Xocalıda törədilən vəhşiliklər heç vaxt unudulmayacaq

 

Naftalanda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən onlayn tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov açaraq Xocalı soyqırımının tarixinə nəzər salmış, ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildiyini bildirərək demişdir ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək torpaqlarımızdan qovulması, region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həll edilməsi yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsinin ildən-ilə artdığını diqqətə çatdıran natiq Azərbaycan xalqına və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd etmişdir.

Digər natiqlər - YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov “Tarixi abidələri, mədəni irsi məhv edilmiş Xocalı”, Vətən müharibəsi iştirakçısı, Qaşaltı Qaraqoyunlu kənd bələdiyyəsinin sədri Emin Yusifov “Xocalı şəhərinin coğrafi mövqeyi və hərbi əhəmiyyəti” mövzularında çıxış etmişlər.

Sonda məktəblilərin ifasında “Salam, Xocalım!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.10.