İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda
Əlahəzrət,
Əziz Qardaşım,
Azərbaycan Respublikası ilə Səudiyyə
Ərəbistanı Krallığı arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar
Sizi və qardaş xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən
təbrik edirəm.
Tarixi, dini və mədəni
köklərlə bir-birinə bağlı olan
xalqlarımızın maraqlarına xidmət edən dövlətlərarası
əlaqələrimiz ötən otuz il ərzində dinamik
inkişaf yolu keçmiş, əməkdaşlığımız
həm ikitərəfli, həm də çoxtərəfli əsasda
genişlənmişdir.
Səudiyyə Ərəbistanı
bizim üçün vacib tərəfdaş və qardaş
ölkədir. Mən qarşılıqlı etimad üzərində
qurulmuş münasibətlərimizin hərtərəfli
inkişafına böyük əhəmiyyət verirəm.
Eyni zamanda ölkələrimizin beynəlxalq təşkilatlar,
xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində səmərəli əməkdaşlığını
məmnunluqla qeyd edir, qarşılıqlı fəaliyyətimizi
bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.
Azərbaycan xalqı Səudiyyə
Ərəbistanının ölkəmizin ərazi
bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına verdiyi dəstəyi və ədalətli
mövqeyini yüksək qiymətləndirir və bunu
qardaşlığımızın bariz ifadəsi kimi qəbul
edir.
Bu gün bir sıra sahələrdə
əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur.
Əməkdaşlığımızın prioritet istiqamətlərindən
olan enerji sektorunda, o cümlədən OPEC+ formatı çərçivəsində
uğurlu iş birliyimiz təqdirəlayiqdir. Bərpaolunan
enerji sahəsində əməkdaşlığımızı
xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanın
bu sektorda ən böyük elektrik stansiyası olacaq və
ölkəmizin enerji təhlükəsizliyinə töhfə
verəcək "Xızı-Abşeron" Külək
Elektrik Stansiyası layihəsinin investoru və
icraçısının məhz qardaş ölkənizin
“ACWA Power” şirkətinin olması bizi sevindirir.
Əlahəzrət,
Səudiyyə Ərəbistanına
etdiyim səfərlər zamanı mənə göstərilən
yüksək diqqət və qonaqpərvərliyi, Sizinlə
mehribanlıq və səmimiyyət şəraitində
keçən görüşlərimizi həmişə ən
xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı
arasında ənənəvi dostluq əlaqələrini
genişləndirmək, həm ikitərəfli, həm də
çoxtərəfli müstəvidə əməkdaşlığımızın
potensialından tam bəhrələnmək üçün
bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm
cansağlığı, uzun ömür, işlərinizdə
müvəffəqiyyətlər, Səudiyyə Ərəbistanı
Krallığının qardaş xalqına daim əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
21 fevral 2022-ci il
Azərbaycan.-
2022.- 25 fevral.- S.1.