UNESCO-nun baş direktoruna məktub: Avropada yaşayan azərbaycanlılar Ermənistandakı Azərbaycan irsinin taleyindən narahatdırlar

 

Ermənistandan qovulmuşbu ölkədəki Azərbaycan tarixi və mədəni irs abidələrindən narahat olan, Avropa, eləcə də Fransada yaşayan bir qrup soydaşımız, diasporumuzun üzvləri, Azərbaycana rəğbəti olan xarici ölkə vətəndaşları UNESCO-nun Baş direktoru Odri Azuleyə məktub ünvanlayıblar.

AZƏRTAC xəbər verir ki, məktubu imzalayanlar Ermənistandan qovulan azərbaycanlılar, eləcə də FransadaAvropada yaşayan Azərbaycan diasporunun üzvləri kimi UNESCO-ya dəfələrlə müraciətlər ünvanladıqlarını, Ermənistanın xalqımızın tarixi və mədəni irsini məhv etmək siyasəti barədə məlumat verdiklərini xatırladıblar. Ermənistanın niyyətli şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu ölkədə Azərbaycan xalqına məxsus mədəni irsin tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə olduğunu bildiriblər.

Qeyd edilib ki, Ermənistanın mədəni irsin məhv edilməsinə yönəlmiş siyasəti azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə paralel aparılıb. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların indiki Ermənistanda doğma yurdlarından kütləvi şəkildə qovulması nəticəsində bu gün bu ölkədə bir nəfər də azərbaycanlı qalmayıb. Təkcə 1987-1989-cu illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı doğma evindən didərgin salınıb, tarixi yurdundan qovularaq qaçqın vəziyyətinə düşüb. Onlardan 217 nəfər müxtəlif şəraitdə vəhşicəsinə qətlə yetirilib.

Vurğulanıb ki, Ermənistan etnik təmizləmə və mədəni irsi məhv etmək siyasətini həyata keçirməklə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların bütün yaddaşının, tarixinin və mədəniyyətinin izlərini qəsdən silmək siyasəti aparıb, onların mədəni irsini talan və məhv edib, özününküləşdirib, azərbaycanlılara mənsub mədəni irs abidələrini erməniləşdirib və bu bölgədəki yerlərin qədim toponimlərini erməni adları ilə əvəz ediblər.

UNESCO-ya ünvanladığımız əvvəlki müraciətlərdə də bir sıra dəqiq və konkret faktlar təqdim etmişdik. Qeyd etmişdik ki, Göy məscid, Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib xan məscidi, Hacı Novruzəli bəy məscidi, Dəmirbulaq məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnamverdi məscidi və Ermənistan ərazisində yerləşən 300-dən çox digər məscid XX əsrin əvvəllərində qəsdən dağıdılmış, mənimsənilmiş və ya başqa məqsədlər üçün istifadə edilmişdir. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilə qədər normal fəaliyyət göstərsə də, hazırda tamamilə sökülüb və yerinə çoxmərtəbəli bina tikilib”,-deyə məktubda qeyd olunub.

Bildirilib ki, Ermənistanda 500-dən (beş yüz) çox azərbaycanlı qəbiristanlığı, o cümlədən Ağadədə, Aşağı Şorca, GüllübulaqSaral məzarlıqları dağıdılıb. Aşıq Ələsgərin Göyçə rayonunda, doğma kəndində ucaldılmış qəbirüstü abidəsi yerlə-yeksan edilib.

Vurğulanıb ki, indiki Ermənistanda çox sayda azərbaycanlıya məxsus məscid və qəbiristanlığın olması vaxtilə bu ərazilərdə yerli azərbaycanlıların əhalinin mütləq əksəriyyətini təşkil etməsi ilə bağlı bu ölkənin demoqrafiketnik vəziyyətini əks etdirir.

XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən Azərbaycanın qədim İrəvan və Naxçıvan xanlıqları ərazisində, o cümlədən Zəngəzur bölgəsində on minlərlə azərbaycanlı bilərəkdən məhv edilib. Belə əməllər beynəlxalq hüquqla yalnız soyqırımı kimi qiymətləndirilə bilər.

Sovet dövründə xaricdən ermənilərin repatriasiyası bəhanəsi ilə Ermənistan SSR-in hakimiyyət orqanları 100 min azərbaycanlının Ermənistandan məcburi köçürülməsinə nail olublar. Bununla belə, repatriasiya edilən ermənilərin böyük əksəriyyəti sonradan Qərbdəki ölkələrinə qayıdıb, halbuki, doğma yurdundan didərgin salınmış - deportasiya edilmiş azərbaycanlılardan çox cüzi hissəsi Ermənistana qayıda bilib.

