Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar,
həllər” mövzusunda beynəlxalq konfrans keçirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, millət vəkilləri iştirak edirlər.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.
Tədbir Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə videoçarxın nümayişi ilə başlayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketinin həyata keçirildiyini, həmin paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olduğunu bildirib.
S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70 faiz, ümumi sosial xərclərin 2,5 milyard manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65, orta aylıq əməkhaqqında 35, median əməkhaqqında 74 faiz, əməkhaqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.
Bildirib
ki, qeyd edilən
dövrdə əmək müqavilələrinin
sayının 30 faiz artması sosial sığorta daxilolmalarına da müsbət təsir göstərib. Son dörd
ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5
milyard manat artıb. Dövlət büdcəsindən fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün
həmin həcm 21,6 faiz təşkil
edib. Həmin dövrdə DSMF tərəfindən
sosial sığorta ayırmaları hesabına
əhaliyə ödənilən
sosial ödənişlərin
həcmi 1,5 milyard manat artıb
və fondun xərclərinin 97 faizdən
çoxunu sosial ödənişlər təşkil
edib.
S.Babayev nazirlik tərəfindən 400 min nəfərə
sosial müavinət,
300 min nəfərə təqaüd,
176 minə yaxın ailə üzvü olan 40 min ailəyə ünvanlı dövlət
sosial yardımı verildiyini deyib. Həmin yardımın hər ailəyə düşən orta aylıq məbləğinin
son 4 ildə 2,5 dəfə artaraq 380 manata çatdığını
qeyd edib.
Nazir COVID-19 pandemiyası
dövründə 4 istiqaməti
əhatə edən
12 sahə üzrə
icra olunan sosial dəstək paketinin ölkə əhalisinin 48 faizinə və ya 4,8
milyon nəfərə
şamil olunduğunu diqqətə çatdırıb.
Bildirib ki, məqsədyönlü iqtisadi-sosial
tədbirlər nəticəsində
2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı
pandemiyadan əvvəlki
göstəricilərini bərpa
edib, ÜDM 5,6 faiz artıb, işsizlik səviyyəsi 7,2 faizdən
6 faizə enib.
2020-ci ildə
44 günlük müharibə
nəticəsində Azərbaycan
beynəlxalq səviyyədə
tanınan ərazi bütövlüyünü bərpa
edib. Postmüharibə dövründə
ölkəmizdə müharibədən
zərər çəkmiş
mülki əhali, eləcə də şəhid ailələri
və müharibədə
yaralanmış insanlarla
bağlı sosial dəstək tədbirləri
45 minə yaxın insanı əhatə edib, onlara 50 minə yaxın sosial xidmət göstərilib.
S.Babayev DOST konsepsiyası
və onun sosial xidmətlərdə
vətəndaş məmnunluğuna
nail olunmasına şərait yaratdığı
barədə məlumat
verib. Həmçinin
nazirliyin 174 xidmətindən
110-nun rəqəmsallaşdırıldığını,
46-sının hazırda proaktiv
qaydada həyata keçirildiyini, bu ilin sonuna kimi
daha 50 xidmətin elektronlaşdırılacağını, nazirlik üzrə xidmətlərin 90 faizinin
e-platformaya keçirilməsinin
hədəf olduğunu
vurğulayıb.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının
sədri Almas Kurmanova videomüraciətində
və Assosiasiyanın
direktoru Yevgeni Ametov çıxışında,
həmçinin Beynəlxalq
Sosial Təminat Assosiasiyasının Baş
katibi Marselo Abi-Ramia Cayetano videoformatda salamlama nitqində sosial sahədə qarşıya
çıxan yeni çağırışlara uyğun
sosial təminat islahatlarının zəruruliyini
və bu sahədə ölkələr
arasında qarşılıqlı
faydalı əməkdaşlığın
vacibliyini və hazırkı konfransın
bu baxımdan əhəmiyyətini qeyd ediblər.
Sonra DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda
sosial müdafiə proqramları, sosial təminat sahəsində aparılan islahatlara dair təqdimat edib. O, həmçinin sosial
təminat sahələri
üzrə xidmətlərin
elektronlaşdırılması istiqamətində əldə
olunan uğurlar, bu sahələrdə yaradılmış proaktiv
xidmətlər, Azərbaycanın
sosial təminat sisteminin prioritet hədəfləri barədə
məlumat verib.
Konfransın gündəliyində
Qazaxıstan, Moldova, Qırğızıstan,
Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində
sosial təminat, həmçinin sosial sığorta və pensiya təminatı sahələrində aparılan
islahatlara dair təqdimatları, müzakirələr
və təcrübə
mübadilələri, habelə
konfrans iştirakçılarına
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının
fəxri fərmanlarının
təqdim edilməsi də nəzərdə tutulub.
Konfrans öz işinə fevralın 24-də yekun vuracaq.
Azərbaycan.-
2022.- 24 fevral.- S.2.