“Xocalıya ədalət!” beynəlxalq kampaniyası ildən-ilə öz fəaliyyət coğrafiyasını genişləndirir

 

Xocalı soyqırımı qurbanlarının xatirəsi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il olduğu kimi, bu il də COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, respublikamızın şəhər, rayon, qəsəbə və kəndlərində, hətta ayrı-ayrı təşkilatlarda anılır, qətliamın gənc nəslə, eləcə də dünyanın müxtəlif ölkələrində ictimaiyyətə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Bütün dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra üzə çıxmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. Ümummilli Lider bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açaraq demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xocalı həqiqətlərinin, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüblər. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə Prezident

İlham Əliyevin tapşırığına əsasən yenidən qurulub, ətrafında səliqə-sahman yaradılıb. Dövlət başçısı hər il fevralın 26-da dövlət və hökumət, habelə ictimaiyyət nümayəndələri ilə birgə həmin abidənin önünə gəlir, soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur. Bu barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların beynəlxalq aləmə, dünya ictimaiyyətinə  çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən fəal və məqsədyönlü tədbirlər həyata keçirilir. Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır.

2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb. Ermənilərin işğalçılıq siyasətinə və haqsız ərazi iddiasına qarşı çıxan insanların, ölkələrin sayı artıb. Fondun fəaliyyəti sayəsində əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri barədə daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə qonşu Rusiya Federasiyasında, qardaş Türkiyə Cümhuriyyətində, İsraildə, Pribaltika ölkələrində, Almaniyada, Londonda, İspaniyada, İtaliyada, hətta okeanın o tayında - uzaq Amerikanın müxtəlif ştatlarında keçirilən və bütün dünyaya səs salan “Xocalıya ədalət!” beynəlxalq  kampaniyası öz fəaliyyət missiyasını ildən-ilə genişləndirir. Fondun həyata keçirdiyiQarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə həyata keçirilmiş söyqırımlar, mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı bir sıra əcnəbi dillərdə nəşr olunan kitab və bukletlər xarici ölkələrdə yayımlanır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə  “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ingilisrus dillərində nəşr olunan “Xocalıya ədalət” kitabı bu gün dünyanın bir sıra ölkələrində sülhsevər insanların stolüstü kitabına çevrilmişdir.

Kitabda faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə aid faktlar təqdim edilir, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətsizliyi beynəlxalq hüquqi əsaslarla izah olunur.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşkilatçılığı ilə dünyanın bir sıra xarici ölkələrində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qətliamının qurbanlarına ithaf olunanbir çox beynəlxalq mükafata layiq görülmüşSonsuz dəhliz” sənədli filmi və digər sənədli xronikalar nümayiş etdirilir.

Cari il fevralın 16-18-də Heydər Əliyev Fondunun müşayiəti ilə 21 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, BosniyaHerseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair və Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayıb, Ağdamda sona çatıb. Xatırladaq ki, beynəlxalq səyahət klublarının rəhbərləri bir qrup səyyahla ilk dəfə ötən il sentyabrın 27-də işğaldan azad edilmiş ərazilərdə olmuş, 11 ölkədən olan heyət dağıntılara və quruculuq işlərinə şahidlik etmişdir. Bu dəfə səyyahların təmsil olunduğu ölkələrin sayı iki dəfə artmışdı. Dünya şöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyırdı.

Xarabalığa çevrilmiş şəhər və kəndlərimiz 44 günlük Vətən müharibəsində erməni işğalından azad edildikdən sonra bu yerlərdə ziyarətdə olan dövlət başçıları, parlament nümayəndələri, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar, siyasi icmalçılar, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, səyyahlar və digər kateqoriyadan olanlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləmişlər.

Prezident İlham Əliyevin hücum diplomatiyasının uğuru olaraq Xocalı soyqırımını tanıyan dövlətlərin sayı ilbəil artır. Pakistan, Meksika, Rumıniya, Serbiya, Peru, Panama, Çexiya, İordaniya, BosniyaHerseqovina, Honduras, SudanKolumbiya parlamentləri, ABŞ-ın bir neçə ştatı Xocalı hadisələrinin soyqırımı aktı kimi tanınması haqqında qərarlar qəbul ediblər. Prezident İlham Əliyevin xarici ölkə rəhbərləri ilə görüşlərində, bütün çıxış və nitqlərində dönə-dönə vurğuladığı kimi, beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı olaraq qəbul edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində qazandığı möhtəşəm qələbədən sonra yerdə qalan problemlərin sülh yolu ilə həlli üçün təşəbbüslərini davam etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı sərəncamda deyilir: Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.

Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.

Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.

Hüquqşünasların fikrincə, beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində işğaldan azad edilmiş ərazilərdə tikinti-bərpa və quruculuq işləri gündən-günə  sürətlənir, xocalılılar da tezliklə öz ata-baba yurdlarına qayıdacaq, həmçinin xalqımıza qarşı ağır cinayətlərə yol verənlər, o cümlədən Xocalı faciəsini törədənlər ədalət məhkəməsi qarşısında dayanacaqlar.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.-27 fevral.- S.9.