Böyük Zəfərin möhtəşəm yolları

 

İlham Əliyevin Qarabağda və Şərqi Zəngəzurda təməlini qoyduğu modern  yol infrastrukturları  tezliklə istifadəyə veriləcək

 

Şanlı Zəfərimizlə bitən Vətən müharibəsindən ötən bir il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında başlanan tikinti-quruculuq işləri bu gün sürətlə davam edir.

Əlbəttə ki, ilk növbədə, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün yolların yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir.

Hazırda dövlət büdcəsindən ayrılmış vəsait hesabına 11 avtomobil yolu - Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin - Qubadlı - Laçın, Qubadlı - Eyvazlı, Şükürbəyli - Cəbrayıl - Hadrut, Füzuli - Hadrut, Bərdə - Ağdam, Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan, Toğanalı - Kəlbəcər - İstisu, Kəlbəcər - Laçın  avtomobil yolları və Kəlbəcər, Laçın ərazisində yol infrastrukturunun tikintisi davam etdirilir.

 

4 yaşayış məntəqəsini birləşdirən yol

 

Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən avtomobil yolunun inşası davam etdirilir.

Avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra edilən və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. 4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək. Prezidentin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla, avtomobil yolunun 19 kilometrlik hissəsi II, 3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr, torpaq yatağının eni 14 və 10 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) və 2x2 (4 m) metr təşkil edəcək.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1,8 kilometrlik hissəsində asfaltlanma işləri icra olunub və səki daşları yeniləri ilə əvəzlənib. Yolun 19 kilometrlik hissəsində layihəyə uyğun olaraq torpaq yatağı tikintisi aparılıb. Bunun üçün yararsız qrunt suyu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yol yatağı genişləndirilib.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yeniləri ilə əvəzlənib, lazım olan yerlərdə isə əlavə olaraq suötürücü boruların quraşdırılması işləri icra edilir. Torpaq yatağı hazır olan hissələrdə yol əsası inşa edilir. Sonra layihəyə uyğun olaraq yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Layihə çərçivəsində İncə çayı üzərində yeni avtomobil körpüsünün tikintisi də nəzərdə tutulur. Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının inşası, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Tərtər rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu və Qaşaltı Qaraqoyunlu kəndlərini keçməklə Naftalan şəhərinə doğru uzanan yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişi ilə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək, həmçinin Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə rahat və təhlükəsiz hərəkəti təmin edəcək.

 

Zəngəzur dəhlizinin bir parçası

 

Ötən il oktyabrın 26-da təməli qoyulan və Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi də sürətlə davam edir.  Uzunluğu 123,8 kilometr olan bu yol 4-6 hərəkət zolaqlı olacaq. Hazırda yolun tikintisi sürətlə aparılır və 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Son məlumatlara əsasən, avtomobil yolu üzrə texniki göstəricilər: uzunluğu 123,8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlıdır. Yolun 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci kilometr hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30 faiz, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi 27 faiz icra olunub. Ümumi uzunluğu 6 kilometr təşkil edən 3 avtomobil tunelinin inşası işlərinə start verilib.

 

Bərdə-Ağdam avtomobil yolunda tikinti işləri sürətlənir

 

İcra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir.

Başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 45 kilometr təşkil edəcək. Prezidentin tapşırığına əsasən, Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda Bərdə-Ağdam avtomobil yolunun 5-45-ci kilometrlik hissəsində torpaq işlərinin icrası davam etdirilir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağı inşa edilir. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri aparılır və bəzi hissələrdə tikinti işləri yekunlaşmaq üzrədir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 79 dairəvi suötürücü boru, 5 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin tikintisi davam etdirilir. Yolun 25 və 40-cı kilometrlik hissəsində inşa olunan 91,3 və 18,2 metr uzunluğa malik 1 aşırımlı körpülərin, həmçinin yolun 41-ci kilometrlik hissəsində 32,2 metrlik yol ötürücünün inşası da artıq yekunlaşmaq üzrədir. Bununla yanaşı, yolun 14-cü kilometrlik hissəsində 66 metr uzunluğa malik yeni yol qovşağının tikintisinə başlanılıb. Yolun 29-cu kilometrliyində “Pit stop” (“Dayan, dincəl”) məntəqəsinin inşasına da start verilib. Birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə geriyə dönmə hissələrinin yaradılması, avtobus dayanacaqlarının inşası da həyata keçiriləcək.

