Xocalılılar qisaslarını aldıqları üçün Ali Baş Komandana və Azərbaycan
əsgərinə minnətdardırlar
Xocalı soyqırımı! Düşmənin 30 il bundan əvvəl qəlbimizə vurduğu o ağır yara yüz illər keçsə də, sağalmayacaq. 30 ildir ki, sinələrinə çalın-çarpaz dağ çəkilmiş xocalılılar indi də o ağır günləri yada salanda həyəcan keçirirlər. Sanki hər şey dünən baş verib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya dörd tərəfdən dəhşətli hücum başladı. Kiçik bir şəhərin əliyalın əhalisinin üstünə təpədən-dırnağa kimi silahlanmış böyük bir hərbi birləşmə gəldi. Şahidlərin dediyinə görə, bu, sözlə ifadə edilə bilməyəcək qədər dəhşət idi. İnsanlar hansı səmtə üz tuturdularsa, erməni gülləsinə tuş gəlirdilər. Ermənilərlə əlbir olan 366-cı motoatıcı alayın əsgərləri də dinc əhalini güllə yağışına tutmuşdu.
Söz yox ki, bu, azərbaycanlılara qarşı əsl soyqırımı idi. İki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri ürəklərində çoxdan bəslədikləri kin-küdurəti nəhayət ki, büruzə verdilər və azərbaycanlılara qarşı bəşər tarixində misli görünməmiş soyqırımı törətdilər. Nəticədə 63 uşaq, 106 qadın olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76 uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Girov götürülənlərin 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu gün də məlum deyil. Bu cinayətdə bir çox Xocalı sakini xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi. Hətta onların bəziləri diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı. Hamilə qadınlara daha ağır işgəncələr verildi. Onlar süngüdən keçirilərək öldürüldü.
Öz miqyasına və dəhşətlərinə görə misli görünməmiş bu vəhşiliyi törətməklə ermənilər guya uzaqgörən siyasət aparırdılar. Onların əsas məqsədləri azərbaycanlıların gözünü qorxutmaq və Qarabağ torpaqlarını ələ keçimək, xalqımızın ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Doğrudur, ermənilərin törətdikləri bu faciə bütün Azərbaycan xalqına, xüsusilə xocalılılara sağalmaz yaralar vurdu. Lakin xalqımızın Vətən sevgisini sındıra bilmədi.
Bəs o vaxt bu faciənin qarşısını almaq olardımı? Əlbəttə, olardı, əgər xalqımız imperiya buxovlarını qırıb atarkən və müstəqilliyə qovuşarkən hakimiyyətdə Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyət olsaydı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dahi şəxsiyyət bunu əməlləri ilə sübut etdi. Onun imzaladığı ilk sərəncamlardan biri məhz Xocalı soyqırımı ilə bağlı oldu. Fevral ayının 26-sı Xocalı soyqırımı qurbanlarının xatirə günü elan edildi. Bundan başqa, Qarabağdan və Qərbi Azərbaycandan didərgin düşmüş bir milyona yaxın soydaşımızla birlikdə xocalılılara da böyük diqqət və qayğıkeşlik göstərildi, onların mənzil-məişət şəraiti yaxşılaşdırıldı, məşğulluğu təmin edildi. Doğrudur, faciədən sağ çıxmış insanlar əvvəl heç bir məişət şəraiti olmayan yataqxanalarda, yarımçıq tikililərdə, uşaq bağçalarında, vaqonlarda məskunlaşdılar. Lakin sonralar Prezident İlham Əliyevin səyi ilə qaçqın və məcburi köçkünlər ölkəmizin müxtəlif bölgələrində salınan, müasir infrastrukturla təmin edilən qəsəbələrə köçürüldülər.
Həmin qəsəbələrdən biri Goranboy rayonu ərazisində salınmışdır. Burada faciə yaşamış xocalılılar üçün bütün şərait yaradılmışdır. Yan-yana düzülmüş beşmərtəbəli binalarda ailə üzvlərinin sayına görə onlar 1, 2 və 3 otaqlı mənzillərlə təmin olunmuşlar. Qəsəbənin mərkəzində Xocalı soyqırımı abidəsi ucaldılıb. Xocalılılar tez-tez abidəni ziyarət edir, önünə gül dəstələri qoyurlar.
Qəsəbədə məktəb, uşaq bağçası, eləcə də çoxlu sayda ticarət obyektləri ilə yanaşı, sakinlərin boş vaxtlarında dincəlməsi üçün söhbətgahlar da yaradılıb. Qəsəbəni gəzərkən binaların birinin qarşısında ayaq saxladıq. Bir neçə ağsaqqal söhbət edirdi. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə insanların üzündə xoş əhvali-ruhiyyə hiss etdik. Salamlaşıb, hal-əhval tutduq.
