Azərbaycanın Baş prokuroru Litvanın Xüsusi
İstintaq Xidmətinin rəhbəri ilə
görüşüb
Fevralın 9-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsi üzrə ölkəmizə səfər edən Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri - tərəfdaş ölkənin layihə rəhbəri Jidrunas Bartkus və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Baş prokuror Kamran Əliyevin dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də prokurorluqda həyata keçirilən islahatlardan söhbət açıb, prokurorluqda cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Baş prokuror Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturunda Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin təsis edilməsini məhz bu səbəblərlə əlaqəli olmasını bildirib. Azərbaycan Prokurorluğunun Litvanın hüquq-mühafizə orqanları ilə əvvəllər reallaşdırılmış və hazırda cinayət aktivlərinin bərpası sahəsində birgə həyata keçirilən fəaliyyətinin, o cümlədən bu layihənin əməkdaşlığımızın bariz nümunəsi olduğu qeyd edilib.
Kamran Əliyev Jidrunas Bartkusu Korrupsiyaya Qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya Qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının iclasında bu nüfuzlu beynəlxalq təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, səmərəli əməkdaşlığımızın təzahürü kimi həmin tədbirdə Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlərə görə EPAC/EACN-ın 2021-ci il mükafatı ilə təltif olunduğunu xatırladıb.
Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) vitse-prezidenti qismində assosiasiyanın Antikorrupsiya Prokurorları Şəbəkəsi (NACP) ilə EPAC arasında əlaqəli şəkildə birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Jidrunas Bartkus Avropa İttifaqının, o cümlədən Litvanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.
J.Bartkus aktivlərin bərpası sahəsində ölkəsinin təcrübəsini paylaşaraq fikir mübadiləsinin aparılmasında maraqlı olduqlarını və bu sahədə Azərbaycanın qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasında böyük rolunun olacağını qeyd edib.
Görüşdə tərəfləri
maraqlandıran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2022.- 10 fevral.- S.2.