Acı həyat
Hər iki
valideynini Xocalıda itirən 3 uşağın
yaşadığı dəhşət və ürəkdağlayan
ömür gündəliyi
Yaza 20 gün qalırdı. Soyuq
qış öz yerini bahara verməyə
hazırlaşırdı. Hər kəs
baharın gətirəcəyi isti, tumurcuqlu xoş günləri
gözləyirdi. Amma nə biləydilər
ki, o günləri görmək onların çoxuna nəsib
olmayacaq.
Soyuq fevral gecəsinin 25-ci
günü onlar üçün zülmətə, qətliama
və ömür boyu ürəklərində
daşıyacaqları dağa çevrildi. Həmin gün
Xocalını tərk edən insanları ikiyə böldü -
şəhidlər və şahidlər...
Bir gecənin
dramı
Günahsız insanların, xüsusən
də körpələrin amansızcasına qətlə
yetirildiyi tarixdən 30 il ötür. Amma hər
il fevral ayı başlayanda o faciədən
sağ qurtulan şahidlərin isti ocaqları sanki buz
bağlayır, qətliamın qorxunc mənzərəsini bir
daha yaşamış olurlar.
O dəhşətli gecədən
sağ qurtulan hər kəsin faciəvi hekayəsi var. Amma faciədə
hər iki valideynini itirən uşaqların həyat hekayəsini
nə yazıçı, nə də ssenarist təxəyyülünün
məhsulu sayılmayan ən dəhşətli dram əsəri
adlandırmaq olar.
Həmin gecədə sağ
qalan Orucovlar ailəsinin 3 yadigar övladının ürəkdağlayan
həyat hekayəti var.
Orucovlar ailəsi 6 nəfərdən
ibarət idi.
Ailənin başçısı Telman Orucov
Xocalıda özünümüdafiə taborunda
könüllü döyüşçülərdən olub.
Aylarla postda xidmət edən vaxtda günün əksər
hissəsini burada keçirir, əsasən, gecələr ailəsinə
baş çəkirdi. Yurdunun, millətinin
keşiyində isə öz ov tüfəngi ilə dururdu.
Telmanın qardaşı Elman da onunla birgə
Xocalının keşiyində idi.
Qayğıkeş, mərhəmətli
ana Rayə xanım isə 4 övladının daim
ehtiyacları ilə mübarizə aparır, onlara bu çətin
günləri sezdirməməyə
çalışırdı. Amma o zülmət gecədən
övladlarını qaçıra bilməmişdi.
Həmin gecə düşmən
Xocalını ağır artilleriyadan atəşə tutur. Hər tərəf
alışıb yanır. Ailəsindən
narahat olan Telman Orucov kəndə tərəf yollanır.
Həyat yoldaşı Rayə xanım
övladlarını da götürüb zirzəmidə gizlənmişdi.
Ata evə yetişən kimi
vəziyyətin acınacaqlı olduğunu görüb ailəsini
də götürərək əhaliyə qoşulur. 1989-cu il
təvəllüdlü, ailənin sonbeşiyi 2 yaşlı
Kübra alovların içi ilə anasının kürəyində
gedirdi. 4 yaşlı Xəyalə isə
atasının kürəyində idi. O, təkcə
öz ailəsinə deyil, eləcə də bütün
Xocalı sakinlərinə əlindən gələn hər dəstəyi
göstərirdi. Qarqar çayını
keçən zaman bir çox qadını, uşağı
buzlu çaya ayaq basmamaları üçün öz kürəyində
daşıyırdı. Silahlı
olduğundan keşikçi kimi ən arxada irəliləyirdi.
8 yaşlı
Xatirə: “Atam və anam vuruldu, mənə də 3 güllə
dəydi”
Həmin vaxt 8 yaşı olan Xatirə
Orucova olanları belə xatırlayır:
“Mən və qardaşım
Anar böyük olduğumuzdan anamla birgə gedirdik. Biz nisbətən
atamdan irəlidə idik. Onun ayaqları
çayda islanıb, şaxtada donduğundan ləng yeriyirdi, həm
də hər kəsi qabağa keçirib özü arxada gələrək
müdafiəni gözləyirdi. Birdən arxadan kimsə
qışqırdı: “Telman vuruldu, Telman vuruldu...”
