Yolumuza
işıq düşür
Qarabağda və
Şərqi Zəngəzurda yeni elektrik enerjisi obyektləri
istifadəyə verilir
İşğaldan azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işləri sırasında bütün kənd və şəhərlərin elektrik təchizatı xüsusi önəm kəsb edir. Bir-birinin ardınca tikintisi planlaşdırılan, təməli qoyulan və istifadəyə verilən elektrik enerjisi obyektləri bunun əyani təsdiqidir.
"Hər
bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa,
heç nə olan deyil. Bu olmasa, heç
bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji
olmayan yerdə inkişaf yoxdur".
2020-ci il iyunun 25-də Mingəçevir
şəhərində yenidən
qurulmuş "Azərbaycan"
İES-in əsaslı yenidənqurmadan
sonra açılış
mərasimində Prezident
İlham Əliyevin dediyi bu sözlər
Qarabağda və Şərqi Zəngəzurda
həmin istiqamətdə
gedən işləri
də xarakterizə edir. Burada istifadəyə verilən
müasir elektrik stansiya və yarımstansiyalar bir çox digər sahələrin inkişafını
təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını
tezləşdirir.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur
getdikcə daha çox nura boyanır. Prezident İlham Əliyev
regiona hər səfəri zamanı yeni elektrik enerjisi
obyektlərinin təməlini
qoyur, yaxud açılışını edir. Dövlət başçısının Kəlbəcər
və Laçın rayonlarına bu il iyunun
26-sındakı səfərində də məhz belə oldu. Həmin gün dövlət başçısı Kəlbəcər
Rəqəmsal İdarəetmə
Mərkəzinin təməlini
qoydu.
Hazırda Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli
obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində
genişmiqyaslı işlər
görülür. İndiyədək "Gəncə-2"
yarımstansiyasından Daşkəsənə
110 kV-luq elektrik verilişi xətti çəkilib. Bu xətt Kəlbəcərin
dayanıqlı və
keyfiyyətli elektrik enerjisi ilə təminatında mühüm
rol oynayacaq.
Yüksək dağlıq ərazidəki
çətin şərait
"Azərişıq" ASC-yə işləri sürətlə davam etdirməyə mane olmur. Sovet dövründə
belə elektrik enerjisinin olmadığı
ucqar yerlərdə müasir elektrik şəbəkələri qurulur.
Rayonun Alagöllər və digər əraziləri
ilk dəfə işıq
alıb, Zod qızıl yatağı ərazisinə kabel xətti çəkilir.
Rayonda iki istiqamət üzrə 110
kV-luq hava xətləri bərpa edilib. Ümumilikdə rayon ərazisində müxtəlif güclərdə
15 komplekt transformator məntəqəsi quraşdırılıb.
Bundan başqa,
6 ayrı-ayrı istiqamətdə
35 kV-luq müasir izolyasiyalı kabel xətlərinin çəkilməsi
nəzərdə tutulub. Həmçinin 110/35 kV-luq "İstisu" yarımstansiyasının, Kəlbəcər
və Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən
dairəvi elektrik təchizat sxeminin yaradılması planlaşdırılıb.
4,4 MVt gücündə
"Kəlbəcər-1" Kiçik
Su-Elektrik Stansiyasının
(KSES) tikintisi isə yekunlaşıb. Lev çayı üzərində
inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə
tikilib istismara verilən ilk enerji istehsalı obyektidir.
Xatırladaq ki, Prezident İlham
Əliyev işğaldan
azad olunan əraziləri "yaşıl
enerji zonası" elan edib. Bununla bağlı dövlət başçısının tapşırığına
əsasən, qələbədən
sonra ümumi gücü 20 meqavat olan "Güləbird",
"Suqovuşan-1", "Suqovuşan-2" və
"Kəlbəcər-1" kiçik su-elektrik stansiyaları tikilərək istifadəyə
verilib. İndiyədək bu stansiyalarda
30 milyon kilovat/saat elektrik enerjisi
istehsal olunub.
