Aləmdə səsi qalan
yazıçı
Ədəbiyyat xadimləri
Arabir evinin məhəccərinə söykənib olub-keçənləri gözləri önünə gətirirdi. Düşünürdü ki, sanki bambaşqa dünyadan gəlib. Gözlərini yumub o aləmə qayıdırdı.
...1930-1931-ci dərs ilinin başlanmasına az qalır. Qara çadralı, üzü rübəndli Seyid Rübabə nəvəsi Əzizxanımın əlindən tutub “Çadrovı” deyilən küçə ilə (indiki Mirzağa Əliyev küçəsi) Mirzə Fətəli Axundov küçəsinin tinində yerləşən 38 saylı orta məktəbə gedir. Məktəbin direktoru Allahverdi Bakıxanovun otağına girirlər. Allahverdi müəllim məktəbə gələn birincilərin qeydiyyatını aparırdı. Növbə balaca Əzizxanıma çatır. Allahverdi müəllim Seyid Rübabədən uşağın adını soruşur. Onun yerinə dilli-dilavər qız cavab verir:
- Adım Əzizxanımdır, - deyir.
- Bəs familiyası nədir? - Allahverdi müəllim Seyid Rübabə ilə Əzizxanımın ona mat-məəttəl baxdıqlarını görüb istər-istəməz soruşur: - Deyirəm, babasının adı nədir?
Seyid Rübabə bilmirdi, qızı Böyükxanımın həyat yoldaşı Məmməd Cəfər oğlunun soyadı Musayevdir. Uşağın babasının adını soruşurdular, o da cavab verir:
- Cəfər.
- Hə, onda yazırıq Cəfərova Əzizə.
Balaca Əzizxanım etiraz edir:
- Yox, mən Cəfərzadəyəm, Əzizə Cəfərzadə.
Nəvəsinin adını yazdırıb evə qayıdan Seyid Rübabə yolboyu uşağın adının Əzizxanım yox, Əzizə kimi qeyd olunması barədə düşünür, ürəyində götür-qoy edirdi. Əzizxanım adı onlar üçün çox əzizdi.
İki böyük nəslin - Şamaxının sonuncu xanı Mustafa xanla, ocağı ziyarətgah sayılan Mir Ağası Ağanın nəslini davam etdirən Seyid Rübabənin dünyaya gətirdiyi doqquz övladın biri, bu balaca qızın anası Böyükxanım uzunömürlü olmuşdu. Böyükxanım özündən 16-17 yaş böyük Məmmədə gəlin gedəndə Seyid Rübabə düşünürdü ki, bundan sonra təsəllisi yeganə qızının övladları olar. Ancaq onun ilki Nurcahan da vəfat edir. 1921-ci ilin 29 dekabrında - Fatimeyi-Zəhranın vəfatı günündə Böyükxanımın bir qızı da olur. Seyid Rübabə əhd eləyir: “İlahi, bu uşağı uzunömürlü elə, hər il Fatimeyi-Zəhranın vəfatı günü üç gün mərsiyə deyərəm”.
Yaxın qohumlar bir yerə
toplaşırlar. Uzun məsləhətdən sonra bu əziz
uşağa Əzizxanım
adını verirlər.
Anası kimi Böyükxanımın
da ürəyi baladağlı olur. O da yeddi övladının dördünü körpə
ikən torpağa tapşırdı. Bu dilavər qızla, iki oğlu - dörd yaşlı Məmməd və bir yaşlı Əhməd bu dünyadakı ən böyük təsəllisi,
ümidi olur.
Bu qorxulu illərdə fürsət
tapıb ərəb dilini, Qurani-Kərimi öyrətmək istəyəndə
də balaca Əzizənin nadincliyindən
az çəkmədilər.
Qızı əvvəlcə Şəkili Axund kimi tanınan Axund Hacı Fərəcullahın yanına
apardılar. Onun dəcəlliyi
ilə bacarmayan axundun halına acıyan Böyükxanım
qızı bu dəfə şamaxılı
Şeyxülislam Həkimzadənin
yanına gətirdi.
