Bir nəslin faciəsi…
Haqqında illərdir söz
açılan, lakin özünün işıqlı
sabahları hələ də açılmayan Xocalının
taleyi onsuz da əvvəldən gətirməyib. 1918-1920-ci illərdə
Xocalı salındıqdan sonra təqribən 20-30-cu illər
arasında indiki Ermənistanın Dərələyəz
mahalından deportasiya edilən soydaşlarımız da bura pənah
gətirib.
Xocalı çayının
sağ, Qarqarın isə sol sahilində, çar Rusiyası
dövründə “Poçt yeri” kimi tanınan ərazidə
Qaçqınlar Xocalısının (sonralar müəyyən
dövrlərdə Dərələyəz adlandırılan) əsası
qoyulub. Ötən əsrin 30-cu illərində sovetlərin
zorla kolxozlaşdırma və kollektivləşdirmə siyasətini
qəbul etməyən, buna görə də Laçın və
Kəlbəcər rayonlarından qaçaq düşüb bu
yerlərə sığınan soydaşlarımız isə
Qaladərəsi Xocalısı adlanan kəndin ilk sakinləri
olublar.
Demək, hələ sovetlər
dövründə Xocalı camaatı
qaçqınlığın ağrı-acısını
yaşamışdılar. Burada bir inzibati ərazidə (sovetliyin
tərkibində) Yerli Xocalı - Qədim Xocalı,
Qaçqınlar Xocalısı - Dərələyəz və
Qaladərəsi Xocalısı birləşib.
“Ermənilər
yollarını azdılar, özlərinə qəbir
qazdılar”
Bu fikirdə olanlar yalnız
xocalılılar deyil, həm də bu gün dünya ictimaiyyətidir. Xocalı faciəsindən
ötən 30 il ərzində düşmən nəinki layiq
olduğu cəzanı almamışdı, üstəlik,
havadarlarının maddi və hərbi gücünə arxalanaraq,
Azərbaycanın ərazi bütövlüyünü pozub,
torpaqlarının 20 faizini işğala məruz qoymuşdu. Bu təcavüz bir milyondan artıq azərbaycanlını
qaçqın-köçkünə çevirmişdi.
“Bir sıra beynəlxalq
nüfuzlu təşkilatlar bu təcavüzkar siyasəti pisləyən
bəyanatlar versə də, işğalçı Ermənistan
ciddi sanksiyalara məruz qalmayıb. Yaxud 2020-ci ildə qələbəmizlə
başa çatan 44 günlük Vətən müharibəsindəki
dəhşətli itkilərdən də nəticə
çıxarmayıb. Ermənistanın
baş naziri Paşinyan imza atdığı kapitulyasiya
aktının bəndlərini yerinə yetirməkdə cəsarətli
görünmür. Ermənistan
az qala hər gün sərhəd boyunca təxribatlar
törətməkdədir. 30 il ərzində
davam etdirdiyi qeyri-konstruktiv mövqeyindən bu gün də əl
çəkmək istəmir”.
Bu fikirlərin də müəllifi
Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş
həkimi Aqil Məmmədovdur. Bir neçə il
öncə Goranboyun dağların ətəklərinə
sığınan kəndlərinə - Başkənd,
Buzluğa və Ballıqayayadək yol yoldaşı olarkən
söylədikləri yaddaşıma ağrı-acısı
ilə möhürlənib. O, havanın dumanlı olmasına
da özünəməxsus rəng vermişdi: “Dağların
başı dumanlı-qarlı, ətəyi isə barlı
olar. Bu yerlərdə məskən salan
xocalılılar ermənilərlə üz-üzə
dayandıqlarına görə təbiətin hərdən
göstərdiyi şıltaqlıq da onları qorxutmur.
Bu cənnət guşədə bir vaxtlar “ermənilər at
oynadıb”, ona görə də yollarını azdılar,
özlərinə qəbir qazdılar”...
