Xocalılı əsir qızın da qisası alındı

 

Dürdanə Ağayeva: “Hər zaman Tanrıdan özümə möhlət payı istəyirdim, çox qorxurdum ki, birdən bu dünyadan qisasımın alındığını bilmədən köçərəm, gözüm arxada qalar...”

 

“...Şükürlər olsun Tanrıya ki, mənə qisasımın alındığı o böyük günü görməyi nəsib etdi. Ürəyimdəki 28 illik dağ yüngülləşdi, təsəlli tapdım! Düzdür, hər zaman bilirdim ki, Xocalıda ermənilərin xalqımızın başına gətirdiyi müsibətin qisası qiyamətə qalmayacaq. Amma ölümü gözləyən insanıq, ürəyimə gətirirdim ki, kim bilir, o günü görmək mənə qismət olacaq, ya yox?! Bax, buna görə də Tanrıdan həmişə özümə, erməni əsirliyində min bir işgəncəyə məruz qalan 20 yaşlı o qıza - Dürdanə Ağayevaya möhlət payı istəyirdim. Çox qorxurdum ki, birdən bu dünyadan qisasımın alındığını bilmədən köçərəm, gözüm arxada qalar...”

 

Erməni zindanına qara hörüklü bir qız kimi ayaq basdı, 8 gündən sonra isə...

 

Dürdanə Ağayeva...

Xocalı soyqırımının şahidi və o müsibəti iliklərinə qədər yaşamış biri...

O zaman sadəcə 20 yaşı var idi... 8 gün erməni zindanında əsir qaldı...

Bu zindana qara hörüklü bir qız kimi ayaq basdı, 8 gündən sonra saçları ağarmış, bu dünyanın bütün ağrı-acısını görmüş 80 yaşlı bir qadın kimi çıxdı...

Çox faciələrə tuş gəldi, çox bədbəxtliklər yaşadı...

Amma bir an olsun gələcəyə inamını itirmədi, millətini, torpağını, xalqını sevməkdən vaz keçmədi. Bütün işgəncələrə dözdü, döyüldü, təhqir olundu, lakin sınmadı. Düşmənin təpiyi altında əyilib öz doğma torpağını öpdü, elə o torpaqdan da güc aldı...

Gənc yaşında bu dünyanın ən acı üzünü görən Dürdanə əsirlikdən azad olunduğu gündən sonrakı bütün ömrünü erməni faşistlərinin qaniçən əməllərini dünyaya duyurmağa həsr etdi. Kitablar, məqalələr yazdı, xarici ölkələrə səfərlərə gedib ictimaiyyət, media qarşısında çıxışlar etdi. Azərbaycan həqiqətləri barədə məlumat verdi və erməni zindanında şahidi olduğu dəhşətləri anlatdı...

 

Bu müsahibə əvvəlkilərə bənzəmədi...

 

Əvvəllər də bir neçə dəfə Dürdanə Ağayevadan müsahibələr almışdıq. Amma 44 günlük Vətən müharibəsi sayəsində Xocalı faciəsinin qisasının alınmasından sonra, Xocalı soyqırımının

30 illik ildönümündə bu xocalılı xanımla müsahibəmiz tamam başqa oldu. Düzdür, yolumuz yenə də heç vaxt unutmayacağımız o faciəli, o ağrı-acının yaşandığı günlərdən keçdi, amma söhbətimizin əsas məcrası bu dəfə daha çox qələbəyə kökləndi...

Dürdanə 1972-ci ildə Xocalıda anadan olub. 1985-ci ildə atasını ürək əməliyyatı zamanı erməni həkimlər öldürüblər. O vaxtdan qardaşları Elşad, Elman və Eldənizlə yetim qalıblar və ana babalarının himayəsində böyüyüblər. 17 yaşından Xocalıda rabitə qovşağında telefonçu işləyən gənc qız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə meşədə ermənilərə əsir düşüb. Və Əsgəran şəhərindəki polis bölməsində sözlə yazıla bilməyəcək məşəqqətlərə, işgəncələrə məruz qalıb.

