xatırladır.

Milli Məclisin sədri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə danışaraq qeyd edib ki, münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhünsabitliyin təmin olunmasında maraqlıdır, bu istiqamətdə lazımi addımlar atır. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə Beynəlxalq Hava Limanı fəaliyyətə başlayıb. O, Moldova parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəyini xatırladaraq deyib ki, nümayəndə heyəti səfər zamanı həm Ermənistanın işğalçılıq siyasətinin faciəvi nəticələrini, həm də Azərbaycan tərəfindən həyata keçirilən böyük quruculuq və yenidənqurma işlərini öz gözləri ilə görəcək.

Söhbət zamanı Milli Məclisin sədri Qarabağın tezliklə Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəmizə səfərə dəvətə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. Qonaq ötən il Afinada Avropa Parlament Sədrlərinin Konfransı çərçivəsində Milli Məclisin sədri ilə görüşünü xatırlayaraq Moldovanın Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili tamam olurbu amil münasibətlərimizdə yeni yüksəliş üçün yaxşı platformadır.

İqor Qrosu ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcəyini vurğulayıb. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa və quruculuq işləri barədə məlumatlı olduğunu vurğulayaraq, həmin ərazilərə nəzərdə tutulan səfərin həyata keçirilən layihələrlə tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Moldova parlamentinin sədri, həmçinin Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə ölkəsinə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.

Moldova Parlamentinin sədri ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb, Moldovadakı Azərbaycan diasporunun fəallığını təqdir edib. Bildirib ki, Moldova Avropa İttifaqı sərhədində yerləşən dövlət kimi əlverişli mövqeyə malikdir və ölkədə birgə layihələri reallaşdırmaq üçün yaxşı imkanlar var.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.

 

Azərbaycan. - 2022.- 23 fevral.- S.6.