İƏT Parlament İttifaqının Baş katibi: Xocalı qətliamı Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsidir

 

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya zidd olan və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş bu qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, “BMT Baş Assambleyasının 1948-ci il dekabrın 9-da qəbul edilmiş 260 saylı qətnaməsinə əsasən, bu cür hadisələr qətliam kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məktubda Azərbaycan xalqına, hökumətinə, parlamentinə bir daha tam dəstək ifadə olunur.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Xocalı soyqırımının ildönümü ilə əlaqədar bir daha dərin hüznlə başsağlığı verib, bütün dünya xalqlarına, xüsusən də Azərbaycan xalqına layiq olduğu sülh və firavanlıq arzularını çatdırıb.

 

Azərbaycan.- 2022.-27 fevral.- S.3.