Heykəltaraşın
arzuları
İstedadlı heykəltaraş Faiq Hacıyev yaradıcılığı boyu müxtəlif mövzulara müraciət edib. Vətənimizə, ölkəmizin paytaxtı Bakıya böyük sevgi ilə həsr etdiyi, eləcə də digər mövzularda yaratdığı əsərləri maraqla qarşılanıb. Ancaq heykəltaraşın dönə-dönə işlədiyi, ayrıla bilmədiyi, vurğunu olduğu bir mövzu var. Qarabağ atları mövzusu onun üçün hər zaman xüsusilə doğma olub. Bu doğmalıq Faiq Hacıyevi atçılıq üzrə ixtisaslaşmış heykəltaraş kimi tanıdıb. Elə bağlanıb ki, sanki bu mövzunu işləməsəydi, həyatında, sənətində bir natamamlıq olardı...
Faiq Hacıyev 1957-ci il iyulun 1-də Bakı şəhərində dünyaya gəlib. Valideynləri incəsənət sahəsində çalışmasalar da, heykəltaraş kimi yetişməsində onların, xüsusilə də atası Əjdər Hacıyevin təsiri olub. Atası da, anası da əslən Şuşanın Malıbəyli kəndindən idi. Onlar paytaxtda boya-başa çatan övladlarına heç vaxt yadırğamadıqları Qarabağı, mədəniyyət beşiyi Şuşa şəhərini çox sevdiriblər. Faiq Hacıyevin sənət seçimində də, atçılığı sevimli mövzusuna çevirməsində də qarabağlı olmasının rolu böyük olub. Heykəltaraş danışır: "Uşaqlıq illərimdə evimizdə tez-tez atlarla bağlı söhbətlər eşidirdim. Atam "Uzaqdan gəlin" adlı türkmən filmini çox sevirdi. Orda atlardan bəhs olunur. Həmin filmə atam kinoteatrda altı-yeddi dəfə baxmışdı. Hər dəfə də o barədə mənə danışırdı. Bir də atam babamgilin Malıbəylidə atları olduğunu söyləyirdi..."
Faiq Hacıyevin babası Əsgər Malıbəylinin hörmətli adamlarından sayılıb. Onun "Difai" partiyası ilə əlaqəsinin olması sovet hakimiyyəti illərində də unudulmayıb. Qardaşı Yusif də fəal olub. Sovet hakimiyyəti illərində onları sıxışdırıblar, "qolçomaq" adlandıraraq düşmən hesab ediblər. 1930-1931-ci illərdə hər ikisi həbs olunub. Faiq Hacıyev deyir: "Əllinci illərdə atamgil babamın bəraət kağızını alıblar. Yenidənqurma başlayanda isə atam arxivə getdi, araşdırdı. Öyrəndik ki, babamın həbs olunması ilə güllələnməsi üç gün çəkib. İttihamçılardan biri rus, ikisi isə erməni imiş. Babam guya əhali arasında sovet hakimiyyətinin əleyhinə danışdığına görə ittiham edilib. Yusif əmim isə sürgünə göndərilib. Onun da həyatını bu yolla məhv ediblər. Qalan qardaşlar bir-bir Malıbəylini tərk edib, Ağdama gəliblər. Atamın qardaşları Böyük Vətən müharibəsində həlak olublar. Qalıblar iki qardaş, iki bacı. Onlar da qardaşları repressiya olunduğuna görə səksəkə içində yaşayıblar. Çətinlikləri çox olub. Babamdan sonra köməksiz, çarəsiz qalan nənəmin vəziyyəti daha ağır imiş. Sonra bir-bir köçüb Bakıya gəliblər. Burada təhsil alıblar".
