“Cənub qaz dəhlizi”nin genişləndirilməsi günün tələbinə çevrilir

 

İstehsalçı, istehlakçı, tranzit ölkələrin səlahiyyətli nümayəndələri bu barədə nə deyirlər

 

“Cənub qaz dəhlizi” enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər.

Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Cari il fevralın 4-də Bakıda keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında məhz bu məsələnin əsas müzakirə mövzularından biri olması təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, “Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bizim işimiz isə davam edir”.

İşlər geniş coğrafi məkanı əhatə edir və çoxşaxəlidir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson: “Azərbaycan qazının Balkan ölkələrinə qədər çatdırılmasını istəyirik”, - deyib. O bildirib ki, Cənub-Şərqi Avropa ölkələrinə “Cənub qaz dəhlizi” gözəl töhfədir. Hazırda enerji bazarında sıxıntı və qiymətli artım müşahidə olunur. Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür. Xüsusilə Qərbi Balkan istiqamətində genişləndirmə ilə bağlı müzakirələr aparılır.

Şimali Makedoniyanın “Cənub qaz dəhlizi” ilə əlaqələndirilməsini və 2,8 milyard kubmetr həcmdə təbii qazın nəql edilməsini nəzərdə tutan qaz kəmərinin tikintisi ilə bağlı işlər gedir. Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi bildirib ki, bu həcmdə təbii qazın nəql edilməsi həm Şimali Makedoniyanın qaza olan tələbatını ödəməyə kömək edəcək, həm də ölkənin qonşu dövlətlər üçün tranzit əhəmiyyətinin artmasına təkan verəcək.

Şimali Makedoniyaregion dövlətləri alternativ enerji mənbələri tapmaq üçün səylərini əsirgəmirlər. Şimali Makedoniya nəinki özünün, həmçinin region ölkələrinin də iqtisadiyyatına kömək edəcək enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələrin uğurla başa çatdırılması üçün öz töhfəsini verməyə davam edəcək. Ona görə də biz daha çox yeni enerji təchizatı marşrutlarına sərmayə yatırmalıyıq və bu bizim prioritetlərimizdən biridir. İnanırıq ki, 2023-cü ildə Şimali Makedoniyanın “Cənub qaz dəhlizi” ilə birbaşa əlaqələndirilməsinə nail olacağıq”, - deyə nazir əlavə edib.

Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin dövlət katibi Marko Perunoviç bildirib ki, “Cənub qaz dəhlizi” Qərbi Balkan regionunda yerləşən bütün dövlətlər, o cümlədən Monteneqro üçün çox əhəmiyyətli layihədir. O deyib: “Hələlik Monteneqronun təbii qaza çıxışı yoxdur. Lakin ümid edirik ki, bu, tezliklə mümkün olacaq. Ölkədə təbii qaz tədarükünün həyata keçirilməsinin əsas yollarından biri davamlı enerji istehsalı istiqamətində yeni layihə hazırlamaqdır. Bunun üçün isə “Cənub qaz dəhlizi”nin davamı olacaq İon-Adriatik Boru Kəmərinə ehtiyacımız var. Monteneqro regiondan olan tərəfdaşlarla bu istiqamətdə danışıqlar aparır. Ümid edirik ki, hər hansı razılaşma əldə edilərsə, o zaman biz Avropadan olan tərəfdaşlarımızdan, o cümlədən TAP və “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrdən də dəstək ala bilərik. Biz inanırıq ki, tezliklə həmin layihəni uğurla həyata keçirəcəyik və davamlı enerji istehsalını təmin etmiş olacağıq”.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov qeyd edib ki, hazırda “Cənub qaz dəhlizi” daha da genişlənir: “Biz Avropa dövlətlərindən olan tərəfdaşlarımızla birgə inanırıq ki, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması məsələlərində “Cənub qaz dəhlizi” layihəsi təkcə Cənub-Şərqi Avropa regionu üçün deyil, həmçinin bütün Avropa İttifaqı ölkələri üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Bolqarıstan və Serbiya arasında interkonnektorun tikintisi layihəsi ilə bağlı yeni imkanlar axtarışındayıq”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Cənub qaz dəhlizi”nin reallaşmasının və kommersiya qazının Avropaya nəqlinin mühüm addım olduğunu vurğulayıb və əlavə edib: “Dəhliz vasitəsilə nəql olunacaq qazın həcmini artırmaq üçün bizə əlavə ehtiyatlar və əlavə resurs ölkələri lazımdır. Bu baxımdan biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazırıq”.

Serbiyanın Baş nazirinin müavini, mədənçilik və energetika naziri Zorana Mixayloviç fikrini belə ifadə edib: “Fevralın 1-də tikitisinə başladığımız və 2023-cü ildə istismara veriləcək Bolqarıstan-Serbiya qaz interkonnektoru bizə Xəzər regionundan, “Cənub qaz dəhlizi”ndən və bir sıra digər mənbələrdən təchizatçılarla əlaqə yaratmağa imkan verəcək. Bununla da təkcə Serbiyanın deyil, o cümlədən bütün regionun enerji təhlükəsizliyinə yüksək səviyyədə töhfə veriləcək”.

Rumıniyanın energetika naziri Daniel Popesku ölkəsinin “Cənub qaz dəhlizi”nin Balkanlar və Mərkəzi Avropa istiqamətində genişləndirilməsi planına Rumıniya-Bolqarıstan İnterkonnektoru və BRUA layihəsinin daxil edilməsini bir daha təklif etdiyini nəzərə çatdırıb.

Bosniya və Herseqovinanın xarici ticarət və istisadi əlaqələr nazirinin müavini Ljiljana Lovric və Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatic İon-Adriatik Boru Kəməri layihəsinin bu ölkələrdə qaz sektorunun inkişafını təşviq edəcəyini deyiblər.

Xatırladaq ki, keçən ilbu ilin yanvar ayında “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox mavi yanacaq çatdırılıb. Təkcə Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Enerji böhranının tüğyan etdiyi bir vaxtda “Cənub qaz dəhlizi”nin nüfuzu və əhəmiyyəti daha da artıb. Təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan bu möhtəşəm layihə ilə bağlı inam və perspektivlər də məhz onun uğurlu fəaliyyətindən irəli gəlir. Bununla əlaqədar Azərbaycanın fikri belədir: “Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxalixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və “Cənub qaz dəhlizi”nin inkişafına töhfə verməyə hazırıq”. 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 10 fevral.- S.1; 7.