Azərbaycan ilə İraq arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair müzakirələr aparılıb

 

Fevralın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasının xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov tarixən iki xalq arasında mövcud olan münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə inkişaf etdiyini vurğulayıb. İki ölkə arasında siyasi dialoqun səviyyəsindən məmnunluqla danışan nazir iraqlı həmkarı ilə ötən il müxtəlif beynəlxalq təbirlər çərçivəsində görüşlərinə istinad edib. Keçən il Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının Bakıda keçirilməsinin, habelə İraqın neft nazirinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə müsbət töhfə verdiyi qeyd edilib.

Nazir, həmçinin qarşı tərəfə münaqişədən sonra bölgədə mövcud vəziyyət, üçtərəfli bəyanatların Azərbaycan tərəfindən icrası, azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin onilliklər sonra öz torpaqlarına geri qayıtmaları üçün lazımi işlərin görülməsi ilə bağlı məlumat verib.

Nazar İsa Abdulhadi Al-Xeyrullah ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyəti qeyd edib. Mövcud siyasi dialoqun, o cümlədən xarici işlər nazirləri arasında təmasların intensivliyinin qorunub saxlanılmasının önəmini vurğulayıb. Söhbət zamanı məcburi köçkünlər, habelə dağıdılmış ərazilərin bərpası məsələsində İraqın təcrübəsinin olduğunu söyləyən nazir müavini bu təcrübəni Azərbaycanla bölüşməyə hazır olduqlarını bildirib. O, bölgədə həyata keçirilən bərpa işlər ilə əlaqədar, o cümlədən regionda gələcək sülh quruculuğu istiqamətində səylərinə görə Azərbaycanı təbrik edib.

Görüşdə nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və İraq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərini ifadə edibbu xüsusda iraqlı həmkarına ünvanlandığı məktubu çatdırması üçün nazir müavininə təqdim edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, həmin gün Azərbaycan Respublikası və İraq Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İclasda Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İraq tərəfindən isə xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah başçılıq ediblər. Siyasi məsləhətləşmələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.2.