Azərbaycanın növbəti siyasi qələbəsi

 

İlham Əliyev zəfərimizi diplomatik cəbhədə daha da möhkəmləndirdi

 

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri Azərbaycanla bu ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldən mühüm siyasi-tarixi hadisə oldu. Prezidentlər İlham Əliyevin və Vladimir Putinin imzaladıqları “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə ikitərəfli münasibətlərə yeni siyasi məzmun gətirdi.

 

Güclü siyasi iradəyə əsaslanan dövlətlərarası münasibətlər yaranıb

 

Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğamehriban qonşuluğa əsaslanır. Xüsusən  son illərdə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Məhz iki ölkənin prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb.  Hazırda Azərbaycan-Rusiya münasibətləri siyasi sferadan tutmuş iqtisadi, mədəni, humanitar və hərbi sahələrə qədər geniş spektri əhatə edir. İndiyədək Azərbaycanla Rusiya arasında müxtəlif sahələrə dair 245 sənəd imzalanıb.

Bütün bunlar göstərir ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki dövlət arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Prezident İlham Əliyevin Rusiyaya etdiyi rəsmi səfər də bunu təsdiqlədi. Qeyd edək ki, Prezident İlham Əliyevin Rusiyaya həm rəsmi səfərə dəvət olunması, həm Rusiya Prezidenti tərəfindən çox böyük ehtiramla qarşılanması, həm də Moskvada keçirilən görüşlərin ali səviyyəsi iki ölkə arasındakı münasibətlərin ilk növbədə dərin siyasi məzmununun və Azərbaycanın dövlət başçısının yüksək nüfuzunun bariz təcəssümüdür.

Dövlətimizin başçısının bu səfəri zamanı Azərbaycan və Rusiya arasında səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş müzakirələr aparıldı. Bu, ilk növbədə iki dövlət başçısı arasındakı şəxsi münasibətlərin, Rusiya-Azərbaycan əlaqələrinin və geosiyasi reallıqlara yanaşmada ortaq mövqeyin xarakterindən irəli gəlir.

Dövlət başçılarının danışıqları, mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycanla-Rusiya arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün güclü siyasi iradə mövcuddur.

Qeyd edək ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə ölkələrimiz arasında qarşılıqlı əmtəə dövriyyəsi 16 faizdən çox artaraq 3,4 milyard ABŞ dollarına çatıb. Qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edib. Bu, iki dövlət arasındakı fəal iqtisadi münasibətlərdən xəbər verir.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük ehtiram var. Respublikamızda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb fəaliyyət göstərir, 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rusiyada isə hazırda 11 mindən artıq azərbaycanlı tələbə təhsil alır. Qeyd edək ki, prezidentlərin görüşü zamanı Vladimir Putinin Azərbaycanda rus dilinə göstərilən diqqətə görə təşəkkürünü bildirməsi bir tərəfdən Azərbaycanın multikultural dəyərlərinə verilmiş yüksək qiymətdirsə, digər tərəfdən rusafobmeyillərin durmadan artdığı Ermənistana ünvanlanmış mesaj idi.

 

İlham ƏLİYEV: “Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır”

 

Prezident İlham Əliyevin Rusiyaya səfərinin əsas hadisəsi təbii ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması oldu. Xatırladaq ki, Prezident İlham Əliyev Yeni il münasibətilə xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Beləliklə, əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini nəzərdə tutanbir ildən artıq idi ki, üzərində aparılan bəyannamə fevralın 22-də dövlət başçıları tərəfindən imzalandı.

Bu bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir və hər iki tərəfin üzərinə öhdəliklər qoyur. 43 bənddən ibarət olan sənədin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinmək öhdəliyi götürür. Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür.

Həmçinin tərəflər Qafqaz regionu və Xəzərdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyini qeyd ediblər və bu xüsusda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq olunub. Beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi də tərəflərin razılaşdırdığı müddəadır. Mühüm məqamlardan biriiki ölkə arasında qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığın dərinləşdirilməsi və onların keyfiyyətcə yeni səviyyəyə qaldırılması öhdəliyidir. Bu baxımdan hər iki tərəf bir-birinin maraqlarına zərər vuran istənilən iqtisadi fəaliyyətin həyata keçirilməsindən çəkinmək öhdəliyini də təsdiqləyib.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. “Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq”, - deyə Prezident İlham Əliyev bildirib.

Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşıb. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinə xidmət edən mühüm amillərdən biridir. Bu mənada Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır və hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.

 

Vətən müharibəsindəki qələbə tarixi sənədlə birdahadünyayabəyanolundu

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, regiondakı yeni reallığın beynəlxalq miqyasda qəbul edilməsi respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Bu mənada Moskvada imzalanmış bəyannamə də Azərbaycanın mənafelərini tam ehtiva edir.

Sənəddə Azərbaycanın maraqlarını ifadə edən bəndlərdən biri də ölkəmizin Vətən müharibəsindəki zəfərdən sonra regionda yaratdığı reallıqlar barədədir. Belə ki, iki dövlət arasında imzalanan  müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamədə münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır.

Prezidentlərin görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin icrası da müzakirə olundu. Görünən odur ki, İlham Əliyevin Rusiyaya bu səfəri Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini sürətləndirəcək. Vladimir Putin mətbuata bəyanatında da qeyd etdi ki, Ermənistanın baş naziri ilə telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiyanın ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib.

Bu istiqamətdə prioritet məsələlər kommunikasiyaların açılması, nəqliyyat əlaqələrinin yaradılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Vladimir Putin də bəyan etdi ki, Rusiya regionda bütün iqtisadi, nəqliyyat əlaqələrinin tezliklə açılmasına, sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək.

Moskvada imzalanan bəyannamədə üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verilməsi öz əksini tapıb. Beləliklə, Azərbaycanın Vətən müharibəsindəki zəfəri bir daha siyasi-diplomatik müstəvidə bəyan olundu.

Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir. Lakin bu günədək Ermənistan tərəfindən yerinə yetirilməmiş öhdəliklər də qalmaqdadır. Mətbuata bəyanatında Prezident İlham Əliyev bununla bağlı fikirlərini xüsusi qeyd etdi. Söhbət 44 günlük müharibədə darmadağın edilmiş  erməni silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılmasından gedir. “Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə çox ləng gedir”, - deyə Prezident İlham Əliyev qeyd etdi.

Bütövlükdə, Azərbaycanla Rusiya arasındakı müttəfiqlik Ermənistana böyük zərbədir. Çünki artıq Ermənistan Rusiya ilə müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 24 fevral.- S. 1-2.