Anam cəld geriyə
doğru qaçmağa başladı, 5 addım gedər-getməz
növbəti güllə də anama dəydi. Vurulmasına
baxmayaraq, həmin anda belə bizi
düşünmüşdü. Arxasından
Kübra bacımı açıb özündən kənara
qoymuşdu. Kübra isə ağlayır,
anamın cansız bədənindən yapışıb “ana,
dur gedək, dur gedək” deyərək
çığırırdı. Onu sakitləşdirmək
üçün həmin tərəfə getmək istəyəndə
3 xain erməni gülləsi də mənə tuş gəldi.
Qabırğa və ciyərimi parçalayan
amansız atəş nəticəsində huşumu
itirmişdim. Gözlərimi açanda Xəyaləni
gördüm. İrəliyə doğru
sürətlə qaçırdı. Onu
haraylamağa çalışsam da, aldığım
yaralardan səsim çıxmırdı.
Növbəti güllədə
isə Xəyalə yıxıldı və yenidən
huşumu itirdim. Ağdam xəstəxanasına gətirilmişdim”.
Ağdam xəstəxanasında
Xatirənin hər iki valideyninin şəhid olduğu müəyyənləşir.
Güllə yarası alan
bacısı Xəyalə də qətliamın qurbanı
olmuşdu. Amma Xatirə bundan xəbərsiz idi.
Yarası ağır
olduğu üçün onu təcili olaraq vertolyotla
Bakıya yola salırlar. Güllə yaralarından 1 saylı
Kliniki Tibbi Mərkəzə gətirilərək əməliyyat
olunur. Uzun müddət xəstəxanalarda
müalicə alır. 38 yaşlı Xatirə
xanım hazırda 2-ci qrup əlildir.
“Bu faciə məni
8 yaşımda 80 yaşlı qarıya çevirdi”
Müharibədən öncə
xoşbəxt, firavan həyat sürdüklərini deyən
Xatirə xanım vurğulayır ki, həyatının ən
gözəl anlarını həmin zaman yaşayıb:
“2 mərtəbəli ev.
Firavan keçən günlər. Həyətimizdəki yelləncək. Bunlar mənim xatirimdəki ən özəl
anlarımdır. Xəyallarımı da elə
yelləncəkdə yellənən zaman qururdum. Dərslərimi çox yaxşı oxuyurdum. 2-ci sinifdə oxumağıma baxmayaraq, qəzet,
jurnallara və bədii kitablara böyük marağım var
idi. Məktəbi çox sevsəm də,
yanvardan sonra hücumlardan dərsə gediş-gəlişimiz
kəsilmişdi. Faciə məni 8
yaşda ola-ola 80 yaşlı qoca qarıya çevirdi. Uşaqlığımı da, gəncliyimi də əlimdən
aldı. Uşaqlığım deyəndə
daha çox yadıma həmin dəhşətli gün
düşür. Mən həmişə
elə bilirdim ki, insan ancaq qocalanda ölür. Qətliam isə mənə öyrətdi ki,
ölüm yaşa baxmır”.
Xatirə xanım Bakıda təhsil
aldığı müddətdə də əla qiymətlərlə
oxuyub və orta məktəbi fərqlənmə ilə
bitirib.
Universitetə qəbul olmaq üçün verdiyi imtahandan 6 balı çatmadığından arzuları
yarımçıq qalıb. Daha sonra ailə
qurub və 3 övladı dünyaya gəlib. Həyatdakı
ən böyük peşmanlığını da məhz elə
ali təhsil ala bilməməyində
görür: “Özümün ala bilmədiyim ali təhsili hər
zaman övladlarıma verməyə
çalışmışam. Onlardan biri
hazırda ibtidai sinif müəlliməsidir, digəri isə
tibb sahəsində təhsil alır”.
Xatirə xanımın bundan
sonrakı həyatında ən böyük arzusu Xocalıda
muzey açmaqdır. O, Xocalı azad olunandan sonra orada şəhid
olanların əşyalarını, xatirələrini sərgiləmək
fikrindədir: “Oxuduğum məktəbi də ziyarət etmək
istəyirəm. Hələ də oranın pilləkənləri,
yolu, cığırı gözlərimin önündə
canlanır. Evimizə isə ayaqyalın
gedəcəm”.
