Yaddaşını qoruyan xalq hər zaman güclüdür

 

30 il əvvəl Azərbaycanda təkcə xalqımıza qarşı deyil, ümumən, bütün bəşəriyyətə qarşı tarixin ən dəhşətli cinayət əməllərindən biri baş verdi.

Fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları havadarlarının köməyi ilə Xocalı şəhərində mülki azərbaycanlıların kütləvi qətliamını törətdilər. Xocalı soyqırımı tarixə qanla yazıldı.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Xocalı soyqırımının 30-cu ildönümü münasibəti ilə müvafiq sərəncam imzaladı. Sərəncamda bir daha bu soyqırımına siyasi qiymət verildi. Xocalı qətliamının Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğu, işğalçı ölkənin ozamankı siyasi-hərbi rəhbərliyinin məsuliyyət daşıdığı xüsusi vurğulandı.

Soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 487 nəfər yaralandı. Onlardan 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin taleyi bu günədək məlum deyil. Bu insanlar silahsız idilər. Onlar həmin gecəyə qədər ermənilərə qarşı heç bir günah işlətməmişdilər. Yeganə günahları azərbaycanlı olmaları idi.

Xocalı soyqırımının missiyasını əks etdirən rəqəmlərin hərəsini bir insanın taleyi, bir elin faciəsi kimi təsəvvürə gətirəndə insan övladının XX əsrdə belə dəhşətli vəhşilik törədə biləcəyinə adam inana bilmir. Amma ermənilər bu vəhşiliyi törətdilər. Bununla ötən əsrin əvvəllərində yaranmış vəziyyəti fürsət bilib Bakıda və Azərbaycanın müxtəlif regionlarında on minlərlə dinc soydaşımızı qətlə yetirən daşnakların faşist xislətinə sadiqliklərini, eyni təfəkkürü əsla dəyişmədiklərini, qanımıza susadıqlarını bir daha göstərdilər.

Dövlət rəhbərimizin sərəncamında da qeyd edildiyi kimi, Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistikreaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.

 

Unudulmayan faciə

 

Xocalı faciəsi bəşər tarixinin qanla yazılmış səhifəsidir. Bəşər övladı əsrlər boyu mədəniyyət adına nələr yaratmayıb?! İnsanın tərbiyələnməsi, vəhşi hisslərdən uzaq durması, öldürməyi deyil, yaşatmağı özünə missiya seçməsi, şüurlu varlıq olaraq humanizm hisslərinə yiyələnməsi üçün ali dəyərlər formalaşdırıb. Ermənilər isə Xocalı soyqırımı ilə bir daha nümayiş etdirdilər ki, onlarda azərbaycanlılara qarşı nifrət duyğusu, saxta miflərə bağlılıq, qonşusunun torpaqlarına iddialar bütün insani dəyərlərin fövqündədir.

Bu bəşəri cinayətdə əli olan hər bir kəs mənsub olduğu xalqın adına heç zaman unudulmayacaq böyük bir utanca, xəyanətə qol qoydu. Bu cinayətə görə təkcə onun birbaşa icraçıları deyil, onların aid olduqları xalq, dövlət, cəmiyyət də tarix qarşısında mühakimə olunmalıdır. Ona görə ki, Xocalı soyqırımı təkcə bir qrup adamın, işğal əməliyyatını həyata keçirən hərbçinin törətdiyi bəşəri cinayət deyil. Bu, ümumi zehniyyətin səbəb olduğu qanlı əməldir. Əsrlərdən bəri erməni cəmiyyətində azərbaycanlılara qarşı bəslənən kin-küdurətin, nifrətin, Azərbaycandan yeni ərazilər qoparmaq iştahının, tarix haqqında qondarılmış saxta nağılların rəvac verdiyi vəhşətdir. Ona görə də eyni düşüncələri bölüşən, Xocalı canilərinin əməllərinə hətta ürəyinin dərinliyində də olsa, azacıq haqq qazandıran hər bir erməninin bu soyqırımda ən azı mənəvi məsuliyyəti var. Tarixi bu qədər ağır vəhşiliklə utandıran bir toplum ondan sonra heç zaman özünə mədəni xalq deyə bilməz. Dəhşətlisi isə həm də budur ki, indiyə qədər Ermənistan cəmiyyətində Xocalı soyqırımı ilə bağlı hər hansı sağlam fikir eşidilməyib. Bu qanlı cinayətin səbəblərini, günahkarlarını sorğulayan heç bir mühakimə ortaya qoyulmayıb. Bunun əvəzində dünya Ermənistana rəhbərlik etmiş körpə qatillərinin, əlləri azərbaycanlıların qanına batmış Serj Sarkisyan, Robert Koçaryan kimi canilərin beynəlxalq tribunalardan Xocalı cinayətləri haqqında fəxrlə danışmalarına şahid olub. Ermənistan cəmiyyətinin üzdə olan simalarının müsahibələrində, ictimai çıxışlarında Xocalı cinayətlərindəki iştirakları barədə ağızdolusu söhbət açmalarını eşidib.

