Ölüm onu xilas etdi - Xocalı faciəsinin şahidi Xumar Səlimova o gecədən danışdı

 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi. Ümumilikdə şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

AZƏRTAC-ın bölgə müxbiri Xocalı soyqırımında yaxınlarını itirən, faciənin canlı şahidləri olan Səlimovlar ailəsinin üzvləri ilə görüşüb, o dəhşətli gecənin acı xatirələrini onların dilindən dinləyib.

Ailədə 4 bacı, 3 qardaş olan Xumar Səlimova orta təhsilini doğma Xocalıda alıb. Hacı Zeynalabdin Tağıyev adına Maliyyə-Kredit Texnikumunun Xocalı filialının tələbəsi olan gənc qızın tələbəlik arzuları erməni vəhşiliyi səbəbindən ürəyində qalıb.

Digər Xocalı sakinləri kimi, Xumar da ermənilərin azərbaycanlılara qarşı necə nifrət bəslədiklərini bilirdi. Amma onların insanlığa qarşı belə bir faciə törətməyə cürət edəcəklərini gözləmirdi. Gəncədə məskunlaşan Xumar Səlimova deyir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onun kimi minlərlə Xocalı sakininin həyatında ömür boyu unudulmayacaq ağrı-acılı, dəhşətli bir iz qoyub. Bildirir ki, üstündən 30 il keçməsinə baxmayaraq, elə bil hər şey dünən baş verib. Erməni vandallarının azərbaycanlıların evlərini yandırması, qardaşlarını, atasını, qohum-əqrəbalarını güllələməsi hələ də gözünün qabağından getmir. O günləri unutmaq istəsə belə, bədənindəki qəlpə yaraları həmin dəhşətli gecəni hər gün xatırladır.

“Həmin gecə qapıdan çölə çıxanda gördük ki, insanlar qrup halında əliyalın toplaşıblar. Şəhər atəşə tutulurdu. Bizə deyildi ki, şəhəri tərk etmək üçün bir yol var - Qarqar çayını keçib Ağdam istiqamətində qaçmaq. Gecə idi, fevralın soyuğu sümüyə işləyirdi, qar yağırdı. Ayaqyalın dağın ətəyi ilə yol gedəsi olduq. Birdən ermənilər bizi pusquya saldılar. Tanışlarımın, qohumlarımın çoxu orada həlak oldu, qalanlar da hərə bir tərəfə qaçıb canını qurtardı. Mən isə qaça bilmədim. Ermənilər həlak olanları yoxlayırdılar ki, ölüb-ölmədiklərinə əmin olsunlar. Uzanıb özümü ölmüş kimi göstərdim. Gəlib üstümdən keçdilər. Onlar uzaqlaşdıqdan sonra qaçmağa başladım. Bir xeyli getdim, qardaşımla atamı tapdım. Qardaşım polis əməkdaşı olduğuna görə silahı var idi. Silahı mənə tuşlayaraq ağladı, istədi ki, məni vursun. Dedi ermənilərin əlinə düşsən, başına olmazın oyununu açacaqlar. Amma vurmağa əli gəlmədi. Atam da qoymadı, dedi ki, qaç, sənin xilas olmaq şansın var...”, - deyə Xocalı sakini o gecənin dəhşətli səhnələrini ürək ağrısı ilə danışır. Ailənin digər üzvü Gültəkin Səlimova da faciənin canlı şahidlərindəndir. O, həmin dəhşətli gecəni belə xatırlayır: “Fevralın 25-i axşam saat 11-də ermənilər evlərə atəş açmağa başladılar. Evin zirzəmisində bir müddət gözlədikdən sonra bizə dedilər ki, hər tərəfdən mühasirəyə alıblar. Ondan sonrakı hadisələri nəinki danışmaq, o dəhşətləri xatırlamaq belə istəmirəm. Atam, qardaşlarım şəhid oldu. İki bacım Xocalı faciəsindən sonra ürək xəstəliyi tapdı, çox yaşamadılar. Xumar bacımın bədənindən nə qədər qəlpə çıxarılıb, hələ də qəlpə yaraları var. İkimiz də şəkərli diabet xəstəsiyik. 30 ildir yaşayan ölü kimi sadəcə nəfəs alıb veririk”.

Xocalıda əhali tərəfindən təşkil olunan özünümüdafiə dəstələrində yerli sakinləri qoruyan döyüşçülərdən biri də Gültəkin Səlimovanın həyat yoldaşı Rafiq Allahverdiyev olub. O, həmin gecə olmazın dəhşətləri gördüyünü deyir. “Xocalıdan çıxanda qadınlar, yaşlılar və uşaqlar ayrı, kişilər, yəni döyüşə bilənlər isə ayrı qruplara ayrıldıq. Silahımız, texnikamız olmasa da, qabaqda gedirdik ki, ermənilər pusqu atmış olsa, bizimlə döyüşsünlər. Lakin ermənilər hamımızı pusquya saldılar. Heç bir yerdə görmədiyimiz vəhşiliyi həmin gecə ermənilər azərbaycanlılara etdilər. Cavan oğlanları əzab verə-verə öldürdülər. Qız-gəlinlərə hücum etdilər, namuslarını ləkələdilər. Qaçıb sağ qalanlar isə bizim kimi o dəhşətlərlə yaşayırlar”, - deyə Rafiq əlavə edir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və fevralın 26-sı “Xocalı Soyqırımı Günüelan olunub.

İndiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.

 

Azərbaycan.- 2022.- 24 fevral.- S.6.