Atası bəlkə də qayğısız keçirə bilmədiyi uşaqlığının xiffəti, perik düşdükləri doğma ocağının həsrəti ilə ötənləri yada salardı. Onun söhbətlərini, xüsusilə babasıgilin Malıbəylidəki atları barədə danışdıqlarını gələcəyin heykəltaraşı heyranlıqla dinləyib. Kiçik yaşlarında sevimli bir məşğuliyyəti də olub: "Evimizdə uşaq ensiklopediyası vardı. Çox cildlər sanki təzə idi. Heyvanlarla bağlı olan vərəqlər didilmişdi. Atlardan bəhs edənlər isə kitabın ən köhnəlib saralmış vərəqləri idi. Bacımla ordakı şəkillərə baxmaqdan yorulmurduq, bir-bir seçirdik, karandaşla üstünə yazırdıq ki, bu, mənim atımdır. Yavaş-yavaş at şəkli çəkməyə, sonra həm də plastilinlə işləməyə başladım. Əmim gördü ki, mən oxumaqdan çox plastilinlə fiqurlar düzəltməyə, şəkil çəkməyə həvəsliyəm. Dedi ki, istəyirsən, səni dərnəyə yazdıraq. O vaxtadək dərnək nə olduğunu bilmirdim. Amma razılıq verdim. Beləcə 5-ci sinifdə oxuyanda dərnəyə yazıldım. Dərsdən çıxıb dərnəyə heykəltəraşlıq sənətini öyrənməyə gedirdim. O vaxtlar da müxtəlif mövzularda işləyirdim, amma yenə də atlara qayıdırdım. Çünki atlara olan marağım bitib-tükənməzdi.
Orta məktəbi başa vuranda artıq sənət seçimi bəlli idi. Sənədlərini 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verəndə at mövzusunu işləyib. Rəssamlıq məktəbində Arif Qazıyevdən dərs alıb. 1978-ci ildə həmin məktəbi bitirib. 1980-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olanda da bacarığını at mövzusunda əsər yaratmaqla göstərib. Sonra başqa mövzularda da işləyib. Faiq Hacıyev xatırlayır: "Bizə diplom mövzusunun verildiyi 1984-cü il əlamətdar bir tarixə təsadüf etdi. Respublika səviyyəsində Üzeyir bəy Hacıbəylinin 100 illiyi qeyd olunurdu. Bu münasibətlə mən də dahi bəstəkarın əsərlərinə müraciət etdim. Xeyli material topladım. Hətta Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə getmək üçün yola çıxdım. Ağdama, ordan da Şuşaya yollandım. Dumanlı bir gün idi. Üzeyir bəyin ev-muzeyində oldum. 1985-ci ildə diplom işimi təqdim etdim. Əla qiymət aldım. Üzeyir bəy Hacıbəylinin 100 illiyi münasibətilə keçirilən sərgidə iki əsərim - "Məşədi İbad" və "Arşın mal alan" da nümayiş olundu. Həmin əsərlər Mədəniyyət Nazirliyi tərəfindən alındı və fonda daxil edildi. İnstitutu bitirəndən sonra emalatxanada işə başladım. 37 ildir həmin emalatxanada çalışıram".
Hazırladığı heykəlləri şəkillərə, filmlərə baxıb yaratmayıb. "Cıdıra getməyi çox sevirəm. Hələ mən uşaq olanda ailəmlə, qohumlarımla birlikdə Kislovodsk şəhərinə gedərdik. Ordan da bir yerdə Pyatiqorskiyə, cıdıra yollanardıq. Bakıda da dərsdən sonra ya cıdırda olardım, ya da o tövlələrdə. 1970-1980-ci illərdə ordakı atları adbaad bilirdim. Bəzən üzərində çalışdığım əsər istədiyim kimi alınmır, məni qane etmir. Üç-dörd gün belə keçir. Görürəm nə isə məni yorur. Atlara baxmağa gedirəm. Həm ruhum dincəlir, həm də etməli olduqlarımı müəyyənləşdirirəm. Öyrənmə prosesi hələ də davam edir".
Babasından sonra atasıgil Malıbəyli kəndini tərk etmək məcburiyyətində qalsalar da, orayla əlaqələri kəsilməyib. Heykəltaraş yada salır: "Mən uşaq olanda Qarabağa, əsasən Ağdama çox gedirdik. Atamın əmisi oğlanları orda yaşayırdılar. Ağdamda qalırdıq, Şuşaya, Malıbəyliyə gedirdik. Bir gün fotoaparat götürüb xalam oğlu ilə Malıbəyliyə, baba ocağıma getdim. O ikimərtəbəli böyük mülkdə başqaları yaşayırdılar. Evin qarşısında dayandım, xalam oğlu şəklimi çəkdi. Həmin mülkün şəkli indi mənim emalatxanamda divardan asılıb".
