Şuşanın ilk hərbi tibb təhsili müəssisəsi
İlk məktəblər
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada hərbi tibb təhsili müəssisəsi - feldşer məktəbi yaradılmışdır. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması məqsədilə hərbi nazirin 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitar kursları açılmışdı.
Bu kurslar hərbi-hissə kadrlarına olan ehtiyacı ödəmədiyi üçün hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimi S.Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə təklifini bəyənib müdafiə etmişdi. Hərbi nazirin 1919-cu il 3 sentyabr tarixli 406 saylı əmrində göstərilirdi ki, Şuşa Hərbi Feldşer Məktəbi ştat cədvəlinin rəsmən təsdiqlənməsini gözləmədən dərhal fəaliyyətə başlasın. Məktəb nazirliyin hərbi tibb idarəsinə tabe idi və onun ştatı 1919-cu il avqustun 31-də Hərbi Şurada təsdiq olunmuşdu.
Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə S.Mehmandarovdan əlavə, həkimlər Ağayev və Ağakişibəyov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə ilkin hərbi hazırlıq keçmiş və feldşer olmağı arzulayan əsgərlər, həmçinin 30 yaşınadək mülki şəxslər qəbul edilə bilərdi. Mülki şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yararlı olub-olmamaları müəyyənləşdirilməli idi. Məktəbdə dərslər təsdiq edilmiş proqram əsasında, Azərbaycan dilində aparılmalı, buraxılış imtahanını uğurla verənlər hissələrə təyinat aldıqları gündən başlayaraq 2 il xidmət keçməli idilər.
Məktəbin tədris proqramında anatomiya və fiziologiya, cərrahiyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, daxili xəstəliklər, xəstəyə qayğı, bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı ilkin yardım, gigiyena haqqında ümumi məlumat, dezinfeksiya, əczaçılıq fənlərinin keçirilməsi nəzərdə tutulmuşdu.
Hərbi feldşer məktəbinin smeta və ştat cədvəli qanunvercilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində - 1920-ci il aprelin 26-da təsdiq olunmuşdu.
Azərbaycan.- 2022.-24 fevral.- S.7.