 

“Rabitəçi olduğumu öyrənmişdilər, buna görə mənə daha ağır işgəncə verirdilər”

 

- Xocalıya hücum olunan gün biz meşəyə üz tutduq. Buz kimi havada qarı yara-yara Ağdam istiqamətinə qaçırdıq. Qara Qayaya çatanda əsir düşdük. Ermənilər birdən qarşımızı kəsib bizi atəşə tutdular. Xocalılıların yükü ancaq balaları idi. Elə bir ana yox idi ki, onun bağrında övladı olmasın. Mən ayağımdan güllə yarası aldım. Anamı və qardaşlarımı itirdim. Sürünə-sürünə gəlib çıxdım xəndək kimi bir yerə. Yanımda hamilə gəlin vardı əri ilə... 19 yaşı olardı, yazığı başından vurub öldürdülər. Biz sürünə-sürünə gedirdik, ermənilər qarşımızı kəsib dedilər ki, “qalxın ayağa, sizi öldürməyəcəyik”. Onlar Azərbaycan dilində təmiz danışırdılar. Mən də qardaşım Elşadın əlindən tutub gedirdim. Palçığa bata-bata, yıxıla-yıxıla gəlib çatdıq Əsgəran rayonuna.

Hamımızı üzüqoylu asfaltın üstünə uzatdılar. Bizi hərbçilərin, döyüşçülərin yığışdığı yerə apardılar. Əvvəl elə bildim ki, qadınlardan təkcə mənəm əsirlikdə. Amma orda çoxlu  qız-gəlinimizi gördüm, dəhşətə gəldim...

Düşünürəm ki, Allah məni anamın kimsəsizliyinə bağışladı. Fikirləş ki, arıq, gənc bir qızın bütün paltarlarını əynindən çıxarıb, lüt bədənini təpikləyirlər. Məni 3-4 erməni möhkəm döydü, elə bildilər ki, ölmüşəm, götürüb atdılar qarın üstünə. Çöldə don vurmuşdu, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam. Ancaq gecə qaranlıqda gözümü açanda məni saçımdan tutub sürüyən erməni dedi ki, sən hələ ölməmisən? Hissiyyatım tamamilə itmişdi, əlimi əlimə vururdum heç nə hiss etmirdim. Bircə dilim tərpənirdi...

Rabitəçi olduğumu öyrənmişdilər, buna görə lap ağır işgəncə verirdilər mənə.

Bilirsiniz, heç zaman nə yadımdan çıxmır?.. Məni əsir alıb Əsgərana aparanda ermənilər soruşdu ki, eviniz hansıdır, göstərdim. Apardılar həyətimizə və başladılar orada döyməyə, təpiklə, zəncirlə vurmağa. Bir anlıq gözlərim uçmuş pilləkənimizə sataşdı və qeyri-ixtiyari düşündüm ki, kaş bunlar hamısı bir yuxu olaydı, anam, atam, doğmalarım burada olaydı, mən də duvaqla bu pilləkənlə düşəydim...

Bax, o acılarla həyatım dəyişdi. Orada öyrəndim ki, İlahi, insan hər əzaba dözərmiş... Mən də dözdüm...

 

“O komutatorun arxasında oturanda mənə elə gəlirdi ki, Xocalıdayam”

 

 Həmin faciədən sonra Bakıya gələn Dürdanəni əməliyyat edərək ayağındakı gülləni çıxarırlar, amma ağrıları bununla bitmir. Gənc qızın başı, böyrəkləri soyuqlamış, ürək ağrısı tapmışdı... Yaşananlara, fiziki ağrılara tab gətirə bilməyən Dürdanə dəfələrlə həyatına qəsd etmək istəmiş, amma zamanla yavaş-yavaş ürəyindəki qanayan yaralarını dindirməyə çalışmışdı...

- Bir müddət sonra özümdə güc tapıb Xocalı İcra Hakimiyyətində makinaçı kimi çalışdım. Sonra “Aztelekom”a müraciət etdim və məni isə götürdülər, Xırdalanda bir neçə il telefonçu işlədim. Həmin qulaqcıq, həmin kabinet, həmin abonentlər və yenə həmin “Alo”... O komutatorun arxasında oturanda mənə elə gəlirdi ki, Xocalıdayam. Sanki hər dəfə “Alo” deyəndə Əlif Hacıyevlə, Elman Məmmədovla danışırdım. Yenidən telefonçu işləməyim mənə yeni nəfəs, ruh verdi. Ona qədər isə yaşamaq istəmirdim.