O, uşağa ərəb
əlifbasını, ərəb
və fars
dilini öyrətdi. Quranı-Kərim barədə bilgilərini
təkmilləşdirən isə anası oldu. Təhsil üzü görməmiş
Seyid Rübabə də nəvəsinə başqa cür müəllimlik edirdi.
Bir vaxtlar eşitdiyi, hafizəsində qoruyub-saxladığı
duaları, tarixi əhvalatları, nağılları
öyrədirdi ona.
Babası Kərbəlayi Əliheydər
üçüncü dəfə
Kərbəlaya ziyarətə
gedəndə vəfat
etmişdi. Atası Məmməd isə
hələ Bakı Komissarları Soveti vaxtı Şamaxının
Tağılı kəndinə
(indi Hacıqabul rayonunun ərazisi hesab olunur) köçmüşdü.
O vaxt çox israr etsə də, Böyükxanım
kəndə getməyə
razılıq verməmişdi.
1935-ci ildə Seyid
Rübabə İranda
yaşayan qardaşı
nəvəsinin toyuna gedir. Elə o gedən olur.
Seyid Rübabə geri dönə bilmir. Böyükxanımın həyatının ən çətin günləri onda başlayır. Artıq texnikum
tələbəsi olan
on dörd yaşlı
Əzizə işə
düzəlir. Sonra makinaçılıq
kursuna qəbul olur. Oranı bitirib əvvəlcə
“Bolşevik neftçi”
adlı qəzetdə,
sonra “Maarif-mədəniyyət”
jurnalında işləyir.
1937-ci ildə
Əzizənin “Ədəbiyyat
və incəsənət”
qəzetində ilk hekayəsi
dərc edilir. Əsər
evlər idarəsi işçisinin lotereyada bəxti gətirmiş vətəndaşı aldatmasından,
pulunu ələ keçirmək üçün
özünü Əzrayıl
kimi təqdim etməsindən, sonunda isə fırıldağının
qurbanına çevrilməsindən
bəhs olunurdu.
Ölkədə tuthatutlar başlanmışdı. Qorxu, xof
insanları sevinməyə
qoymurdu. Bu ərəfədə ilk hekayəsi
çıxmışdı Əzizənin. O vaxt
qəzetlərdə əsər
çap etdirmək asan məsələ deyildi. Üstəlik, belə gənc
qız üçün
bu, böyük uğur sayılırdı.
Həmin il ona pasport
da verildi. Bu dəfə də
sənədində doğum
yerini düzgün yazmadılar. Əzizə sonradan
öyrəndi ki, pasportunda doğum yerinin Bakı yox, Şamaxı kimi yazılmasının səbəbkarı qonşuluqlarında
yaşayan evlər idarəsinin işçisi
Kərim dayıdır.
O düşünüb ki,
əgər qızın
atası da, anası da şamaxılıdırsa,
deməli, özü də oralıdır.
Əzizə uşaqlıqdan mütaliə
həvəslisi idi. Müəllimləri onun bu yaşında
böyük kitablar oxumasından şikayətlənirdilər.
Ancaq o illər SSRİ məkanında
yaşayan gənclər
sınaq təyyarəçi
Çkalova bənzəmək
istəyirdilər. Əzizə də
onlardan biri idi. 1941-ci ilin
əvvəllərində Bakıda
aviaklub açıldı.
Məhəllələrində yaşayan həmyaşıdlarıyla
bərabər, o da aviakluba getdi. İlk sınaqlardan uğurla çıxdı. Həkimlərin verdiyi rəy də qənaətbəxş
idi. Sonra rəisin özü
onlarla bir-bir söhbət edəcəkdi.
Növbə Əzizəyə çatdı. Rəis
qarşısındakı balacaboylu
qızı diqqətlə
nəzərdən keçirdi:
“Ay qız, yeri get, böyü”, - dedi. Əzizənin göylərdə uçmaq arzusu beləcə ürəyində
qaldı.
