İlham Əliyev Ermənistana növbəti zərbəni Moskvadan vurdu

 

Ermənilər Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik bəyannaməsini İrəvan üçün faciə kimi qiymətləndirirlər

 

Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri, eləcə də burada rusiyalı həmkarı Vladimir Putinlə görüşü, müttəfiqlik bəyannaməsinin imzalanması növbəti dəfə iki ölkə arasında münasibətlərin ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə malik olduğunu təsdiqlədi.

Bütün bunlar həm də onun göstəricisidir ki, qarşıdakı dövr ərzində də Azərbaycanla Rusiya arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətləri yalnız yüksələn xətlə inkişaf edəcək. Belə vəziyyət öz növbəsində mövcud geosiyasi, geoiqtisadi reallıqlar baxımından da hər iki dövlətin marağına tam cavab verir.

 

“Müttəfiqlik bəyannaməsi Ermənistan üçün yeni məğlubiyyət sayıla bilər”

 

Dövlət başçısı İlham Əliyevin Moskva şəhərində Vladimir Putinlə apardığı müzakirələr, imzalanan müttəfiqlik bəyannaməsinin məzmunu və əldə edilən nəticələr yenidən Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsini təsdiqlədi, ölkəmizlə Rusiya arasında əməkdaşlığın strateji səviyyəyə yüksəldiyini bir daha göstərdi.

Eyni zamanda o da bəlli oldu ki, Rusiya kimi dünya siyasətinin nizamını müəyyən edən ölkə Azərbaycanın mövqeyi və proseslərə yanaşmasını nəzərə alır. Bu fonda təkcə regional yox, beynəlxalq səviyyəli məsələlər də Azərbaycanla müzakirə predmetinə çevrilir.

Bütün bunlar isə müstəqil dövlətçiliyini qura bilməyən Ermənistanda böyük narahtlıqla qarşılanır. Çünki Ermənistan aydın görür ki, Rusiya, onun dövlət başçısı Azərbaycana, Prezident İlham Əliyevə yüksək səmimiyyətlə yanaşır, İrəvana isə tamam fərqli münasibət sərgiləyir. Azərbaycan Prezidenti Rusiyada yüksək hörmət və ehtiramla qarşılanır, Ermənistan rəhbərliyi isə ən yaxşı halda sadəcə hesabat üçün çağrılır.

“4rd.am” saytı da yazır ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması Ermənistan üçün yeni məğlubiyyət sayıla bilər: “Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, Paşinyanın növbəti məğlubiyyətidir. Paşinyanın, adətən, Moskvaya etdiyi səfərlər protokol xarakteri daşıyıb. Səfərlərin hamısında Putin İlham Əliyevlə qucaqlaşıb görüşür, Paşinyana isə üz çevirir. Moskva Bakı ilə geosiyasi, iqtisadi, mədəni və təhlükəsizlik aspektlərində münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Bu hal regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunur. Aydındır ki, bu, bizim xarici siyasətin iflasıdır. Hər halda İlham Əliyevin Rusiyaya son səfəri Ermənistan üçün yeni ciddi siqnal oldu”.

 

Moskva İrəvanla əməkdaşlığa qeyri-ciddi yanaşır”

 

Lragir” qəzetində də İlham Əliyevin Rusiyaya rəsmi səfəri xatırladılıb və qeyd olunub ki, Paşinyanın xarici siyasəti, əslində, iflasa uğramış bir vəziyyətdədir və bu hal Ermənistanın yox olan dövlətçiliyinə növbəti zərbədir. Məqalədə siyasi ekspert Levoş Minosyanın fikirlərinə geniş yer verilib.

Erməni siyasətçi deyib ki, prezidentlərin təkbətək görüşündən sonra bəyanatlar dərc olunduburada əməkdaşlığın daha da genişləndiriləcəyi qeyd edildi. İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı, müttəfiqlik bəyannaməsini də imzaladı. Bu, Ermənistana bir siqnaldır. Moskvanın İrəvanla əməkdaşlığa qeyri-ciddi yanaşdığını göstərir”.

Erməni ekspert Manvel Qasparyan isə vurğulayır ki, Ermənistanla Rusiya arasında münasibətlər pisləşdiyi vaxtda Moskva-Bakı əlaqələrində bunun tamam əksi müşahidə olunur.

Bir sözlə, İrəvanda təhlükə təbili çalınır: “Azərbaycan Prezidentinin son səfəri fonunda biz bunu yenidən müşahidə etdik. Rusiya  və Azərbaycan münasibətləri ən mühüm strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Bizim hakimiyyət isə bunun əvəzində Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilib”.

 

Paşinyan Putin və Əliyevin qarşısına hansı üzlə çıxacaq?”

 

Ermənilərin sosial şəbəkələrdəki statusları, şərhləri göstərir ki, onlar ölkələrinin məhvə doğru getməsi, İlham Əliyevin Ermənistan üzərində üstünlüyünün artması barədə ortaq rəydədirlər. Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması ilə bağlı paylaşılan xəbərlərə erməni istifadəçilər tərəfindən yer alan maraqlı status və şərhlər xüsusi diqqət çəkir.

İrina Tevosyan adlı biriİnstaqramda paylaşılan xəbərə maraqlı bir şərh verib. Şəxsi məlumatlarında siyasi şərhçi yazılan istifadəçi yazıb: “İlham Əliyev Ermənistana növbəti zərbəni Moskvadan vurdu. Prinsipcə, çoxdan aydın idi ki, Rusiya Ermənistanın müttəfiqi və dostu sayıla bilməz. Regionun geopolitik situasiyası sürətlə dəyişir. Dünənə qədər inanılmaz görünən məsələlər bu gün gözümüzün önündəcə çökür. Dünənki dostlar və müttəfiqlər birdən-birə yadlaşırlar. Belə bir inanılmaz və çılğın vəziyyətdə sabah nə olacağı bəlli deyil. Aydın olan odur ki, Moskva erməni tərəfinin maraqları ilə hesablaşmadığını göstərmək qərarına gəlib”.

Aravik Babayan adlı “Feysbuk” istifadəçisi müttəfiqlik bəyannaməsinin imzalanması ilə bağlı yer alan xəbərə belə şərh verib: “Belə bir bəyannamənin imzalanması gözlənilən idi. Rusiya-Azərbaycan əlaqələri təkcə iqtisadi münasibətlə məhdudlaşmır. Hərbi-sənaye, ticarət, nəqliyyat, energetikas. mühüm sahələri əhatə edir. Ermənistana münasibətdə isə Rusiya daha çox siyasi və hərbi sahələrə xüsusi diqqət ayırır. Digər sahələr üzrə ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylər obeyktivsubyektiv səbəblərdən diqqətdən kənarda qalır. Maraqlıdır, görəsən, bundan sonra Paşinyan Putin və Əliyevin qarşısına hansı üzlə çıxacaq?”

Bütün bunlar bir daha Azərbaycanın Ermənistan üzərində yeni üstünlüklərini aydın nümayiş etdirir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 24 fevral.- S.1; 4.