Xocalının qəhrəman oğlu
1990-cı illər idi. Yetmiş illik əsarətdən yeni qurtulmuş Azərbaycanın çətin zamanlarıydı. Müstəqilliyini elan etmiş respublikanın iqtisadiyyatı tənəzzülə uğramışdı. Belə bir vaxtda müharibəyə sürüklənmişdi. Nə maddi gücü, nə ordusu, nə də müasir tələblərə cavab verən silahları vardı. Ancaq ümidsiz də deyildi. Çünki bütün bölgələrindən mərd, fədakar övladları yurdun harayına yetişib, sinələrini düşmən güllələrinə sipər etmişdilər.
Düşmənləri qorxuya
salırdı
Tarixin ziddiyyətli, qarışıq dövrlərində məkrli planlarını həyata keçirmək üçün açıq mübarizəyə başlayan erməni daşnaklarının yenə də əllərinə fürsət düşmüşdü. Üstəlik, hər cür maddi yardım və hərbi sursatla təmin olunmuşdular. Odur ki, Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları kəndlərə, qəsəbələrə, rayonlara, şəhərlərə hücum edir, mülkü əhalini amansızlıqla qətlə yetirirdilər. Erməni silahlılarının qəddarlığının hədd-hüdudu yox idi. Azərbaycanlıların evləri talanır, yandırılır, qaçıb canını qurtara bilməyənlər əsir götürülür, işgəncələrlə öldürülürdü.
Azərbaycan xalqının o ağır, məşəqqətli günlərində düşmənlərə qarşı mübarizəyə qalxmış övladlarından biri Tofiq Hüseynov idi.
O, 1954-cü il aprelin 19-da Xocalı şəhərində dünyaya gəlib. Uşaqlığının qayğısız çağları həmin şəhərdə keçib. 1961-ci ildə birinci sinfə gedib. 1971-ci ildə orta məktəbi bitirib. 1974-cü ildə sovet ordu sıralarına hərbi xidmətə çağırılıb. 1976-cı ildə ordudan tərxis edilib. Hərbi xidməti başa vurduqdan sonra Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Onda hələ Xocalı xoş günlərini yaşayırdı. Xocalılıların ağlına da gəlməzdi ki, bir neçə il sonra bu şəhərin üzərinə qara buludlar çökəcək, Xocalının dinc sakinləri soyqırımına məruz qalacaq, yüzlərlə məsum insan qəddarlıqla qətlə yetiriləcək...
1988-ci ilin soyuq qış günlərində Xankəndidə erməni daşnakları məkrli planlarını həyata keçirməyə başladılar. Şəhərin küçələrində aksiyalar keçirdilər. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSRİ-yə birləşdirmək çağırışları ilə Azərbaycana qarşı savaşa başladıqlarını dilə gətirdilər. Getdikcə bu alov bütün Dağlıq Qarabağı çənginə aldı.
Vəziyyət gündən-günə gərginləşirdi. 1989-cu ildə erməni silahlıları tərəfindən azərbaycanlılara məxsus nəqliyyat vasitələrinə, avtobuslara, yaşayış məntəqələrinə hər gün hücum edilirdi. Belə gərgin vaxtlarda azərbaycanlılar özünümüdafiə dəstələri yaratmaq məcburiyyətində qaldılar. Silahlar məhdud sayda idi, əlavə bir kömək də yox idi. Bütün bunlara baxmayaraq, Azərbaycanın fədakar övladları yaşayış məntəqələrini, mülki əhalini qorumaq üçün əllərindən gələni əsirgəmirdilər. 1991-ci ildə Dağlıq Qarabağın strateji əhəmiyyətli yaşayış məntəqələrindən olan Xocalı şəhərində də özünümüdafiə dəstəsi yaradıldı. Tofiq Hüseynov Xocalı özünümüdafiə dəstəsinin təşkilatçılarından biri və komandiri oldu. Çox keçmədi ki, igidliyi, qorxmazlığı və döyüş bacarığı ilə adı dillərə düşdü. “Mixaylo” ləqəbi ilə tanınan Tofiq Hüseynov düşmənləri qorxuya salırdı.