Xeyli müddətdən sonra ailə qurdum. 5 ildən sonra Allah mənə övlad sevinci   yaşatdı. Çox gözəl ailəm var idi, 20 il həyat yoldaşım İlhamla birgə xoşbəxt yaşadıq, övladımızı böyütdük. Təəssüf ki, o, indi mənimlə deyil, bir neçə ildir ki, xərçəng xəstəliyindən vəfat edib.

 

Daha susmayacaq ki, qoy dünya insan qatili ermənilərin vəhşiliklərindən xəbərdar olsun

 

Düz 35 yaşına qədər Dürdanə Ağayeva Xocalı barədə heç kimlə danışmadı, müsahibə vermədi. Ortaya çıxıb əsir düşmüşəm deməyə cəsarəti çatmadı, utandı... Lakin çox düşündükdən sonra bir gün qəti qərarını verdi. Daha susmayacaqdı. Elinin, torpağının faciəsindən danışacaqdı. Danışacaqdı ki, qoy insan qatilləri ermənilərin vəhşiliklərindən dünya xəbərdar olsun.

- Bir il hər gecə o keçmiş günlərimi bir gündəlik kimi yazmağa başladım. Xocalının işğalından 25 il keçirdi. Türkiyədə İnsana Yardım Vakfından dəvət aldım. Orada biləndə ki xatirələrimi yazmışam, buna böyük maraq göstərdilər və tezliklə türk dilində “Erməni zindanında səkkiz gün” adlı kitabım işıq üzü gördü. Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva həmin kitabın Azərbaycan dilinə tərcümə olunmasına kömək etdi. Moskvada həmin kitabın təqdimatında Leyla xanım xoş sözlər dedi. Dedi ki, yaxşı ki, varsınız. Kaş ki, bu faciə başınıza gəlməyəydi və siz işıqlı həyatınızdan yazaydınız.

Elə o zamanlardan şahidi olduğum Xocalı faciəsini bütün çılpaqlığı ilə dünyaya bildirməyə başladım. İndi də bu istiqamətdə kitablar yazıram, məqalələr dərc etdirirəm. İlk kitabımdan sonra “Xocalı şəhidləri - 613” və 44 günlük Vətən müharibəsində sinəsini düşmənə sipər edən igid oğlanlardan biri, hərbi həkim Cəmil Oqtay oğlu Səlimova həsr etdiyim “Yarımçıq qalmış ömür” adlı kitablarım işıq üzü görüb.

 

“Torpaqlarımızın işğaldan azad olunduğunu eşitdikcə həm sevinir, həm də qəhərdən ağlayırdım”

 

- Vətən müharibəmiz başlayanda o qədər həyəcanlandım ki, bunu sözlə ifadə etmək mümkün deyil. Müzəffər sərkərdəmiz İlham Əliyev dədə-baba torpaqlarımızın bir-bir işğaldan azad olunduğunu elan etdikcə həm sevinir, həm də qəhərdən ağlayırdım. 8 noyabr - Şuşanın azad olunduğu gün isə sözün əsl mənasında şok yaşadım. Bəzən insan sevincindən necə dəli olursa, mən də o cür oldum. Artıq tam əmin oldum ki, biz qalib gəlmişik.

Şükürlər olsun, bu gün rahatlıqla deyirik ki, biz düşməndən qisasımızı almışıq. İllər əvvəl xarici ölkələrdə səfərlərdə olanda dəfələrlə ürəkdən istəmişəm dünyaya hayqırım ki, “biz qalib ölkəyik”, “torpaqlarımız azaddır”, “Xocalının qisası alınıb”, amma deyə bilməmişəm, bunlar ürəyimdə ağır bir daş kimi asılıb qalıb.

Amma artıq qürurla hər yerdə deyirəm ki, “Azərbaycan xalqı qalib xalqdır və öz qisasını düşməndən layiqincə alıb”.

