İqor Korotçenko: Rusiya Azərbaycanın ərazi bütövlüyünün baza prinsiplərinin sarsılmazlığını bir daha təsdiq etdi

 

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri, onun Prezident Vladimir Putin ilə görüşləri və danışıqları, Moskva və Bakı arasında strateji əməkdaşlığın bundan sonrakı inkişafı barədə strateji sənədlər kompleksinin imzalanması ölkələrimiz arasında ikitərəfli münasibətlərin gedişatını və inkişafını on illər qabaqcadan müəyyən edən olduqca mühüm hadisədir.

Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Ekspert deyib: “Beynəlxalq vəziyyətin təlatümlü olduğu bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri faktı göstərir ki, Azərbaycanın timsalında bizim strateji tərəfdaşımız, öz öhdəliklərinə cavab verən ölkə kimi etibarlı müttəfiqimiz var. Sözsüz ki, biz bu səfəri, ölkələrimiz arasında qarşılıqlı münasibətlərin perspektivlərini uzun onilliklər qabaqcadan müəyyən edən sənədlərin imzalanmasını alqışlayırıq”.

İ.Korotçenko vurğulayıb ki, dövlətlərimizin liderləri bir daha mövqelərini açıqlayıblar. O deyib: “Rusiya Azərbaycanın ərazi bütövlüyünün baza prinsiplərinin sarsılmazlığını, üçtərəfli Bəyanatın bütün maddələrinin, sonradan imzalanmış sənədlərin tezliklə icrasının vacibliyini bir daha təsdiq etdi. Hesab edirik ki, bu səfər dövlətlərimizin irəliyə doğru hərəkəti üçün əsas olacaq”.

 

Azərbaycan.- 2022.- 24 fevral.- S.3.