Azərbaycan-Meksika əlaqələri yüksələn
xətlə inkişaf edir
Fevralın 24-də Milli Məclisin sədr müavini Adil Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini Azərbaycan-Meksika əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Hər iki ölkənin tarixinə, mədəniyyətinə nəzər salan Adil Əliyev qarşılıqlı əlaqələrin inkişafının xalqlarımızın maraqlarına uyğun olduğunu diqqətə çatdırıb. Qanunvericilik orqanları arasında münasibətlərdən danışan Adil Əliyev parlamentlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına özünəməxsus töhfə verdiyini qeyd edib, iqtisadi, təhsil, elm, mədəniyyət sahələrində olan qarşılıqlı əlaqələrdən danışıb.
Hazırda Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunduğunu bildirən Milli Məclis sədrinin müavini faciə barədə məlumat verərək deyib ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoysa da, Xocalı soyqırımının günahkarları hələ də cəzalandırılmayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına cavab olaraq Meksika parlamentinin 2012-ci ildə Xocalı soyqırımını tanıyaraq ədalətli mövqe sərgilədiyinə görə səfirə bir daha minnətdarlığını bildirən Adil Əliyev iki ölkə arasında münasibətlərin bundan sonra müxtəlif sahələrdə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Meksika
Birləşmiş Ştatlarının ölkəmizdəki
səfiri Rodriqo Labardini
səmimi görüşə görə təşəkkürünü
bildirib, ölkələrimiz arasında
münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini məmnunluqla
vurğulayıb. Azərbaycanla Meksika
arasında artan ticarət dövriyyəsinə
toxunan səfir münasibətlərin dərinləşməsinin
xalqlarımıza, dövlətlərimizə faydasından
danışıb. Hər iki ölkənin
bu münasibətlərin
inkişafında maraqlı olduğunu deyən
diplomat bundan sonra da iqtisadi,
mədəni, idman sahələrində əlaqələrimizin
uğurla davam edəcəyinə
əminliyini bildirib. Azərbaycanda olduğu müddət ərzində burada sürətli inkişafın şahidi olduğunu
söyləyən diplomat ölkəmizə
uğurlar arzulayıb.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 25 fevral.- S.6.