Meşəli kəndi uğrunda gedən döyüşdə düşmən hərbi birləşməsinə elə bir zərbə vurdu ki, ermənilər onu öldürən şəxsə pul mükafatı da təyin etdilər. Erməni yaraqlılarının kabusuna çevrilən Tofiq Hüseynovun komandiri olduğu tabor Xocalı ətrafında düşmənin hərbi birləşmələrinə ardıcıl olaraq ağır zərbələr endirirdilər. Beləliklə, işğalçıların Xocalı şəhərini mühasirəyə almaq cəhdlərinin qarşısını alırdılar.
Xocalı mütəmadi erməni quldurları tərəfindən Naragux kəndindən top atəşinə tutulurdu. Həmin ərazini müəyyənləşdirən Tofiq Hüseynov əməliyyat planı hazırladı. Düşmənin hərbi qurğularını məhv etdi. Sonra erməni yaraqlılarının Mehdikənd kəndində yerləşən “Alazan” qurğusu partladıldı. Xocalının “Mixaylo”sunun dəstəsi on erməni quldurunu əsir götürdü. Ona həmin uğurlu hərbi əməliyyatdan sonra mayor rütbəsi verildi.
Son döyüş...
Tofiq Hüseynovun son döyüşü 1992-ci il fevralın 26-da oldu. Onun dünyaya göz açdığı Xocalı o günədək tez-tez atəşə tutulurdu. Artıq quru yol bağlanmışdı. 1992-ci il fevralın əvvəllərindən Xocalını işğal etməyi qarşısına məqsəd qoymuş ermənilərin şəhərə hücumları daha da intensivləşdi. Ümid özünümüdafiə taborunun döyüşçülərinəydi. Onların isə şəxsi heyət və silah-sursat imkanları məhdud idi.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıya genişmiqyaslı hərbi hücum başladı. Həmin gecə erməni quldurları Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə aldılar. O gecə ermənilər çoxsaylı ağır texnika ilə Xocalıya girdilər. Və bir şəhəri yer üzündən sildilər...
Komandir Tofiq Hüseynov döyüş yoldaşları ilə çiyin-çiyinə vuruşdu. Ancaq canlı qüvvə və texnika cəhətdən qat-qat üstün olan düşmənlə qeyri-bərabər döyüşdə şəhərin işğalı qaçılmaz idi. Erməni yaraqlılarına müqavimət göstərərək onlarca dinc Xocalı sakinini Ağdam istiqamətində təhlükəsiz əraziyə çıxaran Tofiq Hüseynov son nəfəsinədək döyüşdü. Onlarca erməni quldurunu məhv etdi. Mərmisi bitən qəhrəman əsir düşməmək üçün son qumbaranı sinəsinə sıxdı və özü ilə bərabər düşmən hərbçilərini də məhv etdi.
Xocalı soyqırımında Hüseynovlar ailəsindən təkcə Tofiq şəhid olmadı. O dəhşətli gecədə Tofiq Hüseynov həm də yaxın silahdaşlarından biri olan qardaşı Bakir Hüseynovu itirdi. Həmin məşum gündə atası Mirsiyab, anası Minəş xanım, həyat yoldaşı Məxmər xanım və 47 yaxın qohumu da şəhid oldular.
Tofiq Hüseynov Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olundu. Şəhadətə yetdikdən bir neçə ay sonra - 1992-ci il iyulun 7-də cəsur komandir, mayor Tofiq Mirsiyab oğlu Hüseynov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Tofiq Hüseynovun övladları - qızları Yasəmən və Əfsanə, oğlu Murad ata, baba, nənə və digər yaxın qohumlarının, onların şəhid olduqları müqəddəs vətən torpaqlarımızın nisgili, qədəri ilə böyüdülər. O torpaqlar otuz ilə yaxın təcavüzkar ermənilərin işğalı altında qaldı. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini məğlub etdi. Xalqımızın igid oğulları erməni işğalçılarından Tofiq Hüseynov kimi unudulmaz qəhrəmanlarımızın qisasını aldılar.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2022.- 26 fevral.- S.10.