"Yaşıl enerji
zonası" konsepsiyasına
uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1"
KSES-də maşın
zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri
və transformatorlar quraşdırılıb. Burada 110/6 kilovoltluq
yarımstansiya da inşa edilib.
"Kəlbəcər-1" Azərbaycanın
ümumi enerji sisteminə qoşulub. Yeni stansiyanın
işinə təkcə
Kəlbəcərdən deyil,
Bakıdakı Baş
İdarəetmə Mərkəzindən
də nəzarət etmək və onu idarə etmək mümkündür.
Qeyd edək ki, məsafədən
idarə edilən bu cür stansiyalar
demək olar işçi heyət olmadan fəaliyyət göstərir. Çünki stansiyaların idarəetmə
sistemi tam avtomatlaşdırılıb,
xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb. Bu həm də
istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı
düşməsinə xidmət
edir.
Kəlbəcər rayonundakı
"Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında isə Prezident tikinti işlərinin gedişi ilə tanış olub. "Yaşıl
enerji" strategiyasına
uyğun olaraq hazırda bu rayonda ümumi gücü 27 meqavat təşkil edən 5 kiçik su-elektrik stansiyası tikilir. Kiçik su-elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat
fəaliyyət göstərəcək.
Stansiyaların enerjisistemə inteqrasiyası
üçün 110 və
35 kV-luq xətlər çəkilir. Stansiyalar rəqəmsal
qaydada mərkəzi
SCADA Dispetçer İdarəetmə
Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə,
operativ monitorinq və təhlil aparılması mümkün
olan yeni stansiyaların idarə edilməsi Kəlbəcərdən
olduğu kimi, Bakıdan da həyata keçiriləcək.
Kəlbəcərdə yeni tikilən elektrik stansiyalarında il
ərzində ümumilikdə
100 milyon kilovat/saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon
kubmetr təbii qaza qənaət edilməsi deməkdir.
Mütəxəssislərin fikrincə, müasir texnologiyalar əsasında bol sulu Kəlbəcər
və Laçın çayları üzərində
nəzərdə tutulduğundan
dəfələrlə çox
ekoloji cəhətdən
təmiz hidroyaşıl
enerji istehsal etmək mümkündür.
Ümumiyyətlə, növbəti
illərdə Kəlbəcər
və Laçın rayonlarında yenidən qurulması təklif edilən digər kiçik su-elektrik stansiyalarının ümumi
gücü 82,2 MVt təşkil etsə də, yeni hesabatlara əsasən, bu həcmi iki dəfə artırmağa
imkan olacaq.
"Azərenerji" Laçın rayonunda 110
kV-luq "Qorçu"
elektrik yarımstansiyasının
tikintisini də davam etdirir. Dövlət başçısı sözügedən
səfər çərçivəsində
bu obyektdə olub. Rayonun Azərbaycanın ümumi
enerji sisteminə qoşulması, dayanıqlı
və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün
ötən il
istismara verilən
"Kəlbəcər" yarımstansiyasından Laçının
Qorçu kəndinə
42 kilometr məsafədə
ötürücü xətt
çəkilir. Eyni zamanda
kənddə dəniz
səviyyəsindən 1800 metr
yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir.
Qeyd edək
ki, yarımstansiya tikilməkdə olan hava limanının yaxınlığındadır. Qorçu kəndi
mərkəz olmaqla burada 7 kəndi birləşdirən yaşayış
massivinin inşası
planlaşdırılır. Yeni yarımstansiya Laçın
hava limanını,
rayon ərazisindəki hərbi
hissələri, gələcəkdə
bölgədə inşa
olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Beləliklə, Qarabağın və Şərqi Zəngəzurun
hər tərəfində
bir-birinin ardınca yeni enerji obyektləri
işə düşür. Onlar yurd
yerinə dönməyə
hazırlaşanların yoluna
işıq salır.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 1 iyul.- S.8.