Təcavüzkarlığın, vəhşiliyin, qəddarlığın qan donduran görüntüləri

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi, yaxud Ermənistanın hərbi cinayətlərinin üstünü açan 44 günlük Vətən müharibəsi

 

Azərbaycanın tarixi ərazilərini 30 il ərzində işğal altında saxlayan təcavüzkar Ermənistan 2020-ci ildə 44 günlük Vətən müharibəsində kapitulyasiya aktını imzalamaqla təslim olduğunu təsdiqlədi.

Üçtərəfli imzalanan həmin sənədin ayrı-ayrı bəndlərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini verməli, hər iki tərəfdə olan əsir və girovlar isə dəyişdirilməli idi.

Beynəlxalq ictimaiyyətin də diqqətində olan bu məsələyə Azərbaycan tərəfi dərhal müsbət cavab verərək, əsir düşmüş  erməni hərbçilərin geri qaytarılmasını təmin etdi.

Təəssüf  ki, Ermənistan Birinci Qarabağ savaşında itkin düşmüş sayılan, öldüsü-qaldısı məlum olmayan azərbaycanlılar haqqında dəqiq məlumat vermədi. Üstəlik, imzalanan üçtərəfli sazişə əsasən, uzun təkiddən və təsirlərdən sonra Azərbaycan tərəfinə verdiyi “mina xəritələri”nin dəqiqliyi isə cəmi 25 faiz olduğu üzə çıxdı.

Ermənistan Azərbaycan ərazilərini yalnız işğal etməklə kifayətlənməyib. Həmin ərazilərdəki yaşayış məskənlərini darmadağın edib, şəhər və kəndlərində daş üstə daş qoymayıb. Məzarlıqlardakı başdaşlarını belə sındıran, dağıdan, daşıyıb aparan erməni vandallarının törətdikləri isə, təbii ki, müharibədən sonra məlum olub. Ona görə həmin yerlərə edilən səfərlər zamanı məlum olanlar, aşkar edilən vandallıq nəinki xalqımız, hətta beynəxalq ictimaiyyət tərəfindən nifrətlə qarşılandı.

 

Edilli kəndində 48 gün girov saxlanılan deyir ki...

 

Beynəlxalq KİV və nüfuzlu təşkilatların təmsilçilərinin işğaldan azad edilmiş Qarabağa səfərlərinin təşkil edilməsində məqsəd, ilk növbədə o yerlərin turizm məkanı kimi əvəzolunmazlığını dünyaya çıxarmaqdır. Bu, həm də Ermənistanın necə vandalizm siyasəti yürütdüyünü ifşa etməkdir.

Növbəti belə səfərlərdən biri də bu günlərdə təşkil edildi. Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən, bir sözlə, 12 ölkədən gələn 26 jurnalist işğaldan azad edilən Xocavəndin Edilli kəndində aşkar edilmiş məzarlıqda olarkən gördüklərindən və eşitdiklərindən dəhşətə gəldilər.

Vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev yerli və xarici media nümayəndələrinə məzarlıq haqqında məlumat verərkən qeyd etdi ki, 1993-cü ildə Bakı şəhərində işlədiyi vaxt ermənilərin kəndlərinə hücum etdiyini eşidib və valideynlərini təhlükəsiz yerə aparmaq üçün köməyə gəlib. Avqustda erməni hərbçilər onu girov götürüblər. 48 gün Edilli kəndində saxlayıblar. O, həmçinin erməni hərbçilərinin döyüşlərdə ölən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu əraziyə gətirərək qazılan quyulara töküb, üstünü torpaqladıqlarının da şahidi olub. Ona görə də aşkarlanan məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Xarici jurnalistlərin Xocavəndə səfəri zamanı dünya bir daha təcavüzkar Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü soyqırımının, barbarlığının, vandallığının şahidinə çevrildi. Onlar Birinci Qarabağ müharibəsində azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqda olmaqla erməni vəhşiliyini gözləri ilə gördülər.