Həmin il müharibə başladı. Məktəblər müəllimsiz qaldı.
Əzizə Ağsu rayonunun
Çaparlı kəndinə
müəllim təyin
olundu.
Çaparlıdan qayıdandan sonra Azərbaycan Dövlət Universitetinə daxil oldu. Üç dəfə məktəbdən
çıxarıldı. Axır ki ekstern yolu
ilə imtahan verib məktəbi bitirdi.
İlk kitabı 1948-ci ildə çapdan çıxmalı
idi. “Hekayələr”in sınaq nüsxələrini
mətbəədə görən
tənqidçi Cəlal
Məmmədovun qəzetdə
məqaləsi işıq
üzü gördü.
Bu zaman Moskvada
ədəbi mühit yenə dumanlandı.
Sovet həqiqətlərini düzgün
tərənnüm etmədiyinə
görə Zoşşenkoya,
əsərlərindəki salon lirikasına görə Axmatovaya qarşı tənqidi çıxışlar
başlandı. Ardınca Bakıda
da buna bənzər
ssenarilər hazırlandı.
Azərbaycanın Axmatovası Əzizə
Cəfərzadə oldu.
Onun “Hekayələr” kitabının
sınaq nüsxələri
yandırıldı. Əzizə bundan
sonra daha çox elmi sahəyə meyil etdi.
1951-ci ildə
kiçik qardaşı,
17 yaşlı universitet
tələbəsi Əhmədin
Stalinə yazdığı
şeir ələ keçdi. Həbs edilərək sürgünə
göndərildi.
1955-ci ildə
uşaqkən eyni məhəllədə yaşadığı,
aviasiya məktəbinə
qəbul olunmaq üçün bir yerdə imtahan verdiyi, artıq peşəkar təyyarəçi
olan Məmmədlə
qarşılaşdı. Onun evlənmək
təklifini qəbul etdi. Məmməd Kamçatkaya işləməyə
göndəriləndə Əzizə
də onunla getdi.
Əzizə Cəfərzadə alim idi, tarixi romanlar
yazmaq ustası idi. Cild-cild əsərlərini,
elmi araşdırmalarını
görənlərə elə
gəlirdi ki, bu qadının ev işləri
görməyə vaxtı
qalmır. Amma o, Seyid Rübabədən,
Böyükxanımdan görüb-götürdüklərini
unutmurdu.
İlk kitabının sevincini 1963-cü ildə yaşadı. Sonralar neçə-neçə əsəri çap olundu. Onlar Əzizə Cəfərzadəyə yalnız sevinc gətirmədi. Tarixi romanlarına görə yazıçını tənqid edənlər, faktları təhrif etməkdə günahlandıranlar az deyildi. Ən çox Şah İsmayıl Xətaiyə həsr etdiyi “Bakı 1501” romanına görə başı ağrıdı.
Kirovun heykəli qoyularkən Çəmbərəkənd qəbiristanlığı dağıdılanda Əzizəgil atalarının məzarını Tağılı kəndinə apardılar. Böyükxanım da axır günlərində vəsiyyət etdi: “Məni o kənddə dəfn eləyin”. Əzizənin anasından qabaq da səması gedib o qəbiristanlıqda yurd salmışdı. Onun da son mənzili Tağılı olacaqdı. Həyat yoldaşı Məmməd bilirdi bunu. Əzizəyə “Sən harada, mən də orada” deyirdi. Tale elə gətirdi ki, 1995-ci ildə kənddə qonaq olduqları vaxt o, insult keçirdi. Tağılıda gözlərini əbədi yuman Məmməd orada da dəfn olundu. 1999-cu ildə Əzizənin böyük qardaşı Məmməd, bir il sonra isə Əhməd həmişəlik köçdü Tağılı məzarlığına. 2003-cü ilin 4 sentyabrında isə Əzizə Cəfərzadə bu dünyadan ayrılaraq həsrətini çəkdikləri əzizlərinə qovuşdu.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.- 23 fevral.- S.10.