İlk müsahibimiz Xocalı sakini Şakir Quliyev oldu. Dedi ki, elə bir Xocalı sakini tapmazsan ki, şəhid verməsin: “Faciənin törədildiyi vaxt mən 11-ci sinifdə oxuyurdum. Bütün Xocalı sakinlərinin hamısı düşmənə qarşı müharibəyə səfərbər olunmuşdu. Bizim sinfimizdə təhsil alan oğlanlar da özünümüdafiə batalyonuna kömək edirdilər. Yemək, su daşıyırdıq. Fevralın 25-i idi. Axşamüstü anam Sara məni yanına çağırıb dedi ki, vəziyyət olduqca pisdir. Sən bacı-qardaşlarını götürüb Ağdamdakı qohumumuzun yanına get. Əvvəlcə razı olmasam da, yaxınlıqda partlayan mərmi məni fikrimdən yayındırdı. Bacı-qardaşlarımla evdən çıxmaq istəyəndə anam dedi ki, gözləyin, mən də gəlirəm. Sizi tək buraxa bilmərəm. Biz birlikdə evdən çıxıb meşəyə tərəf üz tutduq ki, oradan da Ağdama yollanaq. Hava çox soyuq idi. Şaxta əl-ayağımızı dondururdu. Elə bu zaman qarşımızda güllə səsləri eşitdik. Kiçik qardaşım ağlamağa başladı. Güllə səsləri getdikcə yaxınlaşırdı. Anam dedi ki, bir yerdə getsək düşmən bizi tez görər və hamımızı güllələyər. Ona görə hərəmiz bir tərəfə gedək. Beləlikə, biz pərən-pərən düşdük. Mən Abdalgülablıya, ordan da Ağdama gəldim. Nə anamdan, nə də qardaş-bacılarımdan xəbər tuta bildim. Bu günə qədər xəbər yoxdur”.
Başına gələn müsibətləri böyük ürək yanğısı ilə danışarkən birdən üzünə təbəssüm gəldi. Dedi ki, 28 il idi ki, bu ağrı-acının nisgili ilə yaşayırdıq. Bu gün sevinirik ki, 44 günlük Vətən müharibəsində ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xocalılıların qisasını aldı. Həm düşmənin başını əzdik, həm də Qarabağımız azad olundu. İndi oturub doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik.
Xocalı sakini Qədim Sadıqov da söhbətimizə qoşuldu. O, qəsəbədə 4 otaqlı mənzillə təmin edilib. Dolanışığı da pis deyil. Oğlu Orxan orta məktəbdə, qızı Aytac universitetdə təhsil alır. Böyük qızı Çiçək isə ailə qurub. Söhbət zamanı Qədim Sadıqov dedi ki, təzə mənzil alanda Prezident İlham Əliyev onun evinə gəldi, güzəranı ilə maraqlandı: “Dövlət başçısı qətiyyətlə dedi ki, gec-tez torpaqlarımızı düşməndən azad edəcəyik. Doğrudan da belə oldu. Prezidentimiz söz verdi və sözünün üstündə də durdu. 44 günlük müharibədə Azərbaycan Ordusunun nəyə qadir olduğunu düşmənə sübut elədi. Bu gün keçmiş qaçqın və məcburi köçkünlərimiz özlərini xoşbəxt hiss edirlər. Çünki yağı düşmən tapdağı altında olan torpaqlarımız azaddır. Doğrudur, ermənilər bütün şəhər və kəndlərimizi viran ediblər, necə deyərlər, daş üstündə daş qoymayıblar. Eybi yoxdur, torpaqlarımızın azad olunması bizə bəs edir. Ölkə başçısının dediyi kimi, tezliklə dağılan ərazilərimizi bərpa edəcəyik. Mən buna əminəm. Əminəm ki, öz ata-baba yurdumuza qayıdacağıq”.
Mübariz Həmidovun Xocalı faciəsi törədiləndə cəmi 12 yaşı vardı. Bildirdi ki, o vaxtlar digər həmyaşıdları kimi o da baş verənləri dərk etmirdi. Lakin anasının dəfələrlə ona “atanı ermənilər öldürüb” deməsi yaddaşını silkələyir, nə baş verdiyini anlamağa çalışırdı. Anası Kifayət 3 övladını birtəhər dolandırırdı. Ancaq müharibə başlayandan onun da günü qara gəlmişdi. Ermənilərin şiddətli hücumları zamanı əmisi tez-tez onlara baş çəkir, qayğılarına qalırdı. Fevralın 25-dən 26-na keçən gecə ermənilərin hücumlarına məruz qalan bu ailə də məcbur olub Xocalıdan Ağdama tərəf üz tutdu. Lakin işıq saçan güllələr digər xocalılılar kimi onları da vahiməyə salmışdı. Güllələrin qulaqbatıran səsi onları da vahimə içində pərən-pərən saldı. Mübariz yaralı olduğundan yeriyə bilmirdi. Huşunu itirib yıxıldı və gözlərini açanda anasını və qardaş-bacısını yanında görmədi. Nəhayət, birtəhər gəlib Ağdamın Şelli kəndinə çatdı. Xəstəxanada müalicə olunarkən öyrəndi ki, ermənilər anası Kifayəti əsir götürərək öldürüblər, bacı-qardaşı isə sağdır.
Mübariz anasının işgəncə ilə öldürüldüyünü göz yaşı ilə söylədi. Dedi ki, indi hər bir Xocalı sakini kimi o da ermənilərdən qisas alan Azərbaycan Ordusuna, igid oğullarımıza minnətdardır. Sonra da vurğuladı ki, işğal olunandan sonra Xocalını bir neçə dəfə yuxusunda görüb. İndi həmin cənnətməkan yerlərə qayıdacaqları günü gözləyir. O gün isə çox da uzaqda deyil.
Sabir ƏLİYEV
Azərbaycan.- 2022.- 26 fevral.- S.6.