Qarabağın tanınmış simaları
Məhşur nəsillər
Qədim Şuşanın ən məşhur soyadlarından biri - Vəzirovlardan söhbət düşəndə ilk növbədə Mirzə Camal bəyin adını çəkmək lazım gəlir. Əslində, baş vəziri olduğu İbrahimxəlil xan və Mehdiqulu xan kimi, o da Cavanşirlər soyundan idi.
Cavanşir elindən, Hacılı qolundan olan Mirzə Camal bəy 1773-cü ildə Gecəgözlü obasında dünyaya gəlib. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunandan sonra onlar şəhərə köçüblər. Ədəbiyyatçı Adolf Berje yazıb: “Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa, avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı”.
Mirzə Camal bəy divanda katib işləyib. Baş vəzir Molla Pənah Vaqif Məhəmməd bəy Cavanşir tərəfindən qətlə yetirildikdən sonra İbrahimxəlil xan qayıdıb, yenidən xanlıq taxtında əyləşdi. Divanxana katibi Mirzə Camal bəy də o zaman baş vəzir təyin edildi. 1822-ci ildə xanlıq ləğv olunduqdan sonra ona hərbi idarədə yaradılan məhkəmədə vəzifə verildi. On səkkiz il məhkəmə sistemində çalışdı. 1840-cı ildə istefaya çıxdı və bundan sonra tibb elmini yaxşı bilən Mirzə Camal bəy həkimliklə məşğul oldu, insanları pulsuz müalicə etdi.
Qarabağın əksər mahallarında onun mülkü olub. Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. 1815-ci ildə “İran tarixi haqqında qısa icmal” adlı tarixi əsər yazıb. 1847-ci ildə isə Qarabağın siyasi hadisələrindən bəhs edən “Qarabağ tarixi” əsərini qələmə alıb. Mirzə Camal bəy 1853-cü ildə dünyadan köçüb.
Onun Rzaqulu bəy, Mehdi bəy adlı oğulları, Hürzad xanım, Qönçə xanım və Çimnaz xanım adlı qızları olub. Oğlu Rzaqulu bəy 1814-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. İbtidai təhsilini molla yanında alıb. Sonralar mədrəsədə və Şuşa qəza məktəbində təhsil alıb. Şuşa qəzasının Çıləbörd sahəsidə murov yardımçısı, murov vəzifələrində çalışıb. 1842-ci ildə praporşik rütbəsi alıb. Azərbaycan tarixini və ədəbiyyatını gözəl bilib. O, bioqraf kimi “Dəftəre vəqaye və keyfiyyəte hökumət və istiqlale xəvanin məğfurun, mərhumun Pənah xan, İbrahim xan dər vilayəte Qarabağ” adlı tarixi, “Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştü Axund Molla Əlipənah Vaqif təxəllüs” və Müqəddimati-sərgüzəştü Qasım bəy Zakir təxəllüs” adlı bioqrafik əsərlərini qələmə alıb.
Rzaqulu bəyin Həşim bəy, Məhəmmədşəfi bəy, Camal bəy adlı oğulları, Nənəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları olub. O, 1875-ci ildə vəfat edib.
Mirzə Həmid bəy Vəzirov 1827-ci ildə Şuşa şəhərində doğulub. Şəhər rus-tatar məktəbində oxuyub. 1845-ci ildə Mehri polis sahəsində tərcüməçi kimi fəaliyyətə başlayıb. Sonra Cavad və Vərəndə sahəsində mülki hakimin köməkçisi, Dərbənd və Qars şəhərlərində mülki hakim vəzifələrində çalışıb.
Mirzə Həmid bəyin Zeynalabdin bəy, Fərrux bəy, Azad bəy, Cavad bəy adlı oğulları, Xeyrənsə xanım adlı qızı olub.
Onun oğlu Zeynalabdin bəy 1854-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Rus-tatar məktəbində oxuyub. Yelizavetpol Şəhər Qəza Məhkəməsində işləyib. Sonra Qars hərbi qubernatorunun dəftərxanasında kargüzarlıq edib. Gəncəyə gedib. Dilmanc işləyib. Şuşaya dönüb, şəhərdə rəis köməkçisi vəzifəsində çalışıb.
