Şərqi Zəngəzurda
möcüzələr gerçəyə çevrilir
Kəlbəcər və
Laçında çətin coğrafi
şəraitə rəğmən həyata keçirilən
meqalayihələr Böyük
qayıdışa sürətli hazırlığı
göstərir
"...Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir..."
İyunun
26-sı Silahlı Qüvvələr Günündə Şərqi
Zəngəzur bölgəsinə səfər edən Prezident
İlham Əliyevin Kəlbəcərdən bəyan etdiyi
kimi, 30 il ərzində düşmənin talan etdiyi, viran
qoyduğu yurdlarımız sürətlə dirçəldilir,
onlara yeni nəfəs verilir.
Yollar
çəkilir, tunellər inşa olunur, hava limanları tikilir, hərtərəfli infrastruktur
qurulur, qədim şəhərlərimizin yeni bünövrələri
qoyulur, "ağıllı şəhər",
"ağıllı kənd" konsepsiyası həyata
keçirilir, tarixi, mədəni, dini abidələrimiz bərpa
olunur.
Bir
sözlə, hər ötən an dədə-baba yurdundan didərgin
düşən yüzminlərlə keçmiş məcburi
köçkünü Böyük qayıdışa,
Qarabağa və Şərqi Zəngəzura daha da
yaxınlaşdırır.
Kəlbəcərdə yaşanan qürur
Mənfur düşmən işğal altında saxladığı torpaqlarımızda bütün infrastrukturu dağıtmış, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etmiş, təbiətimizə qənim kəsilmişdi. Vandal xislətlilər düşünürdülər ki, bu barbar əməlləri ilə xalqımızın əzəli yurdlarına dönüş yolunu bağlayacaqlar. Amma necə ki, şanlı Azərbaycan Ordusu Müzəffər Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında cəmi 44 gün ərzində işğalçının belini sındıraraq torpaqlarımızdan qovdu, indi də dövlət başçısının birbaşa nəzarəti və diqqəti ilə bu torpaqlarda dünyada analoqu olmayan hərtərəfli böyük quruculuq və bərpa işləri aparılır. Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzur bölgəsinə səfərlər edərək yeni təməllər, bünövrələr qoyur, açılışlarda iştirak edir, eyni zamanda həyata keçirilən quruculuq prosesi ilə yerindəcə tanış olur.
Builki
Silahlı Qüvvələr Günündə isə Müzəffər
Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını
Şərqi Zəngəzur bölgəsindən, Kəlbəcərdən
salamladı və qürurla vurğuladı ki, Kəlbəcərdə
bu hərbi bayramı keçirmək əlavə zövq
verir, bizim qəlbimizi daha da böyük qürurla doldurur.
İlham Əliyevin özünün də söylədiyi kimi, Silahlı Qüvvələr Gününü məhz Kəlbəcərdə qeyd etməsinin özünün xususi rəmzi mənası var idi. Kəlbəcərdə yeni yaradılmış Komando qüvvələrinin hərbi hissəsinin açılması bir daha onu göstərirdi ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanda ordu quruculuğu prosesi sürətlə gedir. Komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər, ölkə qarşısında duran vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu həm də işğalçılara, revanşist qüvvələrə bir göz dağı, xəbərdarlıq idi ki, "Dəmir yumruq" yerindədir və onların hər bir ağılsız hərəkətləri başlarının yenidən əzilməsi ilə nəticələnəcək.
Vətənə aparan yollar
Azərbaycan dövləti digər işğaldan azad edilən bölgələrdə olduğu kimi, relyefinin çətinliyinə rəğmən Kəlbəcər və Laçında da kompleks işlər həyata keçirir. Xüsusilə yeni yolların salınması, kommunikasiyaların yaradılması istiqamətində mühüm layihələr gerçəkləşdirilir.
