İnsanlığa qarşı ağır cinayət

 

30 il Xocalıdan ayrı düşən xocalılılarn bitib-tükənməyən yurd həsrətini dünya anlayırmı?!

 

Vətənimizin hər guşəsinin əsrarəngiz gözəllikləri daim vəsf edilib. Şairlərin şeirlərində, yazıçıların nəsrlərində, bəstəkarların mahnılarında, müğənnilərin muğam və segahlarında, rəssamların bənzərsiz tablolarında müqəddəs bir obraz yaradılıb, adına ana Vətən deyilib. Bu  ağsaçlı, dünya yola salmış ananın övladları zaman-zaman onu yadellilərdən, təcavüzkar və qəsbkarlardan qoruyublar.

Tarixi minilliklərə gedib çatan belə gözəl yurdlardan biri də, təəssüf ki, taleyi əvvəldən gətirməyən Xocalıdır. O Xocalı ki, 30 il bundan öncə erməni vandallarının və daşnakların növbəti təcavüzünün qurbanlarından biri kimi yandırıldı, əhalisi perik salındı. Xocalının dillər əzbəri olması, təəssüf ki, onun yalnız tarixiliyi, maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, həm də XX əsrin ən dəhşətli faciəsini yaşaması, xocalılıların isə bir gecədə  ermənilər tərəfindən işgəncələrlə, həm də amansızcasına qətlə yetirilmələridir.

...Bir vaxtlar xocalılıların səsi Qırxqız dağının ətəklərindən gələrdi, əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdilər. Zaman necə dəyişdisə, hər şey alt-üst oldu. İllərdir ki, xocalılıların dərdindən, kədərindən söz açılır, terrorun qurbanlarına çevrilmələrindən danışılır. İstəyirdim ki, onların bəxtəvər günlərindən (eh, əslində, heç xoşbəxtlikləri də olmayıb, sanki talelərinə qaçqınlıq-köçkünlük  əzəldən yazılıb) danışım, amma yenə də o qanlı-qadalı günlər düşür yada. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri olan Miryusif  Orucov Meşəlidən idi. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq  sovet-erməni  quldur birləşməsi 300 nəfərlik əhalisi olan Meşəlini mühasirəyə aldı. Onlara köməyə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerləyeksan etdilər. O qanlı döyüşlərdə  yaralananlardan savayı...

 

Bir ailədən yeddi nəfər şəhid olub

 

Bütövlükdə ata ocağı söndürülən Validə  Astan qızı Nəsibova o gecə  Tofiq, EldarTelman  adlı üç qardaşını, onların da hərəsinin bir balasını itirib. Sadəcə itirməyib, Xocalının oduna qalanıb, yanıb kül olublar,  daş-qalaq ediliblər, ya güllə-boran, bilinmir. Verdiyi itkilər yalnız  onlar deyil. Bacısının yoldaşı Vaqif Məmmədov da Xocalısı ilə eyni gecədə düşmən gülləsindən yayına bilmədi. Atası Astan Bəhram oğlu Zeynalov belə itkilərə dözə bilməzdi. Ona görə  də Xocalısından iki addım  bu yana atan kimi yurd nisgilli gözlərini əbədi olaraq yumdu: “O dəhşətli gecədən danışa bilmirəm. Elə bil ki, gözlərimə duman çökür,  amma yaddaşımda qalanlar qan rəngindədir. O gecə  Xocalıdan çıxıb Ağdama tərəf qaçmaq istəyəndə ermənilər bizi gülləbaran etdilər. Balaca oğlum Fazil  yaralandı,  Milli Qəhrəman Əlif  Hacıyevlə Tofiq Hüseynovun qızını da yanımızda vurdular...”

Validə  Nəsibova yalnız ailə faciəsindən deyil,  tar-mar edilmiş, külü göylərə sovrulmuş ata yurdundan, ana laylasından əli üzülmüşlərin dərdini dilə gətirə bilməsə də, qəmli çöhrəsinə çökmüş qüssə-kədərdən  hər şey oxunurdu.  Deyir ki, Zərifə, Tahir, Məhəmməd və Çiçək də bizimlə qaçırdılar, amma dayandılar: amansız yağı kəsdi yolumuzu, bizi da qırıb-çatdılar. Oradan salamat çıxmaq isə möcüzəydi. Kətikdağ o gecə donub qalmışdı,  ermənilərin xocalılılara tutduğu amansızlığın şahidinə çevrilmişdi”.

...Xocalının Daşbulaq kəndində dünyaya gəlmiş Gözəl Hüseynovanın dərdi  də digər həmdərdliləri kimi, öncə  gözləri qarşısında yandırılan ata ocağıdır. Altı nəfərlik ailədən salamat qalan  qardaşı Vidadi ilə itirdiklərinin həsrətini çəkməkdə, yollarını hələ də gözləməkdədirlər. O zülmət gecədən salamat qurtarıb, 2011-ci ilədək Bayıl qəsəbəsindəki Gəmiqayırma zavodunun fəhlə yataqxanasında məskunlaşıblar. Qardaş-bacıdan savayı həmin ailədən salamat çıxan olmayıb: Əziz, Tacir, atası Hüseyn,  subay bacıları Maral, Süsən, Ema Xocalı ilə birlikdə erməni vandalizminin qurbanlarına çevriliblər. Anası erkən dünyasını dəyişdiyindən böyük bacısı Xoşbəxt  ailə qurmayıb: ömrünü-gününü qardaş-bacılarına həsr edib. Bütün bunlar Gözəl Hüseynovanın Xocalısından sonra yaddaşında saxladığı ağrılı-acılı xatirələrin bir qismidir ki, nə yazılası, nə də oxunasıdır.

Xocalıda, ümumiyyətlə, külli-Qarabağda itirilən hər nə varsa, müqəddəsdir, əvəzsizdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə də, yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir.  Kimisi atasının, əmisi-dayısının, xalası-bibisinin, kimisi həyat yoldaşının, anasıyla qaynanasının çəkdiyi  müsibətləri danışmaq istəyir, amma bacarmır, bayatı-ağıları da dilə gətirə bilmir, qəhər onları boğurdu.

Bütün bu nisgillərlə yanaşı, yurd itkisi ilə yaşayanların qəlbinin dərinliklərində söndürülmüş ocaqların odu, alovu,  intizar dolu baxışlarının dərinliklərində közərən ümidləri də var idi. 30 il bu həsrəti çəksələr də, inanırdılar ki, zaman gələcək, onların dərd-səri ötüb keçəcək, çünki Qarabağ işğaldan azad ediləcək. Belə də oldu. Bu gün xocalılıları narahat edən o deyil ki, onlar Yer üzündən silinmiş Xocalıya hələ ki, qovuşmayıblar. Əslində, Qarabağ bütövlükdə Xocalı deməkdir. Digər məcburi köçkünlərimiz kimi, onlar da dövlət və hökumətin göstərdiyi qayğını yüksək dəyərləndirirlər. Yaxşı bilirlər ki, Azərbaycanla təcavüzkar Ermənistanın keçdiyi yol müqayisəolunmaz dərəcədə fərqlidir. Azərbaycan iqtisadi inkişafda, Ermənistan isə bütün sahələrdə sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksiz idi! Bunun da şahidi oldu xocalılılar!

...Bu da dərdli-naləli xocalılıların dilinin əzbərinə çevrilmiş yurd ağrıları. Yaddaşımızı daim təzələyir, ayıq-sayıq olmağa səsləyir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.-27 fevral.- S.9.