 

Soyqırımı və vandalizm

 

Bunları yada salarkən adam onu da düşünür, əsrlərdir bəşəriyyət üçün təhlükəli xəstəliyə yoluxmuş, gözünü açandan türkə qarşı düşmənçilik hissi ilə bəslənən, faşizmi özünə ideologiya seçən bir toplumdan hansı peşmanlıqları gözləyəsən ki?!

Vətən müharibəsindəki tarixi qələbəmizdən, azad yurdlarımıza gediş-gəliş mümkün olandan sonra bu torpaqlardakı mənzərə adamı dəhşətə gətirir. Ermənilər gözlərinə görünən, sökülüb satılması mümkün olanvarsa, dağıdıb tar-mar ediblər. Xocalıdakı insanlarımız kimi qurulu şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz, o yerlərin ağacları, çayı, daşı, torpağı, dağı-dərəsi də qətlə yetirilib. İşğalçılar 30 il ərzində bu yerlərin tarixini, torpağın yaddaşını da yer üzündən silməyə çalışıblar. Azərbaycanlıların məzar  yerlərinə qədər dağıdılıb. Hər tərəf başdan-başa vandalizm mənzərəsidir. Bu mənzərə bizim nə qədər azğın bir düşmənlə mübarizə apardığımızı, regionu, əslində, nə qədər ağır bir bəladan xilas etdiyimizi göstərir. Azərbaycan zəfərlə ümumilikdə erməni faşizminə qalib gəldi. Hər fürsətdə əfi ilan kimi baş qaldıran və yeni insan faciələrinə səbəb olan, ömürlərə son qoyan, insanlıq adına yeni bir xəcalətə, yeni bir qanlı ləkəyə imza atan erməni faşizminin başını əzdi. “Dəmir yumruğun zərbəsi erməni faşizmini sarsıtdı və bir daha baş qaldırmaq cəhdində olarlarsa, bunun onlar üçün daha ağır nəticə verəcəyini bütün dünya erməniliyinə anlatdı. 

 

Gələcəyi qorumaq

 

Xocalı soyqırımı kimi ağır bir cinayəti özünə rəva görən, bu qədər insanı bir gecədə qətlə yetirən ermənilər yoluxduqları faşizm xəstəliyi ilə region üçün böyük təhlükə mənbəyidir. Bu bəlanın kökünü birdəfəlik kəsmək, erməni toplumlarını aşırı millətçilik mərəzindən sağaltmaqyeni soyqırımların qarşısını almaq müasir dövrümüzdə bəşəriyyətin əsas vəzifələrindən birinə çevrilməlidir. Bunun əsas yollarından biri isə Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin mahiyyətinin dünyaya göstərilməsindən, bu cür qanlı əməllərin miqyası haqqında aydın təsəvvürlərin yaradılmasından, günahkarların cəzalandırılmasından keçir. Azərbaycanın illərdir ki, “Xocalıya ədalət!” məramı ilə apardığı işlərin, bu yöndə həyata keçirilən tədbirlərin təməlində də məhz bu ali niyyət dayanır.

Həmin məşum gecədə ermənilərin Xocalıda vəhşicəsinə qətlə yetirdikləri soydaşlarımızın heç biri həyata qayıtmayacaq. O soyuq qış gecəsinin şahidi olan, həmin acıları gözləri ilə görən, taleyində yaşayan, Xocalı soyqırımında doğmalarını itirən soydaşlarımızın xatirələrindəki ağrıları silib aparmaq mümkün deyil. Bu dərd əbədiyyətə qədər bizimlə yaşayacaq. Ürəyimizin başında qövr edəcək. Keçmişi geriyə çevirib Xocalı soyqırımının yaşanmasını əngəlləmək mümkün deyil. Amma bəşəriyyətin gələcəyini bu cür ağır cinayətlərdən qorumaq imkanı var və Azərbaycan məhz buna çalışır.

