Zori Balayanın tələbini təmin etməyənləri
dəhşətli aqibət gözləyirdi
30 gün əsirlikdə
qalan Yaqub Məmmədov 30 illik
sirri açarkən daşnakların necə zalım və
zülmkar olduqlarını söylədi
30 gün erməni quldurlarının əsirliyində olmuş, ağır işgəncələrə məruz qalmış, II qrup əlil və müharibə veteranı, Xocalı sakini Məmmədov Yaqub Qədir oğlunu dinləmək çox çətindir. O, Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində müvəqqəti məskunlaşıb. 1940-cı il martın 19-da Xocalıda anadan olub. 10 il Xocalıda təsərrüfat rəhbəri kimi çalışıb. Başına gətirilən müsibətləri danışarkən ürək ağrısı, çəkdiyi işgəncələrin mənəvi əzabı yaşaran gözlərində bir daha canlanırdı. Ancaq ümid dolu sözləri onun əzmkarlığını və Vətənə bağlılığını da göstərirdi.
Deyir ki, 1990-cı ilə qədər ermənilər öz mənfur xislətini gizlətməyə çalışsalar da, imkan olanda pisliklərini etməyə hazır idilər: ...Ermənilər briqadanın məhsullarını almırdılar. Məhsullar məhv olurdu. Yəni bizimlə ədavət aparırdılar...
Xocalı soyqırımından 13 gün öncə ailə üzvlərimi sonuncu vertolyotla şəhərdən çıxardım. Faciə gecəsi özünümüdafiə batalyonunda xidmət edirdim. Erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının köməyi ilə Xocalı şəhərini hər tərəfdən mühasirəyə aldılar. Dinc sakinlər canlarını qurtarmaq üçün soyuq qış gecəsində çöllərə düşdülar. Şəhəri ən axırıncı tərk edənlərdən biri də mən oldum. Xocalıdan Qarqarçaya tərəf gedən camaatın bir hissəsinə çatdım. İnsanlar Ağdam istiqamətinə qaçırdılar. Həmin gecə güclü qar yağırdı. Dəhraz meşəsində ermənilər xocalıların gedəcəyi bütün yerlərə pusqu qurub yolu bağlamışdılar. Gördüklərinin hamısını güllələyirdilər. Təslim olanları əsir götürürdülər. Yer qar olduğundan qaçanları ayaq izlərindən asanlıqla tapırdılar. Müxtəlif istiqamətlərə yönəldim, üç gün meşədə tək qaldım. Yediyim-içdiyim ancaq qar oldu. 3 gündən sonra 5 erməni məni tutdu. Məni bir neçə nəfər həmyerlimlə Naxçıvanik kəndindəki fermaya gətirdilər. Onların içərisində tanışlarım Elbrus Abbasov, Elbrusun anası, əmisi arvadı, Nadir və başqaları da var idi. Həmin gün demək olar ki, ermənilər arvadlı-kişili əllərinə keçən daşı, ağacı mənim başıma yağdırdılar. Sonra bizi hərbi UAZ-a yığıb Dəhraz kəndinə gətirdilər. Orada ən azı 500 nəfər Xocalı sakini var idi. Biz ora çatanda dedilər ki, sizdən qabaq 13 nəfər boylu-buxunlu oğlanı seçib güllələyiblər. Bir gecə orada qaldıqdan sonra bir KamAZ maşını dolana qədər bizi yığıb Xankəndiyə apardılar. Naxçıvanik-Aranzamin yolu arasında təxminən 500 nəfər öldürmüşdülər. Öldürülənlər arasında uşaqlar, qocalar və qadınlar daha çox idi...
Yaqub əminin
fikri qırılır.
Yaddaşını təzələməyə
çalışır. Bu an
o müdhiş
günlərin əzabını yenidən sanki
canında hiss edir. Amma danışır, əzab çəksə
də: ...Bir ay bizi Xankəndidə polis
şöbəsinin təcridxanasında saxladılar. Orada saxlanılan əsirləri gündə 3
dəfə amansızcasına döyür
və ağır işgəncələr verirdilər. Hər
adama 50 qram
çörək, 9 nəfərə bir
stəkan su verirdilər. Nə su
içiləsi, nə də çörək yeyiləsi idi. Bir gün
içimizdə kimlərin erməni və rus
dilində bildiklərini soruşdular. Suala cavab olaraq
mən bilirəm dedim. Elə həmin vaxt məni çölə
çıxarıb bərk döydülər. Onlar üçün maraqlı
o idi ki, erməni dilini mən haradan bilirəm. Bildirdim ki, 10 il
kolxoz sədri işləmişəm və
erməni dilini bilmədən işləmək
çətin idi. Sonra mənə dedilər ki, ingilis jurnalistləri
gəlib, səni aparacağıq ora, müsahibə götürəcəklər,
ancaq onlara biz deyənləri danışmalısan.