O, Qarabağa gedəndə geri dönmək istəməyib. Faiq Hacıyev deyir: "Ancaq qayıtmaq məcburiyyətindəydim. Çünki burada məktəbə gedirdim, sonralar işləyirdim. Erməni işğalçıları Qarabağ torpaqlarını ələ keçirdilər. İşğal müddəti uzandı. Əlbəttə ki, o yerlərə qayıdacağımıza ümidim vardı, amma bizim ömrümüzün vəfa edəcəyinə ümidim yox idi. İnanmırdım ki, mən o günü görəcəyəm. Çünki bilirdim ki, çox çətin məsələdir, beynəlxalq aləmdə bizim haqq səsimizi eşitmək istəmirdilər. Atam 2008-ci ildə yurd həsrəti ilə vəfat etdi. Anam isə 2021-ci ildə dünyadan köçdü.
2020-ci ildə qəhrəman Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovdu. Zəfər bayramı oldu. Hələ də o əhval qalır. İşğaldan azad edilmiş ərazilərimizi televiziya verilişlərində göstərirdilər, evdə deyirdim ki, ora getmək istəyirəm. Qismət oldu. Gedib əsirlikdən qurtulmuş Şuşamızı ziyarət etdim. Ordan torpaq və su gətirdim. Anam yaşlı və xəstə idi. Ondan soruşdum ki, Şuşanın suyundan içmək istəyirsən? Suyu yanğı ilə istədi və içdi. Doğmalarımın məzarını ziyarət etdim. İllər öncə nənəmin məzarının yanında atamgil repressiya qurbanı olmuş babamla Böyük Vətən müharibəsindən geri dönməyən iki əmimin simvolik məzarını hazırladı ki, onlar da ziyarət edəcəyimiz yer olsun. Qarabağdan gətirdiyim torpağı və suyu atamın, nənəmin və babamla əmilərimin məzarları üstünə səpdim. Artıq Qarabağa yol açılıb. İstəyirəm o yerlərə gedim və günlərlə qalım, gəzib-dolaşım".
O, bundan sonra da Qarabağ atları mövzusunda əsərlər yaratmaq arzusundadır. Heykəltaraş deyir: "Mən atçılığın tarixi ilə çox maraqlanmışam. İnternetdən müxtəlif dillərdə olan məlumatları oxuyuram. Azərbaycana gəlincə isə, Ağdam atçılıq zavodu 1940-cı illərin sonlarında yaradılıb. Ondan sonrası məlumdur. Mən istəyirdim ki, daha qədimi öyrənim. Araşdırdım, nəticədə öyrəndim ki, 1817-ci ildə Almaniyadan gəlib atçılığın inkişafı üçün Qarabağdan 25-ə yaxın at alıb aparıblar. Almanlar çox səliqəli və dəqiq şəkildə atların adını, boyunu, rəngini, necə saxlanıldığını, neçə bala verdiklərini qeyd ediblər, rəsmləri də var. Topladığım materiallar əsasında 2016-cı ildə Vasif Quliyevin redaktorluğu ilə "Şuşa" nəşriyyatında "Qarabağ atları tarixdə və incəsənətdə" adlı kitab nəşr etdik".
2017-ci il martın 25-də Belçikanın Ham şəhərində heykəltaraş Faiq Hacıyevin yaratdığı "Qarabağ atı" adlı abidə qoyuldu. Belə ki, Azərbaycan Atçılıq Federasiyasının köməyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edildi və şəhərin mərkəzi meydanında ucaldıldı.
Bu ilin may ayında isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul etdi. Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi - "Şöhrət" adlı Qarabağ atı təqdim olundu. Həmçinin Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı "Alxan" adlı Qarabağ, "Qalxan" adlı Dilbaz atlarının heykəlləri Kraliçaya hədiyyə edildi.
Faiq Hacıyev araşdırmalarını davam etdirir. Araşdırmalarının nəticəsi olaraq Azərbaycanda atçılığın tarixini əks etdirən yeni bir kitab hazırlayıb təqdim etməyi düşünür. Arzuları çoxdur. Onlardan biri də bu ilin payızında ilk fərdi sərgisini keçirməkdir. Uzun illər Azərbaycanda və bir sıra xarici ölkələrdə keçirilən müxtəlif beynəlxalq sərgilərdə iştirak edib. Heykəltaraş ilk fərdi sərgisini həm də 65 illiyində yaradıcılıq hesabatı olaraq nəzərdə tutub.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 1 iyul.- S.10.