 

Faşizmə qarşı multikulturalizm modeli

 

Son illərə qədər dünya Xocalı həqiqətlərini aydın görə bilmirdi. Yer üzünün bəlli məkanlarında yuva qurmuş erməni lobbisi Azərbaycan ətrafında elə informasiya səddi hörmüşdü ki, onu aşıb beynəlxalq ictimaiyyətə doğruları çatdırmaq o qədər də asan deyildi. Amma Azərbaycan tədricən buna da nail ola bildi. Ulu Öndər Heydər Əliyevin milli-strateji inkişaf kursunu uğurla davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan  Prezidenti İlham Əliyev Ermənistan üzərində informasiya savaşında üstünlüyümüzü də təmin etdi. Dünya Azərbaycanın nə qədər azğın düşmənlə üz-üzə dayandığını, nə qədər dəhşətli bir bəlaya qarşı mübarizə apardığını və haqq savaşında qalib gəldiyini gördü.

Prezident İlham Əliyev Ermənistanın faşizm siyasətinə qarşı Azərbaycanın milli tolerantlıq ənənələrini, fərqli mədəniyyətlərə hörmət ruhunu meydana qoydu. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq layihələrlə multikulturalizmi qlobal çağırışa çevirdi. 2008-ci ildən start götürənBakı prosesi  ilə Azərbaycan bu istiqamətdə böyük uğurlar qazandı. Bu nailiyyətlərin əldə edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın tarixi xidmətləri var. Faşist düşüncəsinə qarşı multikulturalizm, başqalarının ərazi bütövlüyünə, milli mənsubiyyətinə, mədəniyyətinə hörmət duyğusu, nifrətə qarşı sülh, humanizm, vandalizmə qarşı quruculuq, tənəzzülə qarşı inkişaf, özünəqapanmaya qarşı açıqlıq - Azərbaycanın həyata keçirdiyi siyasətin təməlində bunlar dayanır.

 

“Xocalıya ədalət!”

 

Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında 2008-ci ildən başlanmış “Xocalıya ədalət!” kampaniyasının rolu böyükdür. Bu kampaniya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb. Əsas məqsəd Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona beynəlxalq aləmdə hüquqisiyasi qiymətin verilməsi,  bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasıdır. Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi, səbəbləri və nəticələri barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması da kampaniyanın məqsədlərinə daxildir. Azərbaycanın həyata keçirdiyi tədbirlər sayəsində dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımı müxtəlif səviyyələrdə tanınıb və bu istiqamətdə addımlar davam etdirilir.

Xocalı soyqırımı dünya üçün də, insanlıq üçünbir görkdür. Bu soyqırımdan çıxarılan çox dərslər var. Bunlardan birincisi dünyanın istənilən yerində faşizm təmayüllərinin qarşısının vaxtında alınması zərurətidir. Öz xəstə iddialarına görə başqa xalqların qanına susayan canilərin layiqli cəzasına çatdırılmasının vacibliyidir. Güclü bir dövlətə, rəhbərə malik olmağın xalqlar üçün nə qədər böyük önəm daşımasının daha bir sübutudur. Ermənilərin bu cinayəti törətməsinə şərait yaradan, onların öz azğın əməllərini həyata keçirməsinə imkan verən amillərdən birio dövrdə Azərbaycanda mövcud olan hakimiyyət böhranı idi. Ölkənin səriştəsiz rəhbərləri Xocalı sakinlərini azğın düşmən qarşısında köməksiz qoymuşdular. Onların başı hakimiyyət davalarına qarışmışdı. Bu gün isə Azərbaycan xalqı güclü dövlətə, cəmiyyətdə milli birliyə, qətiyyətli Liderə sahibdir. Tarixi qələbəmiz bunun sayəsindədir. Biz bu reallığın verdiyi güclə haqq yolunda əzmlə irəliləyirik. Bu yol bizi tezliklə Xocalı canilərinin ədalət mühakiməsində cəzalandırılacaqları günlərə də yetirəcək.

Xocalı soyqırımını isə heç zaman unutmamalıyıq. Gələcək nəsillərə onun mahiyyətini düzgün öyrətməliyik. Çünki bu soyqırımı qan yaddaşımızdır. Necə bir qonşu ilə yanaşı yaşamağımızın əbədi xəbərdarlığıdır. Regionun sülhrifah dolu gələcəyi üçün qəlbimizdə kin-küdurətə mümkün qədər yer verməməliyik. Rəşadətli Ordumuz Xocalı qurbanlarının qisasını 44 günlük Vətən savaşı zamanı döyüş meydanında aldı. Xocalı acısını ovutmaq üçün bununla təsəlli tapmalı, amma yaddaşımızı da itirməməliyik. Yaddaşını qoruyan xalq hər zaman güclü olur.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.5.