İlham Əliyevin hədəfləri

 

Dostların sayı artdıqca və dostluğumuz möhkəmləndikcə gücümüz də artır

 

Azərbaycan Prezidenti İlham Əliyev bizi hər zaman möhtəşəm addımları ilə təəccübləndirməyi və sevindirməyi bacarır.

Qəflətən elə gözlənilməz gedişlər edir ki, heyran olmaya və qürur duymaya bilmirsən!

15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik bəyannaməsini ratifikasiya və təsdiq edərək yenicə qüvvəyə mindirmişdik.

Bunun ardınca 22 fevral 2022-ci ildə Moskvada daha bir vacib və mühüm əhəmiyyətli sənəd - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalandı.

 Yaxın tarixə baş vursaq, bu müqavilələrin necə vacib əhəmiyyət daşıdığını, xüsusən müstəqil Azərbaycan üçün nə qədər vacib və gərəkli olduğunu görərik!

Türkiyə bizə dost və qardaş ölkədir!

Necə deyərlər, əti ətimizdən, qanı qanımızdandır!

Ulu Öndərimizin təbirincə söyləsək: bir millət, iki dövlətik!

Amma 1992-ci ildə ozamankı Prezident Ə.Elçibəy Kəlbəcərdən dinc əhalini təhlükəsiz, sağ-salamat çıxarmaq üçün Türkiyədən 2 mülki vertolyot ala bilmədi!

Çünki Süleyman Dəmirəl Türkiyəsi icazə olmadan qardaş Azərbaycana kömək göstərmək imkanında deyildi!

Rəcəb Tayyib Ərdoğan Türkiyəsi isə artıq dünya dövlətinə çevrilib, öz maraqlarını təmin edən müstəqil siyasəti yürüdür!

Azərbaycan Prezidenti cənab İlham Əliyev isə Türkiyə-Azərbaycan qardaşlığını tarixində görünməyən səviyyəyə yüksəltməyi, strateji müttəfiqliyə çevirməyi bacardı!

II Qarabağ müharibəsində və bu gün də qardaş Türkiyə bütün varlığı - silahı, ordusu, iqtisadi qüdrəti, mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu və indi də Qarabağdadır!

SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun Azərbaycana qarşı murdar mövqeyi, sovet ordusunun, xüsusən 366-cı alayın birbaşa yardımı olmasaydı, Ermənistan Azərbaycan torpaqlarını heç zaman işğal edə bilməzdi!

Vətən müharibəsi dövründə isə Rusiya Ermənistan tərəfindən döyüşmədi, əksinə, sülh yaradaraq məsələnin sonrakı mərhələsini diplomatiya müstəvisində həllinə yönəltdi və beləliklə, bəzi təhlükələri qabaqlamış oldu.

Bu, bir reallıqdır ki, Rusiyanın iştirakı olmadan Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mümkün deyil!

Xüsusən dünyanın indiki dövründə!

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev ən çətin, ən ağır məqamdan uduş ilə çıxmağı gözəl bacarır!

Baxın, COVID-19 dünyanı iflic vəziyyətinə salıb, ölkələr özünə qapanır, insanlar normal həyatlarını yaşaya bilmir, iqtisadi fəallıq azalır, istehsal aşağı düşür, çıxılmaz durum yaranır...

Cənab İlham Əliyev isə dünya üçün ən pis, fəlakətli il sayılan 2020-ci ili Azərbaycan üçün ən şərəfli, tarixi Zəfər ilinə çevirir, 44 günlük Vətən müharibəsi apararaq ərazi bütövlüyünü bərpa edir!

2022-ci il də dünya üçün narahat və qorxulu bir ildir!

ABŞ və Avropa Rusiyanın üstünə düşərək onu Ukraynaya hücumdan, fəlakətə çevrilə biləcək müharibədən çəkindirməyə çalışır, yeni sanksiyalarla hədə-qorxu gəlir.

Azərbaycan Prezidenti İlham Əliyev isə dünyanın bacarmadığı, ipə-sapa yatmayan Rusiya ilə dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldir, qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında müqavilə imzalayır!

Bununla da Rusiya ilə dostluğu daha da möhkəmləndirərək bundan milli maraqlar naminə faydalanmağı, eyni zamanda bu dostluğu məharətlə düşmənə qarşı yönləndirməyi də bacarır!

Əsl müdriklik də, məharət də, diplomatiya da budur!

 

***

 

Maraqlı bir detalı da diqqətdən qaçırmayaq:

Moskvada yeni bəyannamə imzalanan gün Milli Məclisin iki deputatı

AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana səfər etmişdilər!

Ermənistan paytaxtı bir-birinə dəymişdi!

