Lənkəranda 20 Yanvar şəhidinin abidə kompleksinin açılışı olub

 

20 Yanvar şəhidi Rövşən Bədəlovun adını daşıyan şəhər 9 saylı tam orta məktəbin məzunlarından bir nəfəri 1990-cı il 20 Yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Məktəbin müəllim və şagird kollektivi şəhid məzunların xatirəsini heç vaxt unutmur, daim əziz tutur. Şəhid valideynlərinin və doğmalarının iştirakı ilə məktəbdə tez-tez şəhidlərə həsr olunmuş xatirə günləri və digər tədbirlər keçirilir, onların qəhrəmanlıqları barədə şagirdlərə ətraflı məlumatlar verilir.

Bu günlər məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə şəhər rəhbərliyi, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edən Lənkəran ŞİH-in başçısı T.Qaraşov dövlət müstəqilliyimizin və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

Ağaddin BABAYEV,

“Lənkəran” qəzetinin əməkdaşı

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.7.