2 yaşlı
Kübranın möcüzəli əhvalatı
Kübranın
sağ qalması tamamilə möcüzə olub. Rayə ananın nəşi Ağdam məscidinə
gətirilən vaxt sinəsində uzanan Kübranın
dodaqları anasının döşündə idi. Sən demə, bu balaca qızcığaz
ölmüş anasının südünü içib
sakitləşərək səssizcə düşmən nəzərindən
yayına bilib. Ailənin yaxınları
Kübranın da öldüyünü düşünərək
onu da anası ilə birgə dəfn etmək istəyirmişlər.
Bu möcüzəni Kübra
xanımın öz dilindən eşidək:
“Orada bir tibb bacısı
olub. Məni anamın sinəsindən götürən
zaman ağır nəfəs aldığımı duyaraq həyatımı
xilas edib. Saçım isə anamın sinəsindən
vurulmuş yarasının qanına boyanmışdı.
Hər nə qədər yuyub qanı
saçımdan təmizləməyə
çalışsalar da, bu mümkün olmayıb. Anamın qanı ilə örtülmüş
saçım tamamilə kəsilib”.
Bir tibb bacısı
Kübranı evinə apararaq bir müddət ona qayğı
göstərib. Bacısı kimi hər zaman oxumaq arzusunda
olan Kübra da qeyd edir ki, oxuyub hüquqşünas olmaq istəyirdi.
Səbəbi isə Xocalıya qarşı
haqsızlıqlara görə mübarizə aparmaq olub. Amma tale buna imkan verməyib. 11-ci
sinfi bitirdikdən sonra təhsilinə davam edə bilməyib.
2007-ci ildə ailə həyatı
quran Kübra xanım 3 övlad sahibidir. İlk, gözünün
ağı-qarası olan qızına da şəhid
bacısının adını verib: “Qızım 4
yaşına gələnə qədər mən çox təşviş
içində yaşamışam. Bacımın
itkisi sanki məndə dəf edilməz qorxu
yaratmışdı. Kimsə yanımda
ölüm sözünü işlədəndə də onu
şiddətlə qınayırdım. Ölüm
məndən ailəmin 3 əzizini alıb
aparmışdı. Çox
şükür ki, azda olsa, o günləri geridə qoya
bilmişəm”.
Bu gün Kübra xanım
öz halal zəhməti ilə övladlarını
böyüdür. Onlara qarşı olduqca mühafizəkardır.
Heç kimə icazə vermir ki, onların əhvalını
pozacaq vəziyyətə səbəb olsun: “Bəzən məni
ətrafımdakılar belə davranışlarıma görə
qınayırlar. Amma onlara qarşı münasibətimdə
sanki öz valideynlərimdən də görmək istədiklərimi
əlavə edib diqqətcil olmağa
çalışıram”.
Kübra xanım bu gün
atasının onlara qoyub getdiyi adla yaşadıqlarını
da dilə gətirdi: “Tanımadığım insanlardan
atamın - Telman kişinin qızı kimi hörmət, ehtiram
görməyim məni olduqca qürurlandırır. Onlar mənə atamın
qoçaqlığından danışanda fəxarət hissi
ilə sinəm dolur. O cəsur
döyüşçü idi. Vətəninin
dar günündə torpağını canı naminə
qorumuşdu. Ən böyük arzum da ona
layiq olduğu imtiyazın verilməsidir”.
Uşaqlıq xatirələri
hər kəsdə dərin izlər qoyur. Amma bəzən bu hadisələr
çox qəmgin çalarları ilə ömrə
yansıyır: “Hələ də unuda bilmədiyim və
xatırlayanda özümə əsəbiləşdiyim bir
xatirəm var. Uşaqlıqda bol nemətlərlə
böyümək yetim qalan uşaqlara nəsib olmur. Ancaq ilin bir günü bizdə yeməklərlə
dolu süfrə açılırdı. Həmin
vaxt hamı bizə gəlirdi. Mən də
fevral ayını səbirsizliklə gözləyib həmin
günü sevinclə qarşılayırdım. Yaşım artıb, hadisələri dərk edəndən
fevral qara ömür səhifəmə çevrildi. Sən
demə, o süfrə, verilən ehsan, gələn qonaqlar
valideynlərimin və bacımın anım gününə
görə imiş...”
İşğal altına
salınan əzəli torpaqlarımızın geri
qaytarılması ilə 2021-ci ilin mart ayında Kübra
xanım qardaşı Anarla birlikdə Ağdam Şəhidlər
xiyabanına səfər ediblər. Valideynlərinin məzarlarını
tapmasalar da, ora getmək, uzun illərdən sonra həmin
torpaqlara ayaq basmaq qəlblərinə rahatlıq toxumunu səpib.
6 yaşlı
Anarın yaşadığı vəhşət
Anar ailənin yeganə
oğludur. O,
faciəli gündən xəndəyə düşərək
xilas olub. Lakin o da həmin gündən xəsarətsiz qurtula
bilməyib:
“Xəndəkdə gizlənən
zaman qaçan insanların səslərini eşidirdim. Bir qadın gəlib məni oradan
çıxarmağa çalışanda demişdi ki,
heç öz övladlarımı götürüb
özümlə apara bilmədim, səni necə aparım? Bu söz həmin andan sanki mənim yaddaşıma
yazıldı”.
Daha sonra Anarı xəndəkdən
çıxaran bir əsgər olub. Ancaq həmin an
düşmən gülləsi əsgəri yerə sərib:
“Əsgər vurulduğu anda mən onun altında
qalmışdım. Sanki hər fürsətdə
Allah məni qoruyur, ölümün caynağından çəkib
alırdı”.
Qətlə yetirdikləri insanlardan
belə əl çəkməyən erməni canilər yenidən
onların yanına qayıdıb müxtəlif xəsarətlər
yetirirdilər: “Geri qayıdanda üstümdəki əsgəri
itələyib kənara saldılar. Məni
görən kimi silahla vurmağa çalışan erməninin
mərmisi isə qalmadığından qundağı ilə
başıma zərbələr endirməyə başladı.
Ağrının şiddəti ilə huşumu
o andaca itirdim”.
Şəhidlər
daşınan zaman Anarı kənd sakinlərindən biri
götürərək evinə gətirib. O, əvvəlcə
ayılanda ermənilərə əsir
düşdüyünü zənn edib. 1 ay
boyunca aldığı travmalardan danışa bilməyib.
Hətta adı soruşulanda belə cavab vermək
gücündə olmayıb.
Onun ən böyük arzusu
atasının bitirdiyi universitetdə ali təhsil
almaq idi. İstəyinə çatıb
iqtisadiyyat ixtisası üzrə təhsilini başa vursa da, o
sahədə işləmək imkanı olmayıb.
Hər 3 övlad ana nənələrinin
himayəsində böyüyüblər. Onların
qovuşmasına isə anaları Rayə xanımın
qoçaqlığı və uzaqgörənliyi
yardımçı olub. O, faciə gecəsi
Xocalıdakı evlərindən çıxmazdan əvvəl
kağız parçalarına uşaqlarının ad, soyad,
ata adlarını yazaraq üzərlərində gizlədib. Müxtəlif yerlərə gedib çıxsalar da,
kimlikləri məlum olduqdan sonra bir yerdə boya-başa
çatıblar.
Ermənilərin vəhşiliklərini
dünyaya çatdıran Milli Qəhrəman Çingiz
Mustafayevin kadrlarında
dəhşətli bir görüntü də qeydə
alınıb. Telman Orucovun cansız bədənini çəkən
Milli Qəhrəmanımız 2 gün sonra həmin nəşi
görəndə kadrda təlaşlı səslə qeyd edib:
“Bunu mən srağagün çəkmişdim. Belə şey yox idi. Təzə
gəliblər, başının skalpını kəsiblər”.
Əks olunan görüntüdə əvvəlcə
nurani üzlü Telmanın xəsarətsiz siması
görünsə də, digər gündə çəkilənlərdə
şəhidin dağıdılmış başı
onların murdar əməllərindən xəbər verirdi.
O gecə Xocalıda cəhənnəmin
alovu yandırılmışdı. Elə bil, həmin
gün yaradan da, fəsil də üz döndərmişdi
xocalılılardan. Lakin xalqın milli
qürur hissinin sönməzliyi, əzmi haqqın yerdə
qalmaması üçün daha da alovlanmış,
qisasımızı onlardan almağımıza kömək olmuşdu.
44 günlük Vətən müharibəsindəki
şanlı Zəfərimiz Xocalı yaramıza məlhəm
oldu. Tökülən qan yerdə
qalmadı. Bu gün hər kəs kimi
Orucovlar ailəsinin üzvləri də Xocalıya
qayıdacaqları anı səbirsizliklə gözləyirlər.
O gün isə uzaqda deyil.
Aydan XƏLİLOVA
Azərbaycan. - 2022.-
26 fevral.- S.9.