Prezidentin 2021-ci il mayın 28-də təməlini qoyduğu Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə Ağdam şəhərləri daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

 

Füzulidən Ağdama olan 64,8 kilometrlik yolda torpaq işlərinin icrası aparılır

 

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan işğaldan azad edilmiş rayon kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri 2021-ci il oktyabrın 17-də İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yoludur.

Hazırda yolun inşası prosesi davam edir.

Yolun tikintisi Prezident İlham Əliyevin 2021-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq olunmuşİşğaldan azad edilmiş ərazilərin yenidən qurulması bərpası layihəsiçərçivəsində həyata keçirilir.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Yol çiyinlərinin hər iki istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edəcək. Birinci texniki dərəcəli yolun layihə üzrə 380 metr istinad divarı inşa olunacaq.

Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası aparılır. Xüsusi texnikalardan istifadə olunmaqla yararsız qrunt qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 26,5 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, bərabər olaraq bəzi hissələrdə bitki qatının qazılaraq çıxarılması, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülür.

Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə 60 suötürücü boru, 8 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 5 yeraltı keçidin yol üzərində 3 yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Bundan başqa, yolboyu avtobus dayanacaqlarının digər infrastrukturun inşası aparılacaq.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli ərazilərindən keçəcək. Yolun inşası Bərdədən Ağdam Füzuliyədək, həmçinin əks istiqamətdə insanların rahat gediş-gəlişini təmin edəcək.

 

Kəlbəcərdə yollar qardan buzdan təmizlənir

 

Hazırda yüksək dağlıq ərazilərdə qarın yağması yolların sürətlə inşasına meneələr yaradır. Xüsusən Laçın Kəlbəcər rayonları gözəl olduğu qədər çətin relyefdən, əsasən, dağlıq ərazilərdən ibarətdir. Buna baxmayaraq, həmin rayonlarda yolların tikinti prosesi davam etdirilir.

Xüsusən Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi faziləsizliyini təmin etmək üçün yolların qardan buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır. Yüzlərlə kilometr uzunluğa malik olan yolların qardan buzdan təmizlənməsi işlərini tənzimləmək məqsədi ilə Kəlbəcər rayonunda qərargah 21 istiqamətdə dayaq məntəqələri yaradılıb. Qərargah dayaq məntəqələri sərt iqlimə uyğun şəkildə lazımi avadanlıqlarla təchiz edilib, ərzaq, yanacaq-sürtkü, duz-qum ehtiyatları ilə təmin olunub.

Qarın kürənməsi, yolların qar uçqunundan təmizlənməsi işlərinin aparılması üçün əraziyə 100-ə yaxın maşın-mexanizm texnika təhkim olunub, xidməti qrup yaradılıb. Xidməti qrupun tərkibində çalışan çilingərlər, mexaniklər tərəfindən təmirə ehtiyacı olan maşın-mexanizmlərə texniki servis işləri yerindəcə aparılır, rezin təkərli mexanizmlər zəncirlərlə təmin edilir. Maşın-mexanizm texnikaların, həmçinin xidməti sahələr yaşayış düşərgələrində olan işıq generatorlarının fasiləsiz çalışması üçün ərazilərə yanacaq daşıyan maşınlar təhkim edilib.

Artıq əksər yolların tikinti prosesinin böyük hissəsi yekunlaşıb. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək.

Bir sözlə, İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan birnömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Görülən işlər onu deməyə əsas verir ki, tezliklə dünya bir daha Azərbaycanın qüdrətinə şahidlik edəcəkdir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.1; 4.