Kütləvi məzarlıqlar, dinc əhalinin qırğını və s. bütün bunlar Ermənistanın cinayətləridir və buna görə cavab verilməlidir! Daha bir dəhşətli tapıntı -  Xocavənddə aşkar olunan kütləvi məzarlıqlar,  görəsən, nə qədərdir və haralardadır?!

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin  Rusiya Federasiyasına səfəri çərçivəsində TASS Agentliyində həmin ölkənin aparıcı KİV rəhbərlərinə Moskva Bəyannaməsi ilə bağlı fikirlərini  çatdırarkən bu məsələyə də diqqət ayırdı.

Dövlət başçısı işğaldan azad edilmiş torpaqlarda məskunlaşma ilə bağlı ünvanlanan suala cavab verərkən bildirdi ki, hələ geri qayıtmağa yer yoxdur. Çünki hər şey dağıdılıb və hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur: “...Müharibə başa çatandan sonra ilk aylarda Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, yalan idi və biz bilirdik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, bəli, belə xəritələr mövcuddur, lakin onları bizə verməkdən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və barələrində danışdığınız qaçqınları ölümə məhkum edirdilər...”

 

İtkin düşmüş 3890 azərbaycanlıdan, o cümlədən 200 uşaqdan gəlməyən soraq...

 

Bu insanlar 30 il gözləmişdilər, hamının qarşısını almaq, hər yolda blok-postlar qurmaq da mümkün deyildi. İnsanlar keçir, gedir, öz evlərinin heç olmasa, xarabalığını axtarıb tapmaq istəyir və təəssüf ki, minaya düşərək həlak olurlar. Minalanmış sahələrin xəritələri, nəhayət,  Azərbaycan tərəfinə təhvil verilsə də, təəssüf ki, onların dəqiqliyinin 25 faiz olması üzə çıxdı. Əslində, onlar yararsız kağız parçalarından ibarətdir. Bunu dövlət başçısı da xüsusi qeyd etdi: “Bu, başlıca problemdir ki, niyə biz artıq indi insanları qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində həyata keçiriləcək, ilk olaraq, təqribən 200 ailə artıq bu ilin yazında oraya qayıdacaq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisinə bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç nə yoxdur, yəni, sözün əsl mənasında, hər şey dağıdılıb. Ağdam şəhərində 30-40 min insan yaşayırdı, orada xarabalıqdan başqa heç nə yoxdur. Daşları daşıyıb aparıb, satıblar. Başdaşılarını sındırıb, aparıb və satıblar. Yəni misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizlədilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub...”

Azərbaycan Prezidenti TASS Agentliyində Xocavənddə aşkarlanan və xarici KİV təmsilçilərinin də şahidi olduğu insanların basdırıldığı kütləvi məzarlıqla bağlı fikirlərini bölüşərkən onu da xüsusi vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu Azərbaycan tərəfindən tapılıb və hamısı da Ermənistana qaytarılıb. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir: “...Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə, biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir.

Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi - nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir...”

 

Dünya KİV-in 29 il keçəndən sonra gördüyü acı reallıq

 

Bir sıra beynəlxalq təşkilatların bu məsələyə, ümumiyyətlə, 44 günlük Vətən müharibəsi ilə həll edilən  Ermənistan-Azərbaycan münaqişəsinə laqeyd münasibəti dövlət başçısının bu dəfə də KİV nümayəndələri ilə görüşündə xüsusi vurğulandı. Azərbaycan Prezidenti qeyd etdi ki, buna görə biz Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhvali-ruhiyyəni formalaşdıranlara çatdırmalı idik. Məhz həqiqəti bir daha müharibə dövründə təqdim edə bildik. Hələ də hərbi uğurlarımızı həzm edə bilməyən, Ermənistana dolayısı ilə havadarlıq edən bəzi dövlət rəsmilərinin fikrincə, guya, biz informasiya müharibəsini udmuşuq. Dövlət başçısının dediyi kimi, biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə. Sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq, xalqımız, ictimaiyyətimiz həqiqəti öyrəndi: “...Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə ol8mağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra Qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum Qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhvali-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda, həmin məkana daxil olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. Bax buna görə sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla, bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb...”