Hələ ötən il avqustun 16-da Kəlbəcər və Laçın bölgəsinə səfəri zamanı dövlət başçısı İlham Əliyev bu mürəkkəb coğrafi əraziyə malik yerlərdə müstəsna əhəmiyyətli layihələrin təməllərini qoymuşdu.
Həmin vaxt Prezidentin iştirakı ilə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik tunelin və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməli qoyulmuşdu.
Yeri gəlmişkən vurğulayaq ki, Kəlbəcər və Laçında yeni yolların salınması olduqca çətin və mürəkkəb coğrafi şəraitdə həyata keçirilir. O cümlədən Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçir, buna baxmayaraq hazırda işlər uğurla davam etdirilir. Yolun Murovdağ silsiləsində, dünyada ən uzun avtomobil tunellərindən olan Murovdağ tunelindən əlavə, bu yolda daha üç tunelin inşası nəzərdə tutulur. Tikintisinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
Ötən il dövlət başçısı Şərqi Zəngəzur bölgəsinə səfəri çərçivəsində Kəlbəcərdə 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasını işə salmışdı. Eyni zamanda strateji əhəmiyyətli, həm də bölgənin sosial-iqtisadi inkişafına, turizm potensialından istifadə etməyə geniş imkanlar yaradacaq Laçının Qorçu kəndinin ərazisində inşa ediləcək Laçın Beynəlxalq Hava Limanının da təməlini qoymuşdu. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. 6 təyyarə dayanacağının inşası nəzərdə tutulan bu hava limanı Kəlbəcər rayonu ərazisinə də hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Dağların qoynundakı şəhər
Prezident İlham Əliyevin builki səfəri də bölgədə həyata keçirilən açılış və qoyulan təməllərin zənginliyi ilə diqqət çəkdi. Dövlət başçısının iştirakı ilə 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyasının açılışı oldu.
Eləcə də Prezident Laçın rayonunda "Qorçu" elektrik yarımstansiyasında görülən işlərlə, "Həkəriçay" su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki "Çıraq-1" Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu. "Yaşıl enerji" strategiyasına uyğun olaraq hazırda Kəlbəcər rayonunun ərazisində ümumi gücü 27 meqavat olan 5 kiçik su-elektrik stansiyası tikilir.
Artıq Kəlbəcər şəhərinin Baş planı da hazırdır və sözügedən səfər zamanı Prezident İlham Əliyevə təqdim olundu. Baş planın hazırlanması zamanı Kəlbəcərin özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
Prezident şəhərin mərkəzində salınacaq parkda tikiləcək İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini də qoydu.
Qüdrətimizin nümayişi
Vaxtilə Kəlbəcər dünyada müalicəvi turizmin məşhur ünvanı kimi də tanınıb. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Xüsusilə Kəlbəcərdəki "İstisu" bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir.
İyunun 26-da dövlət başçısı İlham Əliyev Kəlbəcərdə "İstisu" mineral su zavodunun, eyni zamanda "İstisu" sanatoriyasının da təməllərini qoydu. 34 hektar ərazidə salınması nəzərdə tutulan "İstisu" İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.
Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılmışdı. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Göründüyü kimi, Vətən müharibəmizin üzərindən ötən çox qısa müddətdə Azərbaycan dövləti işğaldan azad etdiyi torpaqlarda kompleks şəkildə quruculuq və bərpa işləri həyata keçirir. Qarabağı və Şərqi Zəngəzuru başdan yaradır, əzəli yurdlarına qayıdacaq vətəndaşlarımıza təhlükəsiz, layiqli həyat şəraitinin yaradılması üçün müstəsna səylər göstərir. Böyük Qayıdış üçün göstərilən bu əzmin qarşısında isə bütün coğrafi çətinliklər, düşmən təxribatları acizdir. Müzəffər Komandanımız İlham Əliyevin Kəlbəcərdən bir daha dünyaya bəyan etdiyi kimi: "Hesab edirəm ki, qısa müddət ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 1 iyul.- S.8.