Azərbaycanda bütün ictimai münasibətlər normativ hüquqi aktlar əsasında tənzimlənir

 

Fevralın 22-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, parlamentin ötən iclasında qanun layihəsinin ikinci oxunuşu zamanı layihədə təklif olunan dəyişikliklərlə əlaqədar deputatlar bir sıra qeydlərini səsləndiriblər.

Sonra iclasda Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid “Dini etiqad azadlığı haqqında” Qanuna təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu göstərilir. Qanunun 8-ci maddəsinin üçüncü hissəsinə təklif olunan dəyişiklik dini fəaliyyətin tənzimlənməsində yeni qaydanın tətbiqi ilə əlaqədardır. Burada din xadiminin təyinatı məsələsindən bəhs edilir. Belə olan halda dini fəaliyyətin həyata keçirilməsi ilə bağlı zamana və şəraitə uyğun dəyişikliyə ehtiyac yaranıb.

Qeyd edilib ki, Azərbaycanda bütün ictimai münasibətlər normativ hüquqi aktlar əsasında tənzimlənir. Din milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda, milli təhlükəsizlik məsələsidir. Dövlətin də əsas vəzifələrindən biri ölkəni xarici ideoloji təhdidlərdən qorumaq, milli təhlükəsizliyi təmin etməkdir. Bu baxımdan, bu sahə dövlətin nəzarətindən kənarda qala bilməz. Şöbə müdiri bir sıra ölkələrin təcrübəsindən misal gətirərək, din xadimlərinin təyinatı məsələsinin dövlət tərəfindən tənzimləndiyini və bunun dinə müdaxilə hesab edilmədiyini söyləyib. Qeyd olunub ki, qanun layihəsi hazırlanan zaman ölkə Konstitusiyasının, İnsan hüquq və azadlıqlarının qorunması haqqında Avropa Konvensiyasının tələbləri nəzərə alınıb. Dini icmaların ianələri məsələsinə toxunan məruzəçi bildirib ki, bütün vəsaitlər, o cümlədən könüllü yığılan ianələr həmin icmanın səlahiyyətindədir və Nizamnaməyə uyğun şəkildə istifadə edilir.

Çıxışda sənədin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələblərinə əsasən ekspertizadan keçirildiyi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edildiyi diqqətə çatdırılıb. Şöbənin rəyi ondan ibarətdir ki, “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn tələblərə uyğundur.

Tədbirin sonundaDini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Sahib Alıyev, komitə üzvləri Azər Badamov, Sevinc Fətəliyeva, Malik Həsənov, Anar İsgəndərov, Ceyhun Məmmədov, Cavanşir Paşazadə və digər rəsmi şəxslər iştirak ediblər.

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.-23 fevral.- S.6.