Elə bu vaxt qabağıma
iki vərəq qoydular. Baxanda gördüm ki, siyahıda 70 Xocalı, 35 nəfər də Qaradağlı sakini var. Mənə dedilər ki, xocalılıların siyahısına imzanı çək. Orada yazılmışdı ki, guya səhər
yeməyinə bizə
yağ-pendir, şirinçay,
naharımıza və
axşamımıza da
yaxşı yeməklər
verilir. O siyahıların
hamısına mənə
məcburi imza çəkdirdilər. Daha sonra
50 nəfər əliavtomatlı
məni həmin jurnalistlərin yanına apardı. Mən içəridə jurnalistlərlə görüşdüyüm
zaman arxa tərəfimdə yekəpər
biri oturmuşdu.
Danışıq sual-cavab əsasında
getməli idi. Jurnalistlərdən biri qadın, ikisi kişi idi.
Mən oturduğum yerdə istiqamətimi dəyişdim
ki, arxa tərəfim o adama tərəf düşməsin.
Jurnalistlər həmin adamın
otaqdan çıxmasını
əmr etdilər.
Ancaq o, çıxmaq
istəmirdi. Rusca mən də iştirak etməliyəm
dedi. Jurnalistlərdən
biri əsəbləşərək,
Zori Balayan, tələb edirəm, dur çıx kabinetdən dedi: O zaman anladım ki, o, daşnak qaniçəni Zori Balayandır. Onu otaqdan çıxardılar.
Məni sorğu-sual etdilər.
Ermənilər qabaqcadan
mənə tapşırıq
vermişdilər: deməliydim
ki, bizi döymürlər, yatdığımız
yer istidi, yaxşı yeməklər
verirlər. Verilən suallara ermənilərin
tapşırdıqları kimi
cavab verməli oldum. Lakin ingilis jurnalistləri
sualların üzərindən
səthi keçmədilər,
öz peşəkarlıqları
ilə müsahibə
götürdülər. Mənim paltarımı soyundurub ermənilərə göstərdilər
ki, bədənində
ət rəngi yoxdur, hər tərəfi qapqaradır.
Paltarımı geyindikdən sonra
mənə sual etdilər ki, bizdən tələbin nədir? Dedim ki, biz Qarabağda doğulub, Qarabağda böyümüşük. Ermənilər çığırışdılar ki, Qarabağı Qorbaçov bizə verib. Mən onlardan bir xahiş etdim. Azərbaycan xalqının qarşıdan
əziz bayramı - Novruz gəlir. Bizə köməyiniz o olar ki, bu bayram
ərəfəsində əsirləri
azad edəsiniz. Jurnalistlər ermənilərə dedilər ki, danışıq qurtardı,
əsiri apara bilərsiniz. Nəticəsi
isə bu oldu: qılçamın birini avtomatın qundağı ilə qırdılar, arxadan vurdular burnumu dəmir raşotka kəsdi, aldığım
zədədən sinirim
zədələndi. Bu gün də qulaqlarım çox ağır eşidir.
Eşitmə qabiliyyətimi itirmişəm.
Məni əsirlikdən qardaşım
oğlanları xilas etdilər. Bir ay əsirlikdə qaldım. Hər gün dözülməz işgəncələr gördüm...
Yaqub əminin də qeyd etdiyi kimi,
Xocalı camaatının
hamısı şəhid
verib. Elə bir ailə yoxdur ki, şəhidi
olmasın. O vaxt
gələn adamlardan çoxu dünyasını
dəyişib. Əsirlikdən, yəni cəhənnəmdən
buraxılanların isə
hamısı I və
II qrup əlildirlər.
Əsirlikdə çox ağır və dözülməz günlər keçiriblər. Ancaq buna baxmayaraq, əqidəsindən dönməyən,
simasından məğrurluq
yağan və düşməndən qisas
almaq hissi səngiməyən Yaqub Məmmədov dövlətimizin
başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevə 44 günlük Vətən müharibəsi ilə Qarabağı erməni vandallarından azad etdiyinə, bu yolda göstərdiyi şücaətə, cəsurluğa
və qətiyyətə
görə minnətdarlığını
bildirməyi özünə
borc bildi. O da digər xocalılılar
kimi inanır ki, daşnaklar tarixi Azərbaycan torpaqlarında yaşadıqlarını,
zori balayanların fitvasından yaxalarını
qurtarıb, Azərbaycan
vətəndaşı olduqlarını
nəhayət ki, anlayacaqlar. Onda Xocalı və
Xankəndi, eləcə
də digər ərazilərimizə də
dinclik gələcək,
əmin-amanlıq yaranacaq.
O günün heç
də uzaq olmadığını düşünən
xocalılıların da
doğma yurdlarına qayıdışı başlayacaq.
Bəyməmməd QULİYEV,
Xocalı rayon Kosalar
kənd sakini
Azərbaycan.-
2022.-27 fevral.- S.6.