Azərbaycanda
həyata keçirilən sosial islahatlar beynəlxalq miqyasda təqdir
edilir
Birləşmiş Millətlər
Təşkilatının Sosial İnkişaf
Komissiyasının 60-cı sessiyası çərçivəsində
“Dayanıqlı ərzaq sistemlərinin təşviqi yolu ilə
qida təhlükəsizliyi probleminin həlli və
yoxsulluğun aradan qaldırılması vasitəsilə
hamı üçün rifah və ləyaqətin təmin
olunmasında çoxtərəfliliyin gücləndirilməsi”
mövzusunda Nazirlər Forumu keçirilib.
Forumda çıxış edən
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev əhalinin rifahının ardıcıl olaraq
yaxşılaşdırılmasının Azərbaycanın sosial-iqtisadi siyasətinin
əsas prioritetlərindən olduğunu vurğulayıb.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr
və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən
məlumata görə, Sahil Babayev
çıxışında bildirib ki, ölkəmizdə son
3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən
3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata
keçirilib, yalnız 2022-ci il üçün sosial
islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Aparılan
islahatlar nəticəsində həmin dövrdə sosial
ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta
pensiya 60 faiz, minimum əməkhaqqı 2,3 dəfə, illik əməkhaqqı
fondu 2 dəfədən çox artıb.
Nazir yoxsulluğa qarşı
mübarizə tədbirlərindən biri olan ünvanlı
dövlət sosial yardımı proqramını qeyd edib.
Ötən il 202 min ailə
üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı
yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin
son bir ildə 17 faiz artdığını, 2020-ci ildə
COVID pandemiyası zamanı da ünvanlı yardım
proqramının mühüm sosial dəstək rolu
oynadığını vurğulayıb. Həmçinin
keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya
466 min nəfərin aylıq və birdəfəlik sosial
müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə
orta aylıq pensiyanın 60 faiz artdığını qeyd
edib.
BMT Əhali Fondu ilə birgə
layihə çərçivəsində Azərbaycanda
2019-2021-ci illərdə Aktiv Yaşlanma İndeksinin
hazırlandığını bildirən nazir əlilliyi olan
şəxslərin sosial müdafiəsi və
reabilitasiyası tədbirlərini də diqqətə
çatdırıb.
S.Babayev 2020-ci ildə, 44
günlük Vətən müharibəsində Azərbaycanın
BMT-nin 4 qətnaməsinin icrasına nail olduğunu, öz ərazilərini
Ermənistanın 30 ilə yaxın davam etmiş
işğalından azad edərək ərazi
bütövlüyünü təmin etdiyini vurğulayaraq qeyd
edib ki, bu müharibə və Ermənistanın əvvəllər
işğalda saxladığı həmin ərazilər
üzrə bütün və dəqiq mina xəritələrini
vaxtında açıqlamaqdan qəti şəkildə imtina
etməsi həm mülki şəxslər, həm də hərbi
qulluqçular arasında əlilliyi olanların sayının
artmasına səbəb olub.
Nazir Azərbaycanda əlilliyi olan
şəxslərin reabilitasiya vasitələri ilə təminatı,
qeyri-rəsmi məşğulluğun aradan
qaldırılması, aktiv məşğuluq proqramları,
gender bərabərliyi, məşğulluq üzrə xidmətlərin
rəqəmsallaşdırılması sahəsində
görülən işləri qeyd edib.
O, COVID-19 pandemiyası ilə əlaqədar
2020-ci ildə 4 istiqamət üzrə 12 sahəni əhatə
edən məşğulluq və sosial dəstək tədbirlərindən
bəhs edib. Əhalinin 48 faizinin və ya 4,8 milyon nəfərin
həmin tədbirlərlə əhatə olunduğunu deyərək
bildirib ki, ölkəmiz pandemiyanın yaratdığı
sarsıntıları dəf edərək, 2021-ci ildə
iqtisadiyyatın bərpası yoluna inamla qayıdıb. Ötən
ilin sonuna real ümumdaxili məhsul 5,6 faiz artıb, işsizlik
səviyyəsi 7,2 faizdən 6 faizə enib.
DOST konsepsiyası barədə məlumat
verən S.Babayev nazirliyin 173 xidmətindən artıq 110-nun
e-qaydada (o cümlədən 46
xidmətin proaktiv qaydada) həyata keçirildiyini, bu il daha 50 xidmətin rəqəmsallaşdırılması
işlərinin aparıldığını, nazirlik üzrə
xidmətlərin 90 faizinin
elektronlaşdırılmasının hədəf olduğunu
diqqətə çatdırıb.
Forumda Perunun vitse-prezidenti, inkişaf və sosial
naziri Dina Boluarte, Finlandiyanın sosial işlər və səhiyyə
naziri Hanna Sarkkinen, Qətər Dövlətinin sosial işlər
və ailə naziri Mariam bint Əli bin Nasser Al-Misnad,
Liberiyanın gender, uşaqlar və sosial müdafiə naziri
Villiametta E. Saydee-Tarr, Monqolustanın əmək və sosial
müdafiə naziri Ariunzaya Ayuş, Yaponiya parlamentinin xarici
işlər nazirinin müavini Kentaro Uesugi və
başqaları da çıxış ediblər.
Azərbaycan.- 2022.- 10 fevral.- S.4.