Xocavənddən hansı təəssüratla ayrıldıqlarını və dünya ictimaiyyətinə nələri çatdıracaqları ilə bağlı fikirlərini bölüşən xarici KİV təmsilçilərinin elə orada söylədikləri diqqətçəkən və maraqlı olduğu qədər də ürəkağrıdıcıdır.

Xocavəndin Edilli kəndində tapılan və azərbaycanlıların basdırıldığı kütləvi məzarlıqla tanış olan amerikalı jurnalist Hami Rifal dedi ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq öldürülmüş əsgərlərin cəsədlərini geri qaytarmayaraq kütləvi basdırıb: “...29 il keçəndən sonra bu acı reallığı görürük. Görürük ki, ermənilər insanları qəddarlıqla öldürməkdən çəkinməyiblər. Burada hərbi cinayət törədilib. İnsanları işgəncə verərək öldürüblər. Çünki buna cavab verməli olacaqlarından qorxmayıblar...”

 

“Dünya bu vəhşiliyi görər və buna səssiz qalmaz”

 

“Ümid edirəm ki, dünya bu vəhşiliyi görər və buna səssiz qalmaz. Birinci Qarabağ müharibəsində yaşanan dəhşəti kadrlardan, sənədli filmlərdən, fotolardan görmüşdük. Amma bu cinayəti burada gözlərimizlə gördükdə insanın qanı donur...”

Bu fikirlərin müəllifi isə “Haber Qlobal” televiziyasının əməkdaşı Ela Sezendir. O əlavə edir: “İkinci Qarabağ müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımızla bərabər, şəhidlərimizə də qovuşduq. Ümid edirəm ki, bu cəsədlərin kimlikləri məlum olduqdan sonra, onların ailələrinin başlarına gedib dua edə biləcəkləri bir məzarları olacaq. Bu, onların dərdinin üzərinə heç olmasa su səpmiş olar. Biz erməni hərbçilərinin bu cür zülmlərini çox eşitmişdik. Amma gəlib yerində görmək insanda başqa duyğular oyadır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılovun sözlərinə görə, toplanmış materiallara, şahid ifadələrinə əsasən, işğaldan azad olunmuş rayonlarımızda bir çox kütləvi və fərdi məzarlıqların olması barədə məlumatlar var: “Araşdırmalar zamanı məlum olub ki, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur. Artıq Dövlət Komissiyasında məlumatlar var, GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların təxmini sayı müəyyənləşib. Ardıcıl olaraq ərazilər minalardan təmizləndikcə, məzarlıqlar da aşkara çıxarılacaq”.

Zaur İsmayılov onu da qeyd edib ki, Füzuli rayonunun Seyidəhmədli kəndində keçmiş “Kolxoz idarəsi” deyilən ərazidəki meydançada 10 nəfərdən çox azərbaycanlının basdırıldığı kütləvi məzarlıq barədə də məlumatlar var. Həmin ərazi minalı olduğu üçün hələlik araşdırma aparmaq mümkün olmayıb:

“Xocavəndin Edilli kəndində kütləvi məzarlığın olması da bu məlumatlar sırasında idi. Şahid ifadələrinin və materialların təhlili nəticəsində bura  baxış keçirildi və Prezidentin göstərişinə əsasən, yaradılmış İşçi qrupunun mütəxəssisləri tərəfindən məzarlıq aşkarlandı. Məzarlıq fevralın 23-də açılıb. Hazırda mütəxəssislər burada çalışırlar. Şahidlərin ifadələrinə görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünsə də, torpağın altında da onların olması ehtimalı var. Cəsədlər eskumasiya olunduqdan sonra aidiyyəti qurumlara təhvil veriləcək”.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə 3890 itkin qeydiyyata alınıb. 3079 itkinin ailəsindən DNT nümunələri götürülüb və proses bu ilin avqustunda başa çatdırılacaq.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.1; 7.