Sovet Ermənistanı hakimiyyət orqanları azərbaycanlıların məskunlaşdığı ərazilərdə erməni dilinin tədrisinə qəsdən əngəl törədirdilər ki, sonradan həmin azərbaycanlıların inteqrasiyasına mane olsunlar. Bununla da ermənilər azərbaycanlıların ölkəni birdəfəlik tərk etməsinə zəmin yaradırdılar.

“1980-ci illərin sonunda İrəvanda cəmi 300 azərbaycanlı ailəsi qalmışdı. İrəvanda bir dövlət məktəbi, bir rəsmi qəzet və yalnız bir məscid fəaliyyət göstərirdi. Təəssüf ki, münaqişə dövründə bütün bu ailələr doğma evlərini tərk etməyə məcbur olmuş, məscid dağıdılmış, dövlət məktəbi, eləcə də rəsmi qəzet bağlanmışdır. Ali təhsil sistemində isə Azərbaycan bölməsi uzun illər əvvəl fəaliyyətini dayandırmışdı.

Bütün bunlar Ermənistanda hakimiyyətdə hansı rejimin olmasına baxmayaraq, azərbaycanlılara qarşı davamlı və məqsədyönlü etnik təmizləmənin dövlət siyasəti olmasından xəbər verir”, - deyə məktubda qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, Ermənistan ərazisində azərbaycanlılara məxsus minlərlə mədəni irs abidəsinin qəsdən dağıdılması bu ölkənin Azərbaycan xalqına qarşı dözümsüzlüyünün, eləcə də bəşəriyyətə qarşı təhqirin bariz nümunəsidir.

Bu, həmçinin Ermənistanın heç bir ümumbəşəri dəyəri tanımadığına dəlalət edir. Ermənistanın bütün bu qanunsuz əməlləri və vandalizm aktlarını törədərək, onilliklər ərzində cəzasız qalması beynəlxalq ictimaiyyətə yanlış mesaj verir. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, bu cür tədbirlər Ermənistanda dövlət siyasətini təcəssüm edirona qarşı tədbirlər görülməlidir. Artıq hərəkət etməyin vaxtıdır!

Bu məqsədlə beynəlxalq hüququn mövcud mexanizmləri tətbiq edilməlidir. Xüsusilə də mədəniyyət obyektlərinin qəsdən məhv edilməsi, təhrif olunması və mənimsənilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyasının, eləcə də 1954-cü və 1970-ci il UNESCO konvensiyalarının kobud şəkildə pozulmasıdır. Ermənistana qarşı irəli sürülən əməllər yalnız müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilər. Mədəni irsin qəsdən məhv edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul edilmiş 2347 saylı qətnaməsində müəyyən olunduğu kimi sülh və təhlükəsizlik məsələsidir.

Məktubda, həmçinin qeyd olunub: “Yuxarıda sadalanan faktlara əsaslanaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni-tarixi irsinin bugünkü vəziyyətini qiymətləndirmək üçün Ermənistana bir qrup ekspert göndərməyinizi xahiş etmişdik. Təəssüf ki, Ermənistan öz məkrli və qanunsuz əməllərini gizli saxlamaq üçün belə bir missiyanın əleyhinə çıxdı.

Lakin 2022-ci il fevralın 4-də Azərbaycan, Fransa, Avropa Şurasının prezidentləri və Ermənistan baş naziri arasında keçirilən videokonfransda Ermənistana və Azərbaycana UNESCO-nun missiyasının göndərilməsi ilə bağlı razılıq əldə edilib. Bu xəbər bizi daha da ilhamlandırdı və yenidən sizə müraciət etməyə ruhlandırdı. Ümid edirik ki, bu öhdəliyi götürən Ermənistan UNESCO-nun missiyasının həyata keçirilməsinə mane olmayacaqbu missiyanın obyektiv hesabatından sonra bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Nəhayət, Ermənistan əməllərinə görə məsuliyyət daşımalıdır”.

Məktubda UNESCO Baş direktorundan Ermənistanda Azərbaycana məxsus tarixi və mədəni irs abidələrinin vəziyyətinin araşdırılması üçün bu ölkəyə missiya göndərilməsi istənilib.

Eyni zamanda, sadalanan faktlarla bağlı bəzi sənədlər də məktuba əlavə edilib.

 

Azərbaycan.- 2022.- 24 fevral.- S. 4.