Tezliklə biz əbədi yaşamaq üçün əzəli torpaqlarımıza böyük qayıdış edəcəyik. Biz erməni vəhşilərinin dağıdıb-viran qoyduğu o yurdları yenidən dirçəldəcəyik. Murdar düşmənə sübut edəcəyik ki, siz heç vaxt vəhşi əməlinizlə Azərbaycan xalqının gözünü qorxuda, onu doğma torpağından ayıra bilməzsiniz. Çünki biz bu Vətən yolunda hər zaman fəda olmağa hazırıq. Təki Vətən sağ, bütöv olsun...

Bu qüruru, təsvirəgəlməz xoşbəxtliyi bizə müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusu, Vətən uğrunda sinəsini düşmənə sipər edən şəhidlərimiz yaşadıb. Azərbaycanın mərd oğulları həm də Xocalıda əsir düşən qız-gəlinlərimizin namus qisasını alıblar.

 

“Qaraağacı qəbiristanlığının yanında atama laylay çalıb ağladım...”

 

- İşğaldan azad olunmuş torpaqlardan ilk olaraq Ağdama getmək istədim. Bilmirəm, bəlkə də bu istəyim o zaman əsirlikdən, ölümün əlindən qurtulanda da ilk Ağdama pənah gətirdiyim üçün idi. Ya da ki, atamın və əsirlikdən azad olmağıma səbəb olan Milli Qəhrəman Allahverdi Bağırovun o torpaqda, Ağdamda uyuması, məzarının orada olması idi...

Ötən ilin sentyabrında gedib Ağdamı ziyarət etdim. O torpağa ayaq basanda dizlərimi yerə qoyub, torpağımı öpdüm. 1992-ci ildə Xocalı şəhidlərinin yuyulduğu Ağdam Cümə məscidinə getdim, dualar etdim. “Şükür sənə Tanrı, haqq nahaqqa qalib gəldi” dedim.

Qaraağacı qəbiristanlığı yerləyeksan olunub. Buna görə də atamın oradakı qəbrinə gedə bilmədim. Qəbiristanlığın yaxınlığında durub atamı harayladım, “ata, mən gəlmişəm, ayağa dur” dedim və atama laylay çalıb ağladım...

Ağdamda Allahverdi Bağırovun məzarını ziyarət edəndə elə bildim ki, atamın da ruhu oradadır. Məni erməni əsirliyindəki zülmdən xilas edən Milli Qəhrəmanın məzarını ziyarət edən gündən sanki daxilimdə, ruhumda, özümdə bir sakitlik, dinclik, təsəlli tapmışam...

 

“Allah mənə tezliklə Xocalının da yolunu açacaq”

 

- Bilirəm, tezliklə Allah mənə Xocalının da yolunu açacaq. O zaman qızım Ləmanın əlindən tutub Xocalıya aparacam, doğma yurdumu qarış-qarış gəzdirəcəm. Yazda Kətik meşəsində bənövşə dərəcək, nərgizgülü yığacaq, o buz bulaqlardan su içəcək, görəcək ki, anasının uşaqlığı necə gözəl yerlərdə keçib. Yəni uşaqlarımızı öz kökümüzə qaytaracağıq...

26 fevral 1992-ci ildə Xocalıda yaşanan müsibət o gün orada olanların hərəsinin taleyinə fərqli bir ağrı yazdı. Dürdanə Ağayeva da 20 yaşında əsir düşüb, o vəhşətin girdabında boğulanlardan, həyatının sonrakı illərini də o acılarla, dəhşətli travmalarla keçirənlərdən oldu. Ötən 30 ilə yaxın müddətdə o da dərddən, qəmdən, qüssədən çox xəstəliklər tapdı. Amma hər zaman Allahdan özünə möhlət istədi: həm qisasının alındığını gözləri ilə görmək, həm də şahid kimi Xocalıda yaşanan faciəni dünyaya çatdırmaq üçün: “Və ömrüm vəfa etdikcə ermənilərin əsl faşist simasını üzə çıxarmaq üçün bundan sonra da gecə-gündüz çalışacam...”

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.- 25 fevral.- S.9.