Erməni xalqı qalib Azərbaycanın iki nümayəndəsinin öz paytaxtlarına səfərini həzm edə bilmirdi!

Çünki biabırçı məğlubiyyətlərinin ağrı-acısını get-gedə daha çox duyurlar!

Hələ mənasız etiraz aksiyaları vaxtı Azərbaycanla Rusiya arasında yeni, daha yüksəksəviyyəli dostluq və əməkdaşlıq sənədinin imzalanmasından xəbərsiz idilər!

Üstəlik, bilmirdilər ki, yeni bəyannamədə baş nazirlərinin gizlənərək qol çəkdiyi kapitulyasiya aktındakı mühüm müddəaların icrasının zəruriliyi də öz əksini tapıb!

Bəyannamənin 9-cu bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada yeri, sözü olan və özü görünən siyasi xadimdir!

Dövrümüzün ən mahir diplomatlarındandır.

Ən böyük məharəti isə kiçik Azərbaycanın maraqlarını böyük dövlətlərin maraqları arasında qoruyub saxlamağı, müstəqil siyasət yürütməyi, dövlətini qovğalardan sovuşdurmağı bacarmasındadır!

Etibarsız dünyada uzaqgörən və çevik siyasət yürütməsən, salamat baş saxlaya bilməzsən!

Azərbaycan bütün dünya ilə, o cümlədən Avropa ilə sıx əməkdaşlıq edir. Hazırda BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədridir.

 

Pandemiya dövründə atdığı əməli addımları, səmərəli təşəbbüsləri ilə bir sıra ölkələrə müxtəlif yardımlar etdi, hörmət qazandı.

“Cənub qaz dəhlizi” layihəsini vaxtında reallaşdırmaqla Avropa dövlətlərinin indiki çətin məqamında qolundan tutdu, etibarlı tərəfdaş olduğunu sübuta yetirdi, dostlarının sayını artırdı.

Azərbaycan artıq Avropa İttifaqı ilə mühüm saziş imzalamaq ərəfəsindədir!

Həmişə siyasətində, əməlində düzdür, səmimidir, kimdənsə kiməsə qarşı istifadə etməyə yol vermir və özü də başqalarına yönəlik əməllərin heç zaman iştirakçısına çevrilmir, nə də buna şərait yaratmır.

 

***

 

Bütün dünya ilə qarşılıqlı maraqlar əsasında dostluq əlaqələri yaradan Azərbaycan niyə məqam yaranan kimi nəhəng qonşusu Rusiya ilə əlaqələrini daha da yaxşılaşdırmasın!

* Rusiya ən böyük qonşumuzdur;

* Bu gün də yüz minlərlə azərbaycanlı orada işləyərək çörək qazanır;

* Rus elmi, mədəniyyəti, ictimai fikrinin həmişə Azərbaycana təsiri olub və inkişafında mühüm rol oynayıb;

* Rusiya ən böyük ticarət tərəfdaşımızdır və ticari əlaqələrin həcmi 3 milyard dolları keçib;

* Rusiya bölgədə əsas söz sahibidir;

* Rusiyanın gücünü və imkanlarını görmədən, maraqlarını nəzərə almadan yeridilən siyasətin, atılan addımların uğuru real görünmür.

İlham Əliyevin bir siyasətçi kimi nəhəngliyi bunların hamısını bilməsində, nəzərə almasında və dəqiq hesablamalar aparmasındadır!

Reallıq göstərir ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda formalaşmış yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik bəyannamələrini imzalaması yeni konfiqurasiyanı rəsmən təsbit edir.

Moskva Bəyannaməsinin bəndləri ilə yaxından tanışlıq oradakı müddəaların Azərbaycanın maraqlarını tam əhatə etdiyini göstərir.

Bir neçə bəndə birlikdə nəzər salaq:

“1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

“2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər”.

“18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

 

***

 

Azərbaycan heç zaman heç kəsə arxayın olmur, kimsənin arxasında gizlənmir, milli maraqlarını heç bir halda qurban vermir!

Yaxın tariximiz də göstərdi ki, ən doğru yol məhz budur!

BMT Təhlükəsizlik Şurası otuz ildən çox müddətdə dörd məlum qətnaməsinin icrası üçün sözdən o yana keçmədi...

ATƏT-in Minsk qrupu “öz aranızda razılığa gəlin”, “bölgədə yeni reallıqlar yaranıb” kimi cəfəng fikirlərlə yaxasını münaqişənin sülh yolu ilə həllindən kənara çəkdi...

Beynəlxalq qurum və təşkilatlar nə ədaləti bərpa etdilər, nə də beynəlxalq hüququn prinsiplərinin tətbiqinə cəhd göstərdilər...

