Müdafiə Nazirliyi “Müharibə
veteranı” adının verilməsi barədə müraciətlərlə
bağlı açıqlama yayıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Müharibə veteranı” adının verilməsinə dair daxil olan müraciətlərlə bağlı açıqlama yayıb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, “Müharibə
veteranı” adının verilməsi üçün
məlumatların “Zəfər” altsistemi
vasitəsilə portala daxil
edilməsi məqsədilə nazirlikdə fəaliyyət
göstərən komissiyanın işi davam edir. Təqdim edilən sənədlər və daxil olan müraciətlər
əsasında döyüşlərdə iştirak
etmiş 76 min nəfərin
adı artıq “Zəfər” altsistemi
vasitəsilə portala daxil
edilib. 12 min 616 nəfərin
döyüşdə iştirakı ilə bağlı məlumatlar
araşdırılır, qeydlərin düzgünlüyü
dəqiqləşdirilir.
“Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır. Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar. Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, “Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil ediləcək”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Azərbaycan.- 2022.- 26 fevral.- S.3.