Abşeronda şəhid hərbi həkim Rasim Abdullayevin doğum günü qeyd edilib

 

44 günlük Vətən müharibəsinin abşeronlu qəhrəmanlarından olan Rasim Abdullayevin xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub.

Əvvəl Abşeron rayon rəhbərliyi, şəhid ailələri və qazilər II Fəxri xiyabanda Rasim Abdullayevin  məzarını ziyarət ediblər. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub,  məzarları üzərinə tər çiçəklər düzülüb.

Sonra Bakı-Şamaxı yolunun üstündə, Abşeron rayonu ərazisində abidə-bulaq kompleksinin açılışı olub. Bildirilib ki, Azərbaycanın zəfəri ilə başa çatan  44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev vətənə olan borcunu qanı ilə ödəyənlərdəndir.

Qeyd edək ki,  şəhid Rasim Abdullayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilən abidə-bulaq kompleksi qara mərmərdən hazırlanıb. Əraziyə sukanalizasiya xətti çəkilib, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunub. Kompleksin ətrafında mini park yaradılıb, burada həmişəyaşıl ağacgül kolları əkilib, oturacaqlar qoyulub. Kompleksin ətrafında təmir-abadlıq işləri də aparılıb.

Tədbirdə şəhid Rasim Abdullayevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb. Rayon məktəbliləri tərəfindən hərbi  vətənpərvərliyə və qələbəyə aid şeirlər səsləndirilib.

Sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində şəhid həkimin həyat və fəaliyyətinin vacib anlarının, eləcə də müxtəlif dövrlərdə qələmə aldığı şeirlərin toplandığı “Son nida” kitabının təqdimatı keçirilib. Məktəblilər şəhid Rasim Abdullayevin qələmə aldığı şeirləri oxuyublar.

Tədbir şəhidin ailə üzvlərinin ziyarəti ilə yekunlaşıb.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 27 fevral.- S.11.