Xarici jurnalistlər Birinci Qarabağ müharibəsində azərbaycanlıların
kütləvi basdırıldığı məzarlıqda olublar
Erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıların kütləvi basdırdıqları məzarlıq açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan 26 jurnalist işğaldan azad edilən Xocavəndin Edilli kəndində məzarlıqda olub.
Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev yerli və xarici media nümayəndələrinə məzarlıq haqqında məlumat verib. Bildirib ki, 1993-cü ildə Bakı şəhərində işlədiyi vaxt, ermənilərin kəndlərinə hücum etdiyini eşidib və valideynlərini təhlükəsiz yerə aparmaq üçün köməyə gəlib. Avqustda erməni hərbçilər onu girov götürüb. 48 gün Edilli kəndində girov saxlanılıb. Onun sözlərinə görə, erməni hərbçiləri döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu kəndə gətirərək qazılan quyulara töküb, üstünü torpaqlayıblar.
Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Şahidlərin ifadələri əsasında aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov bildirib ki, Komissiyada toplanmış materiallara, şahid ifadələrinə əsasən, azad olunmuş rayonlarımızda, xüsusən Xocavənd, Ağdam və Füzuli ərazilərində bir çox kütləvi və fərdi məzarlıqların olması barədə məlumat mövcuddur: “Xocavəndin Edilli kəndində kütləvi məzarlığın olması da bu məlumatlar sırasında idi. Şahid ifadələrinin və materialların təhlili nəticəsində bura baxış keçirildi və Prezidentin göstərişinə əsasən yaradılmış İşçi qrupunun mütəxəssisləri tərəfindən məzarlıq aşkarlandı. Məzarlıq fevralın 23-də açılıb. Hazırda mütəxəssislər burada çalışırlar. Şahidlərin ifadələrinə görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da cəsədlərin olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək”.
Azərbaycan.- 2022.- 25 fevral.- S.6.