Bircə dəfə də Ermənistana qarşı sanksiya tətbiq olunmadı, işğal ərazisindən çıxması üçün ona heç bir təzyiq göstərilmədi...

Məhz buna görə də Azərbaycan yalnız özünə, öz gücünə və imkanlarına, dostlarının yardımına arxalanaraq problemi hərbi yolla həll etdi!

Münasibət qurduğu ölkələrdən silah-sursat aldı, yüksək hərbi biliklərə malik zabit kadrları hazırladı, qazandığı dostlar hesabına hərbi əməliyyatlar dövründə bir neçə ədalətsiz addımın atılmasının qarşısını vaxtında aldı.

Tarix də göstərdi ki, ən doğru yol Azərbaycanın tutduğu yol, Prezident İlham Əliyevin atdığı cəsarətli və dəqiq hesablanmış addımlardır!

Ermənistanın Rusiyadan incidiyi indiki məqamda bizim Rusiya ilə dostluğu daha da möhkəmləndirməyimiz olduqca vacibdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Zəfər müharibəsində Ermənistan ordusunu məhv etdi, düşməni qarşısında diz çökdürdü, kapitulyasiya aktını imzalatdırdı.

Baş sərkərdəmiz düşmənə təkcə hərb meydanında deyil, informasiya cəbhəsində də qalib gəldi və bu müharibənin yeganə baş qəhrəmanına çevrildi!

İlham Əliyev bütün bu möhtəşəm qələbələrini həm də diplomatiya sahəsindəki yüksək peşəkarlığı, uzaqgörənliyi və hadisələri qabaqlamağı, vaxtında zəruri addımlar atmaq bacarığı ilə qazandı!

 

***

 

Bu gün hərbi əməliyyatlar başa çatıb, düşmən işğal ərazilərindən qovulub, zəhərli dişi çəkilib!

Lakin zamana ehtiyacı olan məsələlər və həllini gözləyən problemlər də var!

Belə ki, informasiya sahəsində döyüşlər səngiməyib və hələ uzun müddət davam edəcəkdir.

Əsas ağırlıq mərkəzi isə diplomatiya müstəvisindədir.

Məğlub ermənini müdafiə edənlər, sözünü deyənlər hələ də azalmayıb.

Ordusu məhv edilən, əsgər, zabit və generalları fərariyə çevrilən, silah-sursatı tükənən Ermənistan isə revanşizmdən dəm vurur, arada “status” deyə sayıqlayır.

Dövlətimizin iqtisadi gücünü və hərbi qüdrətini artırmaqla yanaşı, diplomatiya sahəsindəki çarpışmaları, bu cəbhənin əhəmiyyətini də unutmamalıyıq!

* Müharibənin sülh danışıqları fazasına keçməsinin təşəbbüsçüsü və vasitəçisi Rusiyadır!

* Təslim aktında göstərilən bəndlərin icra olunmasının qarantı Rusiyadır!

* Azərbaycanla Ermənistan arasında danışıqların vasitəçisi yenə Rusiyadır!

* ATƏT-in Minsk qrupunun ağırlıqlarını daşıyan və hardasa onu əvəz edən Rusiyadır!

* Faktiki olaraq çözülmüş münaqişənin son akkordları da Rusiyanın ağsaqqallığı ilə münaqişə tərəfləri arasında vurulmaqdadır.

Bir gözü və bir ayağı Qərbdə olan Ermənistan Rusiyadan narazıdır və bunu heç gizlətmir də!

Hələ imkanı düşəndə 102-ci bazanın ölkədən çıxarılacağı ilə hədələyir.

Belə olan halda Rusiya ilə əməkdaşlıq niyə də genişləndirilməsin və dərinləşdirilməsin!

Əslində, bizim yaxınlaşmağımız həm də Ermənistanın Rusiyadan aralanması, narazılığının daha da artması deməkdir!

Qayda belədir: döyüşən tərəf dostlarının, tərəfdarlarının sayını artırmalıdır!

Dostun nə qədər çoxdursa, gücün də bir o qədər çox olur!

Düşməni təkləmək, müdafiəsini zəiflətmək isə diplomatiyanın üzərinə düşən vəzifədir!

Azərbaycan Prezidenti İlham Əliyev dayanmadan Vətən müharibəsindəki şanlı Zəfəri daha da artırır və möhkəmləndirir!

Həm Qarabağı yenidən tikib-qurub bərpa etməklə, həm bu regionu əməkdaşlıq, ticari əlaqələr üçün açmaqla, həm də diplomatiya sahəsində yeni nailiyyətlərə imza atmaqla!

Məğlub və dilənçi, əhalisi miqranta çevrilən Ermənistan isə hadisələrin arxasınca sürünməkdədir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2022.- 25 fevral.- S.1; 7.