Bir müddət Cəbrayıl, Nuxa və Şuşa qəzalarında çalışıb. 1897-ci ildə istefaya çıxıb. O, 1933-cü ildə Bakıda vəfat edib.
Zeynalabdin bəyin Allahyar bəy, Aslan bəy, Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları olub.
Mirzə Həmid bəyin digər oğlu - mühəndis, xeyriyyəçi. məmur, müşavir, Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Fərrux bəy 1857-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 1882-ci ildə Bakı real məktəbini bitirib, 1886-cı ilədək Sankt-Peterburq Dağ-Mədən İnstitutunda dağ mühəndisi ixtisasına yiyələnib.
Fərrux bəy Kultin duz mədəninin başçısı kimi altı ay fəaliyyət göstərdikdən sonra öz xahişi ilə işini dəyişib, Bakı şəhərinə gələrək Dağ-mədən dairəsinə rəis yardımçısı vəzifəsində çalışıb. Vaqon-sisternlərinin bölüşdürülməsi komitəsinin sədri təyin olunub. Bir il sonra “Xəzər yoldaşlığı” ortaqlığının başçısı, eləcə də “Dağıstan vilayətinin Çıryurd qurğuşun hasili yoldaşlığı” şirkətinin yaradıcılarından və payçılarından biri olub. “Xəzər yoldaşlığı”nda beş il çalışdıqdan sonra neftçıxarma idarəsini yaradıb. “Naftalan neft istehsalı yoldaşlığı”nın paylarından çoxunun sahibi olub. Şuşa qəzasının Hindarx kəndində geniş torpaq sahəsi alıb. Yeni aqrotexniki qaydada pambıq əkib, pambıqtəmizləmə zavodu tikib. At zavodu yaradıb. Hindarx kəndində məktəb, xəstəxana inşa etdirib.
1906-cı ildə Sankt-Peterburq şəhərinə köçən Fərrux bəy ictimai, siyasi və iqtisadi məsələlərlə məşğul olub, müsəlmanların hüququnu müdafiə edib.
Fərrux bəyin
Əlmurad bəy adlı oğlu olub. O,
1920-ci ildə vəfat
edib.
Çar ordusunun
mayoru, məmur Əbdürrəhim bəy
Vəzirov 1840-cı ildə
Şuşa şəhərində dünyaya
gəlib. Şəhər məktəbində təhsil alıb. Çar ordusunda xidmətə başlayıb, mayor rütbəsinədək
yüksəlib. O, 1877-1878-ci illərdə Rus-Osmanlı
müharibəsində iştirakına
görə “Vladimir” xaçına
layiq görülüb.
Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu, şair, həkim Əsəd bəy
1824-cü il təvəllüdlü idi.
Mədrəsə təhsili alıb.
Bir neçə dil öyrənib. Mülkədar olmaqla yanaşı, həkimliklə məşğul
olub. O, 1873-cü ildə
dünyasını dəyişib.
Şair, hüquqşünas
Bəhram bəy Vəzirov 1857-ci il
dekabrın 23-də anadan
olub. Şeirlərini Fədai təxəllüsü
ilə qələmə
alan Bəhram
bəy “Azərbaycan Məclisi-Məbusanın təsisi
haqqında qanun”una əsasən, İttihad Partiyasından Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin üzvü
seçilib. Sovet hakimiyyəti illərində
o, həm də İttihadçı kimi gizli fəaliyyət göstərib. Tezliklə həbs
edilib. Bəhram bəy Ağdam
həbsxanasında vəfat
edib.
1924-cü il
fevralın 15-də Qaryagin rayonunun Sərdarlı kəndində
dünyaya gələn
Fəridə Vəzirova
Bakı şəhərində
171 saylı orta məktəbdə oxuyub. 1940-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1942-ci ildə
könüllü ordu
sıralarına yollanıb.
