İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı əsgərin nəşinin qalıqları doğulduğu kənddə dəfn edilib

 

İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı əsgərin nəşinin qalıqları 79 il sonra Vətəninə gətirilərək doğulduğu Qax rayonunun Güllük kəndində dəfn edilib.

Bu günlərdə Rusiya Federasiyasının Volqoqrad vilayəti ərazisində İkinci Dünya müharibəsində həlak olan qardaşlıq qəbiristanlığında dəfn edilən naməlum əsgərlərin qəbirləri açılan zaman oradan çıxan qalıqların yanında güllə aşkar edilib. Gilizin içərisindən çıxan ad soyada əsasən əsgərin kimliyi müəyyən olunub. Məlum olub ki, həmin şəxs 1922-ci ildə Qax rayonunun Güllük kəndində anadan olan Əliyev Əli Molla oğludur. O, 1942-ci ildə cəbhəyə yollanıb bir il sonra döyüşlərdə həlak olub. Əli Əliyevin nəşinin qalıqları Volqoqrad vilayətində yaşayan diaspor nümayəndələrinin köməyi ilə Azərbaycana gətirilib fevralın 24-də Qax rayonunun Güllük kənd qəbiristanlığında dəfn edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2022.- 25 fevral.- S.12.