ADA Universitetində “Barış üçün tanı” adlı beynəlxalq tədbir keçirilib

 

İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM) təşkilatçılığı, ADA Universitetinin və ADAMUN Klubunun tərəfdaşlığı ilə ADA Universitetində Xocalı Faciəsinin 30-cu ildönümü ilə bağlı “Barış üçün tanı” (“Recognize to Reconcile”) mövzusunda İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) simulyasiyası keçirilib.

ARM-dən AZƏRTAC-a bildiriblər ki, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK üzvü Aydın Səfixanlı, Azərbaycan Respublikası Mərkəzi Bankının aparıcı hüquq məsləhətçisi Fərahim Hüseynzadə, İƏGF ARM-nin baş direktoru vəzifələrini icra edən Vüsal Qurbanov və ADAMUN Klubunun baş katibi Leyla Məmmədzadə açılış mərasimində iştirakçıları salamlayaraq, Xocalı faciəsinin beynəlxalq hüquq prinsipləri baxımından dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini vurğulayıb, “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası haqqında məlumat veriblər.

Tədbir çərçivəsində “Xocalı qətliamının beynəlxalq səviyyədə tanınmasında əsas maneələrin müəyyən olunması”, “Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasının gücləndirilməsi” və “İƏT-ə üzv ölkələrin Xocalı faciəsinin yerli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasında fəaliyyətin gücləndirilməsi” mövzularında üç sessiyada müzakirələr aparılıb.

İƏT üzvü olan 11 ölkədən, o cümlədən Nigeriya, Fələstin, Qana, Qambiya, Maldivlər, Əfqanıstan və digər dövlətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə tələbələr “Al Jazeera”, “BBC” və “Arab News” xəbər agentliklərinin media fəaliyyətini simulyasiya edərək xüsusi reportajlar hazırlayıblar. Tədbirin sonunda iştirakçı xarici tələbələrin sosial şəbəkələr vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyana “Barışıq üçün Xocalını tanı” müraciətini ediblər.

Tədbirdə ən yaxşı nümayəndə, ən yaxşı debatçı, ən yaxşı jurnalistseçilmiş nümayəndələr xüsusi sertifikatlarla mükafatlandırılıblar.

Bu tədbirin əsas məqsədi Xocalı faciəsi ilə bağlı həqiqətlərin gənclər vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılması, eləcə də bu faciənin beynəlxalq humanitar hüquq prizmasından araşdırılmasıdır.

 

Azərbaycan.- 2022.- 26 fevral.- S.11.