Multimədəniyyətin Azərbaycan örnəyi
44 günlük Vətən
müharibəsində respublikamızda tolerantlıq və multikulturalizm nümunəsi də diqqəti cəlb
etdi
Çoxmədəniyyətli cəmiyyətin nümunəsi sayılan Azərbaycan eyni zamanda müstəqil dövlət olaraq əhəmiyyətli təşəbbüsləri ilə regionda və dünyada gedən proseslərə özünün müsbət təsirini göstərməkdədir. Dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslər eyni zamanda yeni imkanlar yaradır.
Bu gün dünyada gedən proseslər, əksər hallarda narahatedici situasiyalar tələb edir ki, iqtisadiyyata və sosial həyata olduğu kimi, humanitar sahəyə də böyük diqqət ayrılsın. Dünyanın əksər ölkələrini eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər məhz bu baxımdan daha aktual əhəmiyyət daşıyır. Paytaxt Bakının beynəlxalq humanitar tədbirlərə evsahibliyi də, təbii ki, təsadüfi deyildi.
Beynəlxalq humanitar forumların Azərbaycanda keçirilməsi bir daha onun təsdiqidir ki, əsrlər boyu burada multimədəniyyətli cəmiyyətlər mövcud olub. Keçirilən forumların hər biri, adlarından da göründüyü kimi, humanitar məsələlərə həsr edilib. Lakin müxtəlif mövzular arasında multikulturalizm xüsusi çəkiyə malik olub.
Forumlardan kənar bir çox yerli və beynəlxalq əhəmiyyətli mədəniyyət və incəsənət konfransları da məhz multikulturalizmi diqqət mərkəzində saxlayıb. 2011-ci ilin 10-11oktyabr tarixlərində keçirilən “XXI əsr: ümid və çağırışları” adlı I Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 20-dən çox ölkəsindən qonaqlar iştirak edib.
Forum çərçivəsində yeddi sahə üzrə, o cümlədən “Multikulturalizm: nailiyyətlər və problemlər” adlı “dəyirmi masa”lar təşkil edildi. Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixə düşdü.
Respublikamızda çoxmillətlilik tarixi ənənəyə söykəndiyi üçün burada bütün etnoslar Azərbaycanı özünün doğma Vətəni saymaqdan qürur duyur. Bu şanlı ənənə zaman-zaman özünü göstərib. 20 Yanvarda, eləcə də 2020-ci ilin 44 günlük Vətən müharibəsində çoxmillətli xalqımızın bir yumruq kimi birləşərək istər imperiyanın yürütdüyü şovinizm, istərsə də Ermənistanın təcavüzkarlıq siyasətinə qarşı aparılan mübarizədə bir daha şahidinə çevrildik.
Azərbaycan Prezidenti İlham Əliyev onu da xüsusi qeyd edir ki, ölkəmizdə uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların fonunda dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır: “Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Respublikamızda müxtəlif dinlərin nümayəndələri öz ayinlərini azad şəkildə icra etməkdədirlər. Onlar ölkəmizdə qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında, Milli Məclisdə təmsil olunurlar. Bu da, əlbəttə, mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti, mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan Ermənistan ilə arasındakı, artıq öz həllini tapan Dağlıq Qarabağ problemini belə müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var.
Ermənistanla müharibədə minlərlə şəhid verməyimizə və bir milyon qaçqın-köçkünümüzün olmasına, işğal altında qalan dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən daşnaklar tərəfindən dağıdılmasına, saxtalaşdırılmasına baxmayaraq, erməni kilsəsinin Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir. Çünki tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri tarixi dəyər kimi formalaşıb. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilib.
Azərbaycançılıq
məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni,
dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin etmək, habelə
respublikamızı dünyada multikulturalizm mərkəzi kimi
tanıtmaq, mövcud multikultural
modelləri tədqiq və təşviq etmək məqsədilə
Azərbaycan Prezidentinin 15 may
2014-cü il tarixli
sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılıb. 11 yanvar 2016-cı il
tarixli sərəncamı
ilə isə
2016-cı il “Multikulturalizm
ili” elan edilib.
Vətən müharibəsində işğalçını
həm də xalqımızın bu monolit birliyi, sarsılmazlığı narahat
edirdi. Ona görə də
döyüş və
diplomatiya meydanında
məğlub olan düşmən savaş günlərində sosial şəbəkədə saxta
profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından
təxribat xarakterli paylaşımlar edir, bu vəhdəti, birliyi zəiflətməyə,
millətlər arasında
nifaq, təfriqə salmağa, ruh düşkünlüyü yaratmağa
çalışırdı.
Bu da həqiqətdir ki, ölkəmizdə müxtəlif
millətləri təmsil
edən yüzlərlə
gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı
azərbaycanlı, qarabağlı
kimi mərdi-mərdanə
mübarizə apardı,
düşmənlə cəsarətlə
döyüşüb, şəhid,
qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının
bu çirkin niyyətinin əsassızlığını
sübuta yetirdi.
Dövlət başçısının
da xüsusi vurğuladığı kimi,
Vətən müharibəsində
bütün xalqların
nümayəndələri son damla qanlarına qədər döyüşür,
vətənləri uğrunda
mübarizlik nümayiş
etdirirdilər: “...Müxtəlif
etnik qruplardan ibarət xalqımızın
Vətən sevgisi, vahid dil və
dövlətçilik naminə
güclü konsolidasiyası
baş verdi.
Mən bundan fərəhləndim və
bu gün də fəxr edirəm ki, biz belə vətəndaşlar
tərbiyə etmişik...”
Budur multimədəniyyətin
Azərbaycan formatı:
44 günlük Vətən
müharibəsində respublikamızda
tolerantlıq və multikulturalizm də öz
sözünü dedi.
Bu vəhdətin isə
minillik tarixi ənənəsi vardı...
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2022.- 23 fevral.- S.10.