1945-ci ilin oktyabrında
tərxis edilib. Təhsilini davam etdirib. 1948-1949-cu illərdə “Azərbaycan müəllimi”
qəzeti redaksiyasında
ədəbi işçi
işləyib, 1949-1952-ci illərdə
ADU-nun aspiranturasında oxuyub.
“Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri,
ADU-nun Filologiya fakültəsində
Azərbaycan ədəbiyyatı
tarixi kafedrasında baş müəllim, dosent, sonra isə
professor olub. O, 1986-cı ildə Bakı şəhərində vəfat
edib.
Süleyman Vəzirov 1910-cu ildə Şuşada dünyaya gəlib. Tələbə ikən kinomexanik
köməkçisi işləyib.
Texnikumu bitirdikdən sonra İliç buxtasında çalışıb. 1928-1932-ci
illərdə Azərbaycan
Politexnik İnstitutunun
Dağ-mədən fakültəsində
təhsil alıb.
Pirallahı, Lökbatan,
Qaraçuxur neft-qaz yataqlarında işləyib.
Müxtəlif illərdə
“Molotovneft” trestində
(indiki Əmirov adına Neftqazçıxarma
İdarəsi) mədən
müdirinin müavini,
“Kaqanoviçneft” trestinin
(indiki Suraxanı Neftqazçıxarma idarəsi),
“Azneftkombinat”ın baş
mühəndisi vəzifələrində
çalışıb. 1942-ci ildə “Azneftekombinat”a rəhbər təyin edilib. 1945-ci ildə “Azneft”
Birliyinin rəisi olub. Mir Cəfər
Bağırov səbəb
göstərmədən onu
vəzifədən kənarlaşdırıb.
1946-cı ildə SSRİ Nazirlər Sovetinin təsdiqi ilə ölkənin cənub və qərb rayonlarında neft hasilatı üzrə Baş İdarənin rəisi vəzifəsinə
seçilib. 1949-cu ildə Stalinin əmri ilə “Turkmənneft” Birliyinin müdiri təyin olunub.
Nəhayət, Mir Cəfər Bağırovun
hakimiyyətinin sonu gəlib. Azərbaycan SSR KP MK-nın birinci
katibi İmam Mustafayev onu respublikaya dəvət edib. Süleyman Vəzirov 1954-cü ildə Azərbaycanın birinci neft sənayesi
naziri olub. 1958-ci ildə Azərbaycan
SSR Nazirlər Sovetinin
sədr müavini vəzifəsinə yüksəlib.
1959-cu ildə isə Azərbaycan SSR Xalq Təsərrüfatı
Şurasının sədri
olub.
Aslan bəy Zeynalabdin bəy oğlu Vəzirzadə
1898-ci il dekabrın 6-da anadan olub.
O, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən
Avropaya təhsil almaq üçün göndərilən yüz
tələbənin biri
olub. 1920-ci ilin
yanvarında Bakıdan
Batuma, oradan isə Romaya yollanıb. Aslan bəy xəstələndiyi
üçün Romada
qalmalı olub. Sonra sağalıb. Parisə gedib.
Paris Universitetinin Riyaziyyat-kimya fakültəsində
oxumağa başlayıb.
Təhsilini Nansi Universitetində
Geologiya fakültəsində
davam etdirib.
1920-ci il 28 aprel işğalından sonra təqaüdləri kəsilən tələbələrin
ağır günləri
başlayıb. Aslan bəy
müxtəlif işlər
görərək təhsilini
davam etdirib, tətillərdə kömür
mədənlərində çalışıb.
1925-ci ildə Bakıya qayıdan Aslan bəy “Azneft”də geoloji kəşfiyyat işləri ilə bərabər, Azərbaycan Politexnik İnstitutunda dərs deyib. Ali təhsil ocağında ömrünün sonu, 1984-cü ilədək pedaqoji fəaliyyətini davam etdirib. 1930-cu ildə professor elmi adını alıb.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.-24 fevral.- S.7.