Bu dəfə onunla Gəncə ərazisində,
daha dəqiq desək, Hacıməlik yolunun üstündə yeni salınmış qəsəbədə
görüşdük. Həkim kimi xidmətindən
nəinki Xocalı, Kosalar, Meşəli, Yaloba kəndlərinin
camaatı, həm də illərdir ki, Hacıkənddə məskunlaşmış
kəlbəcərlilər də yararlanıblar. O, gecənin
bir aləmində də “təcili yardım” həkimi kimi xəstə
ünvanına aparılıb: “Goranboyun Qaraçinar kəndindən
qalxan yolun kənarındakı qəsəbə Meşəlidir. Xocalının
Meşəli camaatı üçün salınıb. Bir vaxtlar bu camaat Qırxqız dağının ətəklərində
əkib-becərər, qayğısız, dərd-sərsiz
ömür sürərdi. 2008-ci ildə
salınan qəsəbənin də dağlıq ərazidə
olması onların təbiətlə ünsiyyətinə
imkan yaradıb. Qarabağda erməni terrorunun ilk
qurbanlarından biri Meşəlidən Miryusif Orucov oldu. 1991-ci il dekabrın
23-də 500 nəfərdən artıq sovet-erməni quldur birləşməsi cəmi
150-300 sakini olan Meşəlini mühasirəyə aldı.
Camaatın köməyinə gələn
kosalılıların da ciddi müqavimət göstərməsinə
baxmayaraq, qaniçən daşnaklar kəndi yerləyeksan etdilər.
O qanlı döyüşlərdə 27 nəfər kənd sakini vəhşiliklə
qətlə yetirildi. Yaralılar da az
olmadı. Daşnak-quldurlar amansızcasına qətlə
yetirdikləri 11 nəfərin cəsədlərinə od vurub
yandırdılar...”
“Oğlumu və həyat
yoldaşımı itirəndən sonra sanki
havalanmışam...”
Meşəlinin qorunmasında göstərdiyi qəhrəmanlığa
görə ağdamlı Hidayət
Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı
fəxri adına, Əli Mehralıyev və Rafiq Orucov isə
“İgidliyə görə” medalına layiq görülüblər.
Xocalıda və ümumiyyətlə, Qarabağda
torpaqların müdafiəsində dayanan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində
ailəsini, uşağını itirənlərdən biri də
keçmiş döyüşçü, Meşəlidə
məskunlaşan Abbasqulu Əzimov idi. Onunla o
zaman görüşəndə keçdiyi döyüş yolundan
söz açmışdı. Əsəbləri
tarıma çəkilən ağsaqqal erməniləri ancaq lənətləmirdi,
həm də onlardan qisas almaq üçün yaradanından
imkan istəyirdi. Hiss olunurdu ki, o, başından
yaralanıb, kontuziya alıb. Dərdini yumağa çevirən
Abbasqulu kişi
ağır bir həyat keçirib. Çünki düşmənin
çirkin siyasəti onun dinc həyatını, əmin-amanlığını,
yaşayışını əlindən alıb:
“Torpağımı, ailə-uşağımı əlimdən
alan düşmənlə mən necə
barışa bilərəm?! Ermənilər məni
yaxşı tanıyırdı! Onlarla üzbəüz
döyüşmüşəm! Ağır zərbə
aldığımdan illərdir ki, xəstəyəm. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni
itirəndən sonra sanki havalanmışam. Gecələr yuxum ərşə çəkilib, az
qala evdən çıxıb qaçıram, istəyirəm
ki, aşım bax bu təpələri, gedim
torpağımın, ev-eşiyimin, itirdiyim yurdumun, ailəmin
qisasını alım!”
Keçmiş
döyüşçünün itirdikləri yalnız
bunlardan ibarət deyildi. Qardaşı ilə qaynı da ermənilər
tərəfindən amansızcasına qətlə yetiriliblər.
Saymaqla qurtarmayan itkilərə məruz
qalıb. Vaxtilə Sankt-Peterburqda və
Murmanskda hərbi məktəbdə oxuyub. Dəniz
piyadaları qoşun növündə xidmət göstərib.
Sovet ordusunun zabiti olub. Onların
silahlarının, ağır hərbi texnikalarının
“dilini” öyrənib. Sonradan
üstümüzə qoşun yeridən şovinistləri o
zamanlar təəssüf ki, dəfələrlə
ölümün pəncəsindən xilas etdiyinə peşman
olduğunu da gizlətmirdi. Xocalı və ümumiyyətlə, Qarabağ
uğrunda gedən döyüşlərdə və digər
rayonların müdafiəsində, həmçinin Ağdərə
döyüşlərində iştirak edib. Döyüş
dostlarının demək olar ki, əksəriyyəti şəhid
olub.
