Səhnə və ekran həyatının pərdə arxası

 

Xalq artisti, rejissor Məhərrəm Haşımovun “Ömür səhifələri”ndəki fraqmentlər də  elə sənədli filmdir

 

Müqtədir sənətkarlarımız Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı yolunda parlaq ulduz kimi daim bərq vurublar.  Teatr sənəti tarixində sənətsevərliyi, fədakarlığı ilə seçilən və sevilən rejissorlarımız çox olub.  Xalq artisti Məhərrəm Haşımov da həyatını Azərbaycanın səhnə sənətinin inkişafına həsr edən novator rejissor kimi tanınıb.

Məhərrəm Kazım oğlu Haşımov 2 fevral 1912-ci ildə Bakıda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunub. 1936-cı ildə ali təhsilini başa vurub Bakıya dönüb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə başlayıb. Qısa vaxt ərzində yenilikçi kimi diqqəti çəkən Məhərrəm Haşımov F.ŞillerinQaçaqlar”, C.Cabbarlının “Oqtay Eloğlu” əsərlərini uğurla səhnələşdirib.

Səhnə fəaliyyətinin uzun bir dövrü Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlı olan Məhərrəm Haşımov 1948-ci ildə bu sənət ocağına direktor təyin olunub və müəyyən fasilələrlə 20 ildən artıq bu teatrda çalışıb. Rus Dram Teatrının səhnəsi onun rejissorluq məharətinin hərtərəfli inkişafı üçün sənət meydanına çevrilib. Teatrda  o, İ.Qasımovun “Xəzər üzərində şəfəq”, C.Cabbarlının “Aydın”, M.LermontovunMaskarad”, B.ŞoununMilyonçu qadın”, N.Hikmətin “Damokl qılıncı” və digər tamaşalara quruluş verib. Peşəkarlığı yüksək qiymətləndirilən rejissor və yaradıcı heyət 1951-ci ildə “Xəzər üzərində şəfəq” tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

Məhərrəm Haşımov 1951-1956-cı illərdə Azərbaycan Dövlət OperaBalet Teatrında, 1960-1965-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasında direktor vəzifəsində çalışıb.  “Azərbaycanfilm”də direktor olduğu vaxtlarda görkəmli rejissorların çəkdiyi “Koroğlu”, “Səhər”, “Bizim küçə”, “Telefonçu qız”, “Əhməd haradadır?”, “Möcüzələr adası”, “Romeo mənim qonşumdur”, “Sehrli xalat”, “Ulduz” və başqa bədii filmlər ekranlara çıxaraq tamaşaçı sevgisi ilə qarşılanıb.

1966-cı ildə yenidən Dövlət Rus Dram Teatrına qayıdan Məhərrəm Haşımov baş rejissor kimi fəaliyyət göstərib. Teatr mütəxəssisləri Məhərrəm Haşımovun sənətkarlıq qabiliyyətini dəyərləndirərkən kompozisiya bacarığına görə onu nadir istedad sahibi kimi səciyyələndiriblər. Məhz buna görə də indi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində onun sənəti öyrənilir və tələbələr təcrübəsindən bəhrələnirlər.

Böyük arzularla yaşayan, daim yeniliyə can atan Xalq artisti Məhərrəm Haşımov Azərbaycan teatr sənətinin çiçəklənməsində xüsusilə fədakarlıq göstərib. Mənalı və zəngin ömür yolu keçən sənətkarın təəssüf ki, teatr sahəsində və teatrsevərlərə qalacaq çoxsaylı uğurlara imza atmağa vaxtı, zamanı çatmadı: 2 may 1969-cu ildə, 57 yaşında vəfat etdi.

Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr rejissoru Məhərrəm Haşımovun  100 illik yubileyinə həsr olunmuşÖmrün səhifələri” kitabının təqdimat mərasimində  Xalq artisti Azərpaşa Nemətov bildirdi ki, qurum görkəmli sənətkarların yubileyləri ilə bağlı “Ömrün səhifələri” adlı silsilə kitablar hazırlayaraq nəşr etdirir. Bu seriyadan növbəti kitab Məhərrəm Haşımova həsr edilib: Milli teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan Məhərrəm Haşımov 57 illik ömrünün 40 ilini müqəddəs saydığı teatr sənətinə sərf etmişsözün əsl mənasında, yüksək sənətkarlıq nümunələri hesab olunan tamaşalar yaratmışdır...”

Məhərrəm Haşımov Gənc Tamaşaçılar Teatrında müxtəlif janrlı tamaşalar hazırlayırdı. “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi dövrdə “Leyli və Məcnun”, “Böyük dayaq”, “Əmək və qızılgül” bədii və digər sənədli filmlər çəkilib.

Teatrkino sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilən Məhərrəm Haşımov “Azərbaycan SSR xalq artisti”, “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adlarına, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb. Təltifləri yalnız bunlardan ibarət deyil. Məhərrəm Haşımov həmçinin  Damokl qılıncı”, “Maskarad” və “Kino çəkilir...” tamaşalarına verdiyi quruluşlara görə 1969-cu ildə Dövlət mükafatına layiq görülüb.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 23 fevral.- S.10.