Doğum günündə şəhidlərini dəfn edən
qadın
Goranboy rayonunun ərazisində yeni yaşayış massivində məskunlaşmış şəhid ailəsi, Xocalıda doğulmuş, Xankəndi şəhər sakini Əliyeva Məlahət Əhməd qızı 30 ildir ki, ürəyində saxladığı dərdi dilə gətirir.
Amma bu o qədər ağırdır ki, onu yazmaq da çətindir. Dili ağı deyən ananın gözləri qan-yaş seli axıdır. Xocalı soyqırımında Ağdam istiqamətində erməni quldurlarının gülləbaranı nəticəsində onun həyat yoldaşı, 1949-cu il təvəllüdlü Xocalı özünümüdafiə batalyonunun üzvü Tapdıq Çobanov və 8 yaşlı qızı Nəzakət şəhid olublar. Özü isə qolundan yaralanıb. Təsadüf nəticəsində həyatda qalıb.
Məlahət Əliyeva deyir ki, 1988-ci ildə Xankəndidə
ermənilər azərbaycanlıların evlərini yandırmağa
başlayanda onlar da şəhəri tərk etmək məcburiyyətində
qalıblar. Ona
görə də Xankəndidəki ikimərtəbəli 6
otaqlı evləri düşmənə qalıb. Xocalıda məskunlaşandan
sonra yenidən altıotaqlı ev tikiblər ki, az da
olsa, təskinlik tapsınlar. Məlahət
Əliyeva ürəkağrısı ilə deyir:
“...Ev təmir olana qədər
qardaşımgildə qalırdıq. 1992-ci ilin fevralında ev demək olar ki, tam hazır idi. Bu zaman anam rəhmətə getdi. Fikirləşirdik
ki, anamın ili çıxandan
sonra evimizə köçərik. Bilməzdik
ki, anamın il mərasimini
Naftalanda verəcəyik.
Faciə axşamı həyat yoldaşım və qardaşım özünümüdafiə
postunda keşik çəkirdilər. Qızım qızılca xəstəliyindən
yenicə sağalmışdı.
Zirzəmiyə soba qoymuşduq. Atışma
olanda qonşularla birgə ora düşürdük. Qızım
həmin günü yuxusunu mənə danışdı: “...Ana, yuxuda
görmüşəm ki,
şənlik var, qucağıma da çoxlu kökə yığmısınız....” Mən onun yuxusunu yozmaq üçün təzə xəmirdən
şirin çörək
bişirdim. Atışma olanda həyat yoldaşım gəlib bizim zirzəmidə olub-olmadığımızı yoxladı. Sonra yenidən döyüşə
getdi. Bir azdan kürəkənimiz
Elburus gəlib dedi ki, bizim
evlərə ermənilər
giriblər. Hamı məktəbin zirzəmisinə
doluşur, siz də ora gedin...
Məktəbə tərəf getmək istəyəndə raket atıldı. Səpələnən mərmilər bizi
çaş-baş saldı.
Uşaqların hamısının
ayağında ev çəkələyi
vardı. Qızımı evimizin arxasından
keçən arxın
içinə saldım.
İslanmış vəziyyətdə qızımı götürüb
məktəbə tərəf
gedəndə dedilər
ki, hamı Xocalıdan çıxır.
Yollarda yaralananlar və ölənlər var”.
Məlahət Əliyeva deyir ki, Qarqarçayı keçib Kətik dağına tərəf üz tutublar. Uşaqları götürüb bir-bir yoxuşları çıxırmışlar.
Kol qırılanda aşağı
düşür, yenidən
zülmlə yuxarı
qalxırmışlar. Oğlanları özləri
getdiyi üçün ancaq
qızını özü
aparırmış. Oradan baxanda
Xocalının alovlandığını
görürlər. Erməni postlarına çatanda istiqaməti dəyişirmişlər:
“... Meşənin içi ilə
gedəndə mənə
dedilər ki, yoldaşın sizi soruşurdu. Ağdamdan Şelliyə
tərəf gedən asfalta yaxınlaşanda, səhərə yaxın idi. Gördük ki, asfaltda
“UAZ” markalı maşın
dayanıb. Elə bildik
ki, bizimkilərdir.
Gördük ki, Ağdama
çatırıq, buna
görə sevinirdik.
Camaat asfaltı keçmək istəyəndə maşın
Əsgərana tərəf
getdi. Asfaltı keçəndə rəhmətlik həyat yoldaşım yanımızda
peyda oldu. Əlif Hacıyev bizim dəstəyə başçılıq
edirdi. Otu biçən kimi
bizim dəstəni qırdılar. Kimə güllə
dəyirdisə, elə
bil sevinirdi ki, canı qurtarır.
Tapdığa dedim ki, balalarına kömək dur. O, sərt
baxışlarla “hamını
buradan sağ çıxarmalıyıq!” dedi.
Nə deyəydim ki? Düz deyirdi. Güllə yağış kimi
yağırdı. Qızımın üstünə uzanmışdım
ki, ona güllə
dəyməsin. Ancaq ayaqları
kənarda qalmışdı.
Bir xəndək kimi yerdə gizlənəndə qızım
yavaşca dedi ki, ana, mənə güllə
dəydi. Baxdım ki, mənim
də qolumdan qan axır. Eyni vaxtda ikimizə də güllə dəymişdi. Tapdıq məndən
əvvəl qızıma
baxdı. Amma mənə
heç nə demədi. Körpə balam şəhid
olmuşdu. Qızımın üstünü qar örtəndən sonra onu götürüb gətirmək istədim.
Ancaq qolum çox ağrıdığına görə
gücüm çatmadı.
Çığıra-çığıra yoldaşıma tərəf
gələndə onu da vurdular. Üzüstə yıxıldı. Ona tərəf yaxınlaşmaq istəyəndə
dedi ki, gəlmə, səni də vuracaqlar. Oğlanlarımı qışqıra-qışqıra
tapdım. Bu anda ölmək istəyirdim. Yoldaşımın, qızımın öldüyünü
bilirdim. Ürəyim
onların yanına getməyə can atırdı...”
Həyat yoldaşı və qızı Ağdamdakı
Şəhidlər xiyabanında
dəfn edilib. Fevral ayının
28-i Məlahət xanımın
doğum günü imiş. Həmin gündə əzizlərini
torpağa tapşıran
Məlahət Əliyeva
yana-yana əlavə edir ki, Xocalı
soyqırımında bir
bacısının 3 oğlu,
həyat yoldaşı
və başqa qohum-əqrəbaları şəhid
olublar. Bacısının, eləcə də
xalası oğlunun bir qızı və bir oğlu
isə itkin düşüb.
Budur sağalmaz, qaysaq bağlamayacaq ürək yarası. Xocalısına 30 ildir ki, həsrət qalan ana əzizlərinin məzarını ziyarət
etmək arzusunu da gizlətmədi. Xocalısının da azad ediləcəyi günə inanan Məlahət xanım əmindir ki, düşmən haqqın
yoluna dönməsə,
daha ağır cəzaya məhkum olacaq...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2022.- 26 fevral.- S.9.