Xocalının istər
mühasirə illərində, istərsə də son günlərində
düşmənlə üz-üzə dayanan
ağsaqqallarından biri də vaxtilə Kosalar kənd sovetində
işləmiş, acılı-şirinli xatirələrini
yaddaşına yumaq kimi sarıyan Kamran Məmmədov idi. Azərbaycanın Milli Qəhrəmanı
Əlif Hacıyevin o müdhiş gecə son kəlmələrini
eşidən və hönkürtüsü heç yana yetməyən müdrik el ağsaqqalı
Xocalının sanki canlı ensiklopediyası idi. Bizimlə söhbətində deyirdi ki, Kosalar 700
illik tarixə malik qədim türk kəndi idi. Həmin yerin adlı-şanlı kişiləri
bolşevizmə və erməni daşnaklarının
çirkin niyyətlərinə qarşı olublar. İgidliklərindən nağıl-dastanlar
danışılan Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan
bağı, Xanəzək və digər kəndlərdə
böyük mülkləri olmuş Məhəmməd
ağanın doğulduğu kənd kimi də tanınıb.
Ötən əsrin otuzuncu illərinin
repressiyası bu kənddən də yan keçməyib.
Və ümidləri
cücərdən 44 gün...
Bu dəfə xatirələrini Aqil Məmmədov
dilə gətirdi: “...25 nəfər repressiyanın qurbanı
olub - güllələnənlərdən savayı neçəsi
də Sibirə ömürlük göndərilib. 1941-1945-ci illər müharibəsi də bu kəndin
oğullarını əlindən alıb. Atam
danışırdı ki, həmin müharibəyə
aparılmış 122 nəfərdən 71-i cəbhədən
qayıtmayıb. Qayıdanlar isə şikəst,
əlil və yaralananlar olub. Kosalar azərbaycanlılar
yaşayan ən sonuncu işğal edilən yaşayış
məntəqəsi idi. Kəndin 18 nəfər
şəhidi olub. Xocalının Yer
üzündən silinməsindən sonra o ərazilərdə
azərbaycanlıların yaşadığı kənd-kəsək
hər saat atəş altında idi. Ona
görə də kəndlərdə özünümüdafiə
dəstələri yaratmışdılar. Atam da silah götürmüşdü. Postları yiyəsiz qoymaq olmazdı. Kosalar
camaatı Şuşanın işğalından bir gün
sonra, yəni 9 may 1992-ci il tarixdə kəndi məcburi şəkildə
tərk etməli oldu...”
Xocalıda bütöv nəslini
itirən, ocağı sönənlərdən biri də Almaz
Səlimovadır. O, faciənin canlı şahidlərindəndir. Bir vaxtlar Xocalının bəxtəvər gəlinlərindən
sayılıb. O dəhşətli
günə kimi gecələr evlərin zirzəmisində,
gündüzlər döyüşlərdə olanların
yolunu gözləyiblər. Üç oğul
atası olan əmisi Bahadur Səlimovun iki gəlinindən biri
idi. Oğlanları ilə birlikdə
düşmənlə üz-üzə qalan əmisinin ailəsinin
itkisi ağır olub. Deyir ki, döyüşlərin
birində Bahadur əmisi iki oğlu ilə birlikdə şəhid
oldu: “O biri əmimin 5 qızı, bir oğlu var idi. Həmin qızlar Xocalı müsibətlərindən
salamat çıxsalar da, əmimlə tək oğlu şəhid
oldu. Xocalının odlara
qalandığı o müdhiş gecədə kiçik
qaynım evə gəldi. Həyəcandan
boğula-boğula evi təcili tərk etməli olduğumuzu
bildirdi. Böyük qaynım, Azərbaycanın
Milli Qəhrəmanı Araz Səlimovun uşaqlarını
yarıçılpaq halda yataqdan götürüb evdən
çıxdıq. Üzü meşələrə
tərəf qaçmağa başladıq. Yollarda nələr
yaşadığımızı danışa
bilmirəm. Üzləşdiyimiz müsibətlər dilə
gətiriləsi deyil...”
Amma Almaz Səlimovanın təsəllisi
var. Deyir ki, Qarabağımızı işğaldan azad
etmişik.
Xocalının da düşmən əsarətindən
qurtaracağı gününün uzaqda olmaması Almaz Səlimova
kimi neçə-neçə Xocalı müsibətini
yaşayanların ümidlərini hər gün cücərdir. Çünki
Müzəffər Ali Baş Komandanın işğaldan azad
edilmiş ərazilərdəki sürətli quruculuq və bərpa
işləri işıqlı sabahlardan soraq verir